|
Təhsil
müəssisəsinin 55 illik yubileyi qeyd olunub
Bakı şəhəri 158 nömrəli tam orta məktəbin 55 illiyinə həsr olunmuş
tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim
Mehdiyev, millət vəkili İlham Əliyev, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rektoru Cəfər Cəfərov, akademik Fikrət Əliyev, ümumi
təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər,
şagirdlər, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə
başlayıb.
Sonra məktəbin uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Mehriban Ələkbərova təhsil
müəssisəsinin keçdiyi inkişaf yolundan danışıb. O, məktəbin
məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını,
onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr
verdiyini bildirib. Direktor məktəbin təcrübəli pedaqoji
kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin
təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər
göstərdiyini qeyd edib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Yasamal Rayon
İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, millət vəkili İlham
Əliyev, ADPU-nun rektoru Cəfər Cəfərov və digər qonaqlar son illər
respublikamızda aparılan təhsil islahatlarından söz açaraq,
ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 70-ci illərində
təhsilə verdiyi töhfələr haqqında danışıblar. Bildirilib ki, ulu
öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə
Prezidenti cənab İlham Əliyev də hər zaman təhsilə böyük diqqət və
qayğı göstərir.
Tədris ocağının 55 illik yubileyi münasibətilə məktəb kollektivini
və iştirakçıları təbrik edən məktəbin məzunları təhsil müəssisəsi
ilə bağlı kövrək xatirələrini bölüşüblər.
Tədbir incəsənət ustalarının ifası və şagirdlərin hazırladıqları
ədəbi-bədii kompozisiyalarla davam etdirilib. |
|
“Valideynlər-ilk müəllimlərdir” adlı seminar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə
məktəb-valideyn əlaqələrinə həsr olunan “Valideynlər–ilk
müəllimlərdir” adlı seminar keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva,
“Valideyn qayğısı” Beynəlxalq İctimai Hərəkatının sədri, Rusiya
Federasiyası Federal Məclisi Dövlət Dumasının Təhsil Komitəsinin
nümayəndəsi Klara Şarafovna Mansurova, Latviyadan olan ekspert
Valentina Voyçişa, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva iştirakçıları
salamlayıb, məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti haqqında
söhbət açıb. İdarə müdiri əsas məqsədin valideyn və müəllimlərin sıx
əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsinin səmərəliliyini
artırmaq, valideynlə məktəb arasında yaxşı ünsiyyət mühiti
yaratmaqdan ibarət olduğunu bildirib. Valideynləri təşəbbüskar və
fəal olmağa səsləyən idarə müdiri məktəb-valideyn əməkdaşlığı
çərçivəsində görülmüş işlər haqqında geniş məlumat verib.
M.Vəliyeva onu da bildirib ki, bir qayda olaraq, təhsil prosesi ilə
daha yaxından maraqlanan valideynlərin övladları həmyaşıdlarından
yaxşı nəticə göstərir: “Yəni, valideynlərin övladının təhsilinə olan
həssas münasibəti şagird nailiyyətinə müsbət təsir edir.
Valideynlərin əksəriyyəti uşaqların təhsil və inkişafında onlara
kömək etmək istəyir, lakin hər kəs bunun necə edilməli olduğunu
bilmir. Müəllim və valideynlərin qarşılıqlı anlaşması və onların
bir-birini qarşılıqlı dəstəkləməsi uşağın inkişaf etməsi üçün
əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir. Son
illərdə valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə
əlaqəsini genişləndirmək üçün intensiv işlər görülür. “Məktəb
icmaları”nın yaradılması və digər müvafiq tədbirlər bu istiqamətdəki
davamlı fəaliyyətin nəticəsidir”.
Tədbirdə Klara Şarafovna Mansurova “Təhsil üçlüyü: müəllim, şagird,
valideyn” mövzusunda nümunə seminara moderatorluq edib.
Seminar zamanı keçirilən “Valideynlik məktəbi” laboratoriyasının
əsas məqsədləri açıqlanıb. Qeyd olunub ki, məktəbyaşlı uşaqlarla iş
baxımından valideyn düşüncə və yanaşmasının təkmilləşdirilməsi
davamlı prosesdir.
Valideynlər müvafiq seminarların məktəblərdə də təşkil olunmasının
zəruriliyini önə çəkib, bununla bağlı təkliflərlə çıxış ediblər.
Seminarın sonunda valideynləri maraqlandıran suallara aydınlıq
gətirilib, məktəb-valideyn münasibətlərinin inkişafı ilə bağlı
müzakirələr aparılıb.
www.baku.edu.gov.az |
|