1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 11.02.2017

// 11.02.2017

// 11.02.2017


Bölgə xəbərləri
31.12.2016/№51

 

 


Sumqayıt məktəblərində monitorinq aparılıb

Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini Firudin Həmzəyevdən aldığımız məlumata görə, IX sinif şagirdlərinin buraxılış imtahanlarına daha yaxşı hazırlığını təşkil etmək məqsədilə fənlər üzrə alt-standartlara uyğun ümumşəhər monitorinqinin aparılması qərara alınıb. Qısa müddət ərzində müvafiq hazırlıq işləri aparılaraq dekabrın 25-də IX sinif şagirdlərinin ümumşəhər monitorinqi keçirilib. Monitorinq mərkəzləşmiş şəkildə aparılıb və 9 imtahan mərkəzində 3600-dən çox şagird imtahan verib. Əvvəlki illərdən fərqli olaraq, bu imtahanda şəhərin yeni tipli məktəblərinin şagirdlərinə digər ümumtəhsil məktəblərindən bir qədər fərqli suallar verilib. Monitorinqdə şagirdlərə ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual olmaqla, ümumilikdə 60 sualı cavablandırmaq təklif edilib.
Monitorinqin nəticələrinin təhlili bu sahədə mövcud olan çatışmazlıqların aşkar olunmasında və onların aradan qaldırılmasında, habelə buraxılış imtahanına qalan müddət ərzində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır.
Bundan əlavə, yaxın müddət ərzində təhsil şöbəsi tərəfindən şəhərin ən yaxşı ana dili və riyaziyyat müəllimlərinin iştirakı ilə yeni qiymətləndirmə modelinə uyğun açıq tipli test sualları nümunələri hazırlanıb ŞTŞ-nin rəsmi veb səhifəsinə yerləşdirilərək, şagird və müəllimlərin istifadəsinə veriləcəkdir. İnanırıq ki, görülən işlər son nəticədə şəhərin IX sinif məzunlarının buraxılış imtahanlarına daha yaxşı hazırlaşmalarına, həmişəki kimi respublika üzrə ən yüksək göstəricilərə imza atmalarına imkan verəcəkdir.

Zaqatala məktəbliləri konsert proqramı ilə çıxış ediblər

Əsrlər boyu Azərbaycan xalqı tolerantlıq ənənələrinə, başqa dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıb. Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqların vahid ideyasına çevrilib. Bu fikirlər “Multikulturalizm ili” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala nümayəndəliyi və Üçüncü Tala kənd tam orta məktəbi kollektivinin birgə hazırladıqları “Biz azərbaycanlıyıq” adlı tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova və kənd məktəbinin direktoru Alimə Qurbanova multikulturalizmin ölkəmizdə həyat tərzinə çevrildiyini, Azərbaycanda müxtəlif millətlərin, din nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını, onlara öz milli mədəniyyətlərini, adət-ənənələrini sərbəst şəkildə nümayiş etdirmək üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Multikultural dəyərlərin, ənənələrin qorunub saxlandığı Zaqatala rayonunda da qədim zamanlardan müxtəlif xalqların nümayəndələri mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər.
Məktəblilərin ifasında rayonda yaşayan azsaylı xalqların şeir, mahnı və rəqslərindən ibarət konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

“Dayaq-hərəkət aparatı” mövzusunda “açıq dərs”

Abşeron rayonunun Masazır kənd 3 nömrəli tam orta məktəbinin direktoru İlahə Orucova tərəfindən redaksiyamıza daxil olan məlumata görə, məktəbin biologiya müəllimi Elnarə Məhərrəmovanın “Dayaq-hərəkət aparatı” mövzusunda “açıq dərs”i olub. Dərs 8-ci sinif şagirdləri ilə aparılıb. Dərsdə rayon təhsil şöbəsinin kimya-biologiya fənni üzrə metodisti Könül Nəcəfova və fənn müəllimləri iştirak ediblər.
Dərsin məqsədi şagirdlərə insan organizmini təşkil edən sümüklərin quruluşunu və tərkibini, həmçinin sümük birləşmələri və qığırdaqlar mövzusunu öyrətmək olub. Dərs prosesində BİBÖ cədvəli, Venn diaqramı və təqdimatlar üsullarından istifadə olunub.
Öncə müəllim şagirdlərə mövzu ilə əlaqəli slayd göstərib. Sonra şagirdlər qruplara ayrılaraq onlara verilən tapşırıqları yerinə yetiriblər. Dərsdə müəllim qrupların fəaliyyətini qiymətləndirib.
Sonda Elnarə Məhərrəmovanın keçdiyi “açıq dərs” müzakirə olunub.
Təhsil şöbəsinin metodisti Könül Nəcəfova və digər ixtisas müəllimləri də dərsin yüksək səviyyədə keçdiyini, mövzunun şagirdlərə yaxşı mənimsədildiyini bildiriblər.

Göyçayın 23 məktəbi müasir istilik sistemi ilə qızdırılır

Göyçay rayonunda müasir istilik sistemi ilə qızdırılan orta məktəblərin sayı artıb. Rayon mərkəzində 9 məktəblə yanaşı, kəndlərdəki bütün təhsil ocaqlarının da normal qızdırılması təmin edilib.
Hazırda Göyçayda 57 məktəb fəaliyyət göstərir. Onlardan 40-ı tam orta, 13-ü ümumi orta, 4-ü ibtidai məktəbdir. Hər il Göyçayda yeni inşa edilən və ya əsaslı təmir olunan məktəblərdə müasir istilik sistemləri quraşdırılır. Bu günədək rayonun 20 orta məktəbində müasir qazanxana inşa edilib, yeni istilik sistemi quraşdırılıb. Qış mövsümü ərəfəsində həmin məktəblərin qazanxanalarında hazırlıq işləri görülüb. Bundan əlavə, 3 məktəbin dizel yanacağı və elektrik enerjisi ilə qızdırılması üçün istilik sistemi quraşdırılıb. Həmçinin müasir istilik sistemi quraşdırılmayan 34 məktəbdə odun sobalarından istifadə olunur. Təhsil şöbəsinin daxili imkanları hesabına həmin məktəblərə yeni odun sobaları və tüstü boruları, 1000 kubmetr odun paylanıb. Hazırda rayonun orta ümumtəhsil məktəblərində istilik sarıdan heç bir problem yoxdur. Bu da şagirdlərin dərsə davamiyyətinə müsbət təsir göstərir.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴