1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.01.2017

// 14.01.2017



“Mənim müəllimlərə üç nəsihətim var...”
31.12.2016/№51

 

 


Humanist pedaqogikanın canlı əfsanəsi, akademik Şalva Amonaşvili ilə söhbət

Məlum olduğu kimi, Bakıda humanist pedaqogika üzrə 5 günlük konfrans-seminar keçirilib. Təhsil ictimaiyyətimiz tərəfindən böyük maraqla qarşılanan seminarların və humanist pedaqogika üzrə oxuların müəllifi müasir humanist pedaqogikanın banisi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Aleksandroviç Amonaşvili olub. Konfransın sonuncu günündə akademik Şalva Amonaşvili “Azərbaycan müəllimi” qəzetinə müsahibə verdi. Öncə qəzetimizin fəaliyyəti, yaranma tarixi barədə məlumat alan akademik ölkəmizdə belə bir qəzetin nəşr olunmasını rəğbətlə qarşıladı və təhsil həyatındakı mühüm rolunu yüksək qiymətləndirdi. Vətəni Gürcüstanda “Xalq təhsili” adlı qəzetin nəşr olunduğunu, lakin ötən əsrin 90-cı illərində, öz təbirincə desək, məhv edildiyini ürəkağrısı ilə qeyd etdi. O, qəzetimizin bütün təhsil müəssisələrində yayılması və müəllimlər üçün masaüstü mənbə olmasına ürəkdən sevindiyini ifadə etdi. Akademiklə söhbətimizə isə 5 günlük seminarın təhsil ictimaiyyətimizdə necə qarşılanması və ümumiyyətlə, Bakıda keçirdiyi görüşlərlə bağlı təəssüratları ilə başladıq.

- Bakıda keçirilən seminarlarla bağlı təəssüratlarım boldur. Mən, ilk növbədə, tədbirin belə yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, ADPU nəzdində Pedaqoji Kollecin rəhbərliyinə minnətdarlığımı çatdırmaq istəyirəm. Eləcə də tədbirlərdə çox fəallıqla iştirak etmiş Azərbaycan müəllimlərinə təşəkkür edirəm. Mən 2 il əvvəl Azərbaycanın təhsil naziri ilə də görüşmüşəm. Bizim çox səmimi görüşümüz oldu. Mən humanist pedaqogika ilə bağlı plan və niyyətlərimi açıqladım. Görüşdə mən Azərbaycanın təhsil sistemində çox ağıllı islahatların aparıldığını qeyd etdim.
Azərbaycan müəllimlərinin humanist pedaqogikaya münasibəti və keçirilən seminarlarda iştirakı barədə nə deyə bilərəm? Mən birinci dəfə deyil ki, ölkənizdə səfərdəyəm. Ötən əsrin 80-ci illərində də Bakıda olmuşam. O vaxt Azərbaycan müəllimləri ilə çoxsaylı görüşlərim olubdur. Daha sonra isə 2014-cü ildə Bakıya səfər etmişəm, artıq üçüncü dəfədir ki, ölkənizdəyəm. Mən ilk növbədə bunları deyə bilərəm: müəllimləriniz seminarlara böyük təşəbbüskarlıq və maraqla yanaşırlar. Bu məni çox sevindirir. Bütün bunlar xoşuma gəlir. Artıq ADPU nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində Respublika Humanist Pedaqogika Mərkəzi açılıb. Biz mərkəzin açılışında iştirak etdik. İlk respublika pedaqoji oxu seminarları keçirdik. Əlbəttə, bunlar ilk addımlardır. İnsanları humanist pedaqogika ilə bağlı ideyaları dərhal qəbul etməyə məcbur etmək olmaz, bu, tədricən baş verməlidir. İnsanlar humanist pedaqogika ideyalarını özləri qəbul etməlidirlər. Ümid edirəm ki, bir neçə ildən sonra bu cür tədbirlər və pedaqoji dərslər daha geniş miqyasda baş tutacaq. Siz özünüz də bunun şahidi olacaqsınız. O zaman, inşallah, başqa cür müsahibə olacaq (gülümsəyir).
Humanist pedaqogika ideyaları çox dərindir. Müəllimlər başa düşürlər ki, təhsildə nəyisə dəyişmək lazımdır. Lakin hər müəllim nəyi və necə dəyişməyin yolunu tapa bilmir. Buna görə də müəllimlərə kömək etmək, onlara dəstək göstərmək lazımdır. Bu gün burada baş verənlər də bunun əyani sübutudur. Mən çox xoşbəxtəm ki, bu gün ölkənin ən qocaman pedaqoji universitetindəyəm, müəllimlərinizin arasındayam. Mən görürəm ki, konfranslarla bağlı universitet rəhbərliyi çox nikbin əhvali- ruhiyyədədir. Müəllim hazırlığını dəyişməyin vacib olduğunu o da görür və humanist ideyaların müəllimlər arasında yayılmasını dəstəkləyir.
- Müəllimlərimiz, eləcə də oxucularımız üçün də maraqlı olardı - humanist pedaqogika nədir?
- Bəli, əlbəttə, mən əvvəlcə humanist pedaqogika barədə ümumi məlumat verim. İndi hamı humanist müəllimdən, müəllimin humanistliyindən danışır. Tutaq ki, mən 500 müəllimin iştirak etdiyi seminar təşkil edir və onlara belə bir sualla müraciət edirəm: aranızda humanist olmayan müəllim varmı? Onların hamısı “yox” deyir. Biz hamımız humanist müəllimlərik! Bilirsinizmi, humanist anlayışı bu gün materialist kimi başa düşülür. Bu mənada biz hamımız humanistik. Səmimi, xoşrəftar, mehriban, bir-birinə xətər yetirməyən insanlarıq. Heç kimə pislik etmirik. Uşaqlara “2” yazmırıq, onlara qışqırmırıq. Bəzən isə uşaqlara ürəkdən yanmağı bacarırıq. Bax, bütün bunları biz humanizm hesab edirik.
Məzmuna gəldikdə isə, o əsasən müəllimin şəxsiyyəti ilə bağlıdır. Orta məktəblərdə, deyək ki, tarix, ədəbiyyat, dil dərsləri keçilir, bunlar təhsilin humanistləşməsi deməkdir. Əlbəttə ki, humanitar fənlər var, eləcə də fizika-riyaziyyat dərsləri də var.
Lakin humanistliyin tam fərqli mənası var. Bu sözün əsasında, kökündə tarixi məna var. Bu o deməkdir ki, insan Allahla əlaqə axtarır. O özünü dərk edir, özünü dərk edə bilən insan isə humanist insandır. Biz buna diqqət yetiririk. Humanist pedaqogika o demək deyildir ki, tədris proqramları, daha çox humanitar sahəyə, tarixə aid olsun və yaxud biz müəllimlər uşaqlarla münasibətdə daha mehriban olaq, onlara qarşı kobudluq etməyək. Bunlar deyil humanist pedaqogika. Humanistlik daha dərin məna daşıyır. Yəni, müəllim həyatın mənasını, ruhunu özündə axtarsın. Və bunu axtarıb tapmaqda şagirdlərinə kömək etsin. Eyni zamanda bütün fənlərin köməyi ilə şagirdləri bu yolda istiqamətləndirsin. Humanist pedaqogika budur, onun daha dərin kökləri var. Bu, müəllimin şəxsiyyəti, tədris vəsaitləri, proqramlar deyil, onlar ikinci planda çıxış edir.
- Deyək ki, məktəb təhsil sistemində tədris proqramları, standartlar, ev tapşırıqları var. Humanist pedaqogikanın bu sistemdə yeri hardadır?
- Tədris vəsaitləri, dərsliklər, ümumiyyətlə, təhsilin məzmunu - bütün bunlar ümumtəhsil prosesinin bir hissəsidir. Digər bir hissəsi isə uşaqlardır. Bütün imkanlardan, mənəvi, psixoloji də daxil olmaqla istifadə etməklə uşaqlar bu mədəniyyəti mənimsəməlidirlər. Bu mədəniyyət onun daxili aləmində yer almalıdır. O, bütün bunları özünün varlığında yerləşdirə bilməz. Ona görə də onların arasında bir vasitəçi kimi müəllim dayanır. Uşaq məktəbə gedir, dərs oxuyur. Uçaq pəncərəyə baxdığı kimi müəllimə baxır və bu məzmunu görür. Müəllim isə şagirdə, onun gözlərinə baxır, ona nə lazım olduğunu müəyyən edir. Uşağın gözlərində təşəbbüskarlığı, marağı görə bilən müəllim ona forma və məzmun, zəruri məntiq verəcək ki, uşaq onları həm başa düşsün, həm də sevinsin. Nəticədə onu istiqamətləndirə bilsin. Müəllim bu mərhələdə bir vasitəçi kimi uşağa tədris proqramlarını, fənləri, bilikləri mənimsəməkdə kömək etməlidir, lakin bütün bunları o, həm də öz üzərindən keçirməlidir. Bu isə artıq müəllimin problemidir. Əgər müəllim mehriban, həssasdırsa, sevgisini əsirgəmirsə, xoşməramlıdırsa, humanistdirsə, onun verdiyi biliklər yeni keyfiyyətdə üzə çıxacaq. Tutaq ki, şeiri siz də əzbərləyirsiniz, mən də. Mənim şeiri əzbərləmək zövqüm var, bəlkə sizin yoxdur. Buna baxmayaraq, şeiri siz də əzbər öyrənə bilirsiniz. Beləliklə də fərqlər yaranır. Bu kimdən asılıdır? Məhz vasitəçi qismində çıxış edən müəllimdən. Əgər müəllim qurudursa, materialı sönük tədris edirsə, proqramlar da sönük və qurudur. Bu isə uşağın xoşuna gəlmir. Çünki onda motiv yaranmır. Nəticədə şagird proqramı mənimsəməkdə çətinlik çəkir. Baxmayaraq ki, proqram heç də çətin deyil. İndi mən sizə bir sual verim. Əgər sevimli müəlliminiz olubsa, necə oxuyubsunuz?
- Əlbəttə, əla oxumağa çalışmışam.
- Sevmədiyiniz müəllim olubmu, ancaq səmimi deyin...
- Xatırlamıram, ancaq yaxşıları yadıma düşür.
- Əlbəttə, yaxşıları xatırlayacaqsınız. Bütün uşaqlar yaxşı müəllimləri xatırlayır. Məsələnin mahiyyəti də məhz bundadır ki, biz yaxşı müəllimləri xatırlayacağıq. Digərləri isə, sadəcə, dərsverənlərdir. Yaxşı müəllim uşağın gözündə alov yaradır. Bəzi müəllimlər də uşaqlar kimi “əla”çıdır, bəziləri isə “2” alandır, lakin məktəbdə işləyir. O, başqa işə keçə, bəlkə də daha artıq əməkhaqqı ala bilər. Başqa bir müəllimə isə nə qədər artıq əməkhaqqı versən, o, uşaqlardan ayrılmayacaq. Demək, onlar fərqli müəllimlərdir. Lakin bu cür müəllimlər azdır. Onlar elə oradadır, “2 alan müəllim”lərlə bir yerdədir. Bizə məhz onların sayını artırmaq lazımdır. Onları yüksəltmək vacibdir. Müəllimlərimiz əlimizin barmaqları kimi fərqlidirlər. Onları alovlandırmaq lazımdır.
- Humanist pedaqogika baxımından uşaqların mənəvi tərbiyəsi nə dərəcədə aktualdır?
- Mən elə düşünürəm ki, Sovet İttifaqının süqutundan sonra mənəviyyat anlayışına da yol açıldı. Əvvəllər bu sözü deməkdən qorxardılar. Sovet dövründə “mənəviyyat” yalnız ədəbiyyat, kitab sözü idi. Humanist pedaqogika üçün mənəviyyat əsasdır, bizə mənəviyyatlı humanizm lazımdır. Mənəviyyatlıq nədir? Mənəviyyatın əsasında inam, daha dəqiq desək, Tanrıya inam dayanır. Özündə işıq təcəssüm etdirən bir inam. İnamdan baxdıqda mən Allahın hissəciyi kimi sizi görürəm. Bizim aramızda Allah dayanıb. Mən Tanrıya üz tutanda səni görürəm. Bu, mənəviyyatdır. Uşaqları da mənəviyyat ruhunda tərbiyə etmək lazımdır. Mən Allahın bir yaratdığıyam, kiçik hissəciyiyəm. Məni təhqir edib döyəcəksiniz, söyəcəksiniz, baxmayaraq ki, sizin şagirdinizəm? Ev tapşırıqlarını yerinə yetirmədiyimə görə mənə qəzəblənəcəksiniz? Ancaq axı mən balacayam, Tanrının yaratdığı körpəyəm. Allah adına mənə kömək et. Məni öyrət, səbirli ol, axı mən də öyrənməliyəm, böyüməliyəm!
Mənəviyyat bax, budur! Mənəviyyat olmadan məktəb saralıb -solar. Bu cür məktəbin heç bir perspektivi yoxdur. D.Uşinski deyirdi ki, “ağıllı möminlik olmadan məktəb öz vəzifələrini yerinə yetirə bilməz”. Söhbət hər hansı dini fanatizmdən yox, rahat, sakit bir dini etiqaddan gedir. Mənim Allahım var, mən niyə qışqırmalıyam? Mənəviyyat nə doğurur? İlk növbədə sevgi. O, məhəbbət, şəfqət, mərhəmət, səbr, dözüm tələb edir. Bunlar isə şəxsiyyət üçün çox yüksək keyfiyyətlərdir. Mənəviyyatını itirdinmi, bütün bu keyfiyyətlər yoxa çıxacaq. Nəticədə quru tədris və bir də orta məktəblərin buraxılış imtahanları qalır. Bu nə deməkdir? Burada nə təhsil var, nə də tərbiyə. Bu, sadəcə tədris prosesidir. Biz isə deyirik ki, uşaqları tərbiyə edirik. Əslində uşaqları öyrədirik ki, onlar buraxılış imtahanını verə bilsinlər. Onlar imtahan verirlər, gələcəkdə yaxşı insanlar da olurlar, lakin bütün yaxşı keyfiyyətləri məktəbdən götürmürlər, ailə ənənələrindən əldə edirlər. Ailədəki yaxşı nənə-babalardan hikmət öyrənirlər. Ailə ənənələri uşaqları öz himayəsinə götürür, məktəb isə kənarda qalır. Bu isə adama çox ağır gəlir, elə deyilmi? Buna görə də məktəb mənəviyyat kontekstində inkişaf etməlidir.
- Müasir müəllim barədə düşüncələrinizi bilmək istərdik?
- 3-4 il əvvəl Rusiyada müəllimlərin standartı haqqında qanun qəbul etdilər. Mən çox sevinirəm ki, Azərbaycanda bu standart yoxdur. Standartda müəllimin malik olmalı olduğu keyfiyyətlər sadalanır. Biz standart müəllim deyirik, ancaq standart nazir, standart həkim, standart hüquqşünas demirik. Deməyim odur ki, insanı standartlaşdırmaq qeyri-mümkündür. Humanist pedaqogika bu gün başlamayıb, minlərlə müəllim bu ideayalardan bəhrələnib.
Biz müəllimin xidmət və şərəf kodeksini işləyib hazırladıq. Kodeksdə 20 bənd sadalanır. Onlardan ən əsasları bunlardır: müəllim hökmən mənəviyyatlı olmalıdır, nələrin baş verməsindən asılı olmayaraq onda gələcəyə işıqlı inam olmalıdır, sevdiklərinə, şagirdinə ürəkdən inanmalıdır. İnam həyatın dayağıdır. Əgər bunlardan heç biri müəllimdə yoxdursa, onda bu cür müəllim humanist pedaqogikaya yaramır, avtoritar təhsil üçün isə yaraya bilər. Müəllim özündə sevgi hissini aşkar etməlidir. O, bütün şagirdlərini eyni dərəcədə sevməlidir. Bu cür müəllim üçün “yaxşı və ya pis şagird” anlayışı yoxdur. “Pis uşaq, yaxşı uşaq” anlayışı da yoxdur. Zəif və ya yaxşı inkişaf edən şagird anlayışı da yoxdur. Bu cür yanaşma uşaqları parçalayır. Necə ola bilər, yaxşı insanları çox, pisləri isə az sevmək? Əslində “pis” adama daha çox sevgi göstərmək lazımdır ki, o da yaxşılardan olsun. Bizim üçün standart belədir: müəllim özünün güclü şagirdi ilə yox, onların da aralarından çıxdığı zəiflərlə fəxr etməlidir. Müəllim öz cəmiyyətinin mədəni üzvüdür. Onun mədəniyyəti, danışığı, xarici görünüşü - o necə yeriyir, əlini necə uzadır- bütün bunlarla müəllim öz xalqını təcəssüm etdirir. Siz, məsələn, müsəlman ölkəsisiniz, dünyanın ən qədim mədəniyyətini təmsil edirsiniz. Əgər dərslər, tədris vəsaitləri, üsullar, müəllimin özü standartlaşarsa, onda biz kimi tərbiyə edirik? Standartlaşmış insanları? Əgər bu yolla getsək, onda 40-50 il geriyə qayıdacağıq.
- Qloballaşma və müxtəlif təhdidlər dövründə humanist pedaqogika necə çıxış edir?
- Qloballaşma dövründə hər şey maddiləşib. Biz hamımız maddi firavanlıq istəyirik. İnsan maşın, ev, yaxşı vəzifə istəyir. Maddiyyat qloballaşmanın təzahür forması kimi meydana çıxır. Artıq maddiləşən şüur formalaşıb. Mən heç də demirəm ki, insanlar firavanlıq istəməsin. Onun yaxşı yaşayış şəraiti olmalıdır. Maşını, bağı, niyə də olmasın? Torpaq məhsuldardır, o hamıya pay verir. Lakin artıq dərəcədə firavanlığa can atanları onların öz şəxsi ləyaqət hissi incidəcək. Bundan ötrü o özündəki bütün müsbət keyfiyyətləri öldürməlidir. Əlbəttə ki, qloballaşma dövründə humanist pedaqogika çox çətin vəziyyətə düşür. Nə edək, humanist pedaqogikanı “konservləşdirək”, hər şey yaxşı olandan sonra onu açaq? Hiss edirsinizmi, bu nə qədər cəfəngdir? Ortada uşaqlar var, əgər onları gözdən qoysaq, sabah nələr olacaq? Deməli, humanist pedaqogika o zaman lazımdır ki, doğrudan da hər şey çətindir. İlk növbədə, insanlara çətindir. İnsan yolayrıcında qalır, hansı yolu seçməli? Bir yolu göstərən olmalıdır ki, onu işıqlı yola çıxarsın. İnsana nə qədər maddiyyat lazımdır? Sənə nə qədər lazımdırsa götür, artıq nəyinə lazımdır? Artıq başağrısıdır. Sənin yaradıcı işlə məşğul olmağın üçün nə qədər lazımdır? İnsan maddi bolluğa çata bilər, lakin ona aparan yol ləyaqət və düzgünlükdən keçməlidir. Humanist pedaqogika bu gün özünün ən mühüm vəzifəsini yerinə yetirir. O, Allahın yaratdığı minlərlə uşağa kömək edir. Tanrı insanı ona görə yaratmayıb ki, o milyarder olsun, kiminsə həyatına qəsd etsin, kiməsə paxıllıq etsin? Biz dünyaya ondan ötrü gəlməmişik.
- Şalva Aleksandroviç, siz Humanist Pedaqogika Mərkəzinin açılışında iştirak etdiniz. Mərkəz barədə nə deyə bilərsiniz?
- Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yaradılmış mərkəzin açılışında mən də iştirak etmişəm. Mərkəz artıq fəaliyyətə başlayıb, ona çox savadlı insanlar rəhbərlik edir. Mərkəz bir növ qərargahdır. Müəllimlər burada toplaşa, müzakirələr apara, fikirlərini bölüşə, təcrübə mübadiləsi təşkil edə bilərlər. Hesab edirəm ki, mərkəz Azərbaycanda müstəsna rol oynayacaq. Çünki həm ADPU-nun rektoru, professor Cəfər Cəfərov, həm də Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov bu mərkəzin fəaliyyətinin genişləndirilməsinə çox maraq göstərirlər. Buna görə də ilk addımlar atılır. Əlbəttə ki, müəllimlər həvəslə mərkəzin işinə qoşulacaqlar. Burada kitablar yazılacaq, humanist pedaqogika ideyalarını yayan, yaradıcı müəllimlər formalaşacaq. Biz bu dəfə Latviya və Rusiyadan ustad dərsləri keçmək üçün müəllimlər dəvət etmişdik. Gələcəkdə isə bu seminarları xaricdən dəvət olunmuş mütəxəssislər deyil, azərbaycanlı müəllimlər özləri aparacaq. Mən ümid edirəm ki, gələcəkdə bu cür konfranslar Azərbaycanın regionlarından, məsələn Naxçıvandan gələn müəllimlər tərəfindən təşkil olunacaq. Artıq bu cür müəllimləri yetişdirmək lazımdır. Bu, baş verəcək.
- Pedaqoji ali məktəblərdə humanist pedaqogikanın tədrisinə necə baxırsınız?
-Əlbəttə, mümkündür. Universitet və ya kollecdə humanist pedaqogika üzrə xüsusi kurslar tədris oluna bilər. Rusiya və Litvada bir çox ali məktəblərdə bu cür kurslar təşkil olunur. Amma qəzet olaraq sizin də öhdənizə bir vəzifə düşür, müəllimlərdən, məktəbdən çox yazın. Müəllimlərlə dialoq qurun. Onların yaradıcı tapıntılarına işıq salın. Əgər bu baş verərsə, onda humanist pedaqogika geniş miqyas alacaq. Humanist pedaqogikanı tənqid etmək lazım deyil, tənqid heç nə verməyəcək. Məsələn, Ömər Xəyyamı, Rumini, Sədini tənqid etmək olarmı?
- Əksəriyyəti müəllimlər olan oxucularımıza nə tövsiyələriniz var?
- Mənim müəllimlərə 3 nəsihətim var. Onları ötən əsrin 60-cı illərində özüm üçün hazırlamışam. Bu vaxta qədər də onlara əməl edirəm, onlar məni bu mərtəbəyə çatdırıblar. Əgər Azərbaycan müəllimləri bu 3 nəsihətə əməl etsələr, onlar məndən də uzağa gedəcəklər. Birinci nəsihət: Uşaq aləminin hüdudsuzluğuna inam. Bu, birmənalıdır! Fəhmsiz uşaq yoxdur, fəhmsiz müəllim var! O müəllim fəhmsizdir ki, bu həqiqətə inanmır. Qoy bu gün bu uşaq mənim üçün məhdud qabiliyyətli olsun, lakin o, düşünə bilir, sabah bugünkü kimi olmayacaq. İnam məsuliyyəti artırır. İkinci nəsihət: Özünün İlahi tərəfindən yaradılmasına inanmalı. Əgər məktəbə dərs deməyə gəlibsənsə, əsl müəllim kimi ol. İşıqlı müəllim ol. Uşaqlara müəllimdən işıq lazımdır. Sən özün də belə olmalısan. Özünü Tanrı inamı ilə uşaqlara həsr et. Kim axtarır, o tapır. Axtarmayan olanını da itirir. Üçüncü nəsihət: Humanist pedaqogikanın gücünə inan. Sevgi, xeyirxahlıq, mərhəmət, şəfqət pedaqogikasına inan. Bu pedaqogika çətindir, hər məqsədə dərhal çatmaq olmur. Əlləri yana sallamaq isə günah olacaq.
Bax, mənim həyatda əməl etdiyim 3 nəsihət bunlardır. Onların hər birini gözəl Azərbaycanın hər bir müəlliminə arzulayıram.

Oruc MUSTAFAYEV,
foto: Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴