1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
31.12.2016/№51

 
 
 
 
 
 

 

 


Bakı Dövlət Universitetində

Bakı Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan həmrəylik gününün tarixindən, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığından danışıb. Qeyd edib ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, böyük uğurlara imza atır. Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi hər birimizi sevindirir. Odur ki, bundan sonra da hamımız həmrəy olmalı, dövlətimiz və dövlətçiliyimizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq. Bu bayramın bütün dünya azərbaycanlıları tərəfindən zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən rektor Abel Məhərrəmov hər iki bayram münasibətilə bütün xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn yeni ildə uğurlar arzulayıb.
Sonra sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və tarix fakültəsinin müəllimi Səidə Quliyevanın çıxışları dinlənilib.
Tədbir bədii hissə ilə davam edib.

Mətbuat xidməti

Sumqayıt Dövlət Universitetində

Dekabrın 28-də Sumqayıt Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları foyedə tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə SDU-nun rektoru, professor Elxan Hüseynov açaraq Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Rektor dünya azərbaycanlılarının həmrəyliyi ideyasının ölkəmizdə dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam edib. Respublikamızın tanınmış sənətçiləri və universitetin “Səma” rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə kollektivi təbrik ediblər.

Mətbuat xidməti

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində

Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev yeni tədris ilinin tələbələrin həyatında çox əlamətdar olduğunu bildirib.
Tədbirdə rektor, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tələbələri təbrik edib. 2016-cı ildə görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb. 2016-cı ildə ADNSU-nun tələbələrinin bir sıra nailiyyətləri olduğunu qeyd edən rektor ali məktəbin nümayəndələrinin iştirak etdikləri intellektual oyun, futbol və digər yarışmalarda fərqləndiklərini və uğur qazandıqlarını vurğulayıb. O, 2017-ci ilin daha uğurlu olacağına ümidvar olduğunu qeyd edib.
Sonra rektor, professor M.Babanlı İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbə həmkarlar komitəsinə ilin həmkarlar komitəsi mükafatını təqdim edib.
Tədbirdə həmçinin Rəsmi Azərbaycan Regional Şən və Hazırcavablar Klubunun liqasında birincilik qazanmış ADNSU-nun “Azneft” Şən və Hazırcavablar Klubu üzvlərinə mükafatlar təqdim olunub.
Tədbirin bədii hissəsində ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə konsert proqramı baş tutub.

Mətbuat xidməti

Naxçıvan Dövlət Universitetində

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi Naxçıvan Dövlət Universitetində ənənəvi bayram şənliyi ilə qeyd olunub.
Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Həmrəylik Gününün tarixindən, 1989-cu ildə Naxçıvanda baş verən ictimai-siyasi proseslərdən, milli azadlıq hərəkatının geniş vüsət almasından, ümummilli lider Heydər Əliyevin milli ideologiyanın təbliğindəki əvəzsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, məlum hadisələr Azərbaycan diasporunun mütəşəkkil şəkildə təşkilatlanmasında, müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşməsində mühüm rol oynayıb. Rektor, başa çatmaqda olan 2016-cı ildə universitetin elm, təhsil, dünyaya inteqrasiya, mədəniyyət və idman sahəsində qazandığı uğurlardan bəhs edib, çoxsaylı pedaqoji kollektivə və tələbələrə bayram təbriklərini çatdırıb.
Sonra maraqlı ssenari əsasında hazırlanan bayram şənliyi başlayıb. İncəsənət fakültəsinin tələbələrindən Rüstəm İbrahimov, Ləman Vəliyeva və Məhərrəm Quliyevin, Naxçıvan Muxtar Respublikasında keçirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi - 2016”nın qalibi Yusif Hacıyevin, vokal qrupunun oxuduğu mahnılar, “Ziya” instrumental ansamblının təqdim etdiyi rəngarəng musiqi nömrələri tamaşaçı alqışları ilə qarşılanıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında 2016-cı ildə keçirilən yarışın qalibi, universitetin “Karvan” Şən və Hazırcavablar Komandasının yumoristik səhnəcikləri tamaşaçılarda şən əhvali-ruhiyyə yaradıb.

Mehriban SULTAN

Azərbaycan Texniki Universitetində

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətini diqqətə çatdırıb. Rektor əvəzi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və digər ölkələrdə geniş qeyd olunduğunu bildirib.
Müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyi vurğulanıb. Rektor əvəzi ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini xatırladaraq xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.
AzTU-nun konstruksiya materialları kafedrasının müdiri Arif Məmmədov yerləşdiyimiz regiondakı geosiyasi vəziyyət, xüsusi ilə mənfur qonşularımızın bizə qarşı anti-təbliğat kampaniyalarına tutarlı cavab vermək üçün həmrəyliyin çox önəmli olduğunu bildirib.
Tədbirdə universitetin ictimai işlərində fəallıq göstərən tələbələr AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Gənclər Təşkilatının və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin sertifikatı və müxtəlif hədiyyələri ilə mükafatlandırılıblar.
Sonra tələbələrin hazırladığı maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Mətbuat xidməti

“Gənc istedadlar” liseyində

Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin 5-ci sinif şagirdlərinin təqdimatında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib. Liseyin təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramova şagirdləri və onların valideynlərini salamlayaraq, hər iki bayram münasibətilə direktor, professor Qasım Hüseynovun təbriklərini çatdırıb, yeni ildə uğur və xoşbəxtlik arzulayıb. Liseyin 5-ci sinif şagirdlərinin aparıcılığı ilə davam edən tədbirdə bir-birindən maraqlı təqdimatlar olub. Belə ki, BDU-nun tələbəsi Əlihüseyn Quluzadənin ifasında “Azərbaycan” mahnısı təqdim edildikdən sonra liseyin şagirdləri “Azərbaycanlıların Həmrəylik Günü”, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şeirlərini səsləndirib, rəqslər ifa edib, mahnılar oxuyublar. İdmançı şagirdlərin taekvondo və gimnastika hərəkətlərinin nümayişindən sonra 2016-cı ilin yekunu olaraq liseydə keçirilən müsabiqələrin nəticələri açıqlanıb. 5-ci siniflərin hər biri ayrı-ayrı nominasiyalar üzrə qalib olublar. Direktor müavini Məleykə Bayramovanın müsabiqə qaliblərini təbrikindən və diplomlarını təqdim etməsindən sonra uşaqlar Şaxta baba ilə rəqs edib “Yallı” gediblər.

Qafqaz Universitetində

Qafqaz Universitetində müəllim-tələbə heyətinin iştirakı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş “Öndərin arzusu - Bütöv millət” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Havar Məmmədov iştirakçıları salamlayıb və bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, ildən-ilə geniş vüsət alaraq dünyanın bir çox ölkəsində soydaşlarımız tərəfindən qeyd olunan bayram ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nümunələrindən biridir. 2001-ci ildən təşkil olunan Dünya Azərbaycanlılarının qurultayı dövlətimizlə xaricdə yaşayan soydaşlarımızın bir -birini dəstəkləməsinin əyani sübutudur. Möhtərəm Prezidentimiz İlham Əliyev xarici səfərlərində orada yaşayan soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır. Soydaşlarımız da ölkə rəhbərinin onlara olan diqqətindən faydalanaraq yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməklə ölkəmizi layiqli təmsil edirlər.
Milli Məclisin deputatı, professor Musa Qasımlı tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, soydaşlarımızın xarici ölkələrə getmələrinin tarixi mərhələlərindən danışıb.
Tədbirin bədii hissəsində universitetin mədəniyyət şöbəsinin koordinatoru Vüqar Məmmədov və tələbələrdən ibarət bədii özfəaliyyət qrupları milli mahnı, şeir və rəqslər ifa edərək tədbir iştirakçılarını həmrəyliyimizin möhkəmləndirilməsinə töhfə verməyə səsləyiblər.

Mətbuat şöbəsi

Bayram münasibətilə baxış-sərgi

Dekabrın 25-də Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib.
Təhsil Nazirliyi əməkdaşlarının, Şuşa və Xətai Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirak etdiyi tədbirdə mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət baxış-sərgisi nümayiş olunub. Əl işləri yolka ağacına və qış fəsli üzrə nağıl personajlarına aid olub.
Sonra “Təbəssüm” Uşaq Musiqili Teatrı çıxış edib, nağaraçılar qrupunun ifası, milli və dünya xalqlarının rəqsləri qonaqların rəğbəti ilə qarşılanıb.
Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək xoş arzularını bildirib.

www.edu.gov.az

129 nömrəli tam orta məktəbdə

Bakıdakı 129 nömrəli tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Bizim ellər” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Quliyeva ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin zəruriliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etməsindən danışıb. O, Azərbaycançılıq ideologiyası, Vətənə bağlılıq duyğularının daha da genişlənməsi və dərinləşməsindən ibarət olan və ulu öndər Heydər Əliyev tərəfindən təsis olunmuş bu əlamətdar gün və yeni, 2017-ci ilin gəlişi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Aparıcılar dünyanın hər yerində yaşayan soydaşlarımızın həmrəylik gününü qeyd etdiklərini söyləyərək mərasim iştirakçılarını bayram münasibətilə təbrik ediblər. Qeyd edilib ki, bütün dünya azərbaycanlıları həmrəylik nümayiş etdirərək bu günü böyük qürur və iftixar hissi ilə qeyd edirlər.
Şagirdlərin sevincinə qoşulan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Fərman Abdullayev və başqaları belə tədbirlərin təhsil ocaqlarında keçirilməsini müsbət qiymətləndirib və bu tədbirin yüksək səviyyədə təşkilinə görə ibtidai sinif müəllimi Elmira Hüseynovaya təşəkkürlərini bildiriblər.
Şagirdlərdən Nərmin, Fatimə, Leyla, İlham, Günel və 6 yaşlı Fuad həmrəylik gününə aid söylədikləri mahnılarla, şeirlərlə, göstərdikləri səhnələrlə tədbiri unudulmaz xatirəyə çeviriblər.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴