1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Keyfiyyət Azərbaycan təhsilinin prioritetidir
31.12.2016/№51

 

 


Təhsil sisteminin inkişaf tendensiyası fəal və interaktiv metodlar sahəsində müəllif məktəblərinin, novator müəllimlərin iş üsullarına dair toplanan faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələrinin daima sistemləşdirilməsini, ümumiləşdirilməsini və təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Bu problemlərin həlli təhsil sferasına, pedaqoji prosesə fəal və interaktiv metodlar anlayışının elmi əsaslarla gətirilməsini vacib bir problem kimi qarşıya qoyur və bütövlükdə təhsildə texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır. Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin təşkilində fəal və interaktiv metodlardan istifadə olunması prioritet problem hesab edilir. Onların həll olunması üçün yeni pedaqoji araşdırmalara ehtiyac duyulur.
Problemin praktik əhəmiyyəti ondadır ki, interaktiv təlimlər tələbələrin yaddaşının təkcə yeni elmi biliklərlə zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman tələbələr müəllimin nəzarəti ilə xüsusi seçilmiş, asan başa düşülən və yaddaqalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi, onun dünya standartlarının tələbləri səviyyəsinə çatdırılması fəaliyyətin daha çox iki istiqamətdə təşkili ilə səciyyələnir. Birincisi, ölkə daxilində təhsil sahəsində əldə olunan nailiyyətlərin öyrənilib ümumiləşdirilməsi və təhlilindən ibarətdir.
İkincisi, inkişaf etmiş xarici ölkələrin iş təcrübəsindəki mütərəqqi cəhətlərin öyrənilib ümumiləşdirilməsi və milli-mənəvi xüsusiyyətləri nəzərə alaraq tətbiqidir. Son illərdə Azərbaycanda bu istiqamətdə xeyli işlər görülüb. Pedaqoji innovasiyalar kimi öyrənilən bu təcrübələrin keyfiyyət göstəricisi həmin ölkənin vətəndaşlarının ümumi inkişaf səviyyəsi ilə müəyyənləşdirilir və gənc nəsildə formalaşan həyati bacarıqlar ümumi səviyyənin zəruri göstəriciləri kimi çıxış edir.
Təcrübə və müşahidələr sübut edir ki, müasir təlim texnologiyaları üçün aşağıdakılar daha səciyyəvidir:
* müəllimin və tələbənin yaradıcı fəallığa cəlb edilməsi;
* tələbənin aktiv fəaliyyəti zamanı onlara elementar bacarıqların aşılanması;
* müəllimin tələbələrlə və tələbələrin bir-biri ilə əməkdaşlığı;
* hərəkətli, süjetli, didaktik oyunlardan istifadə, sosial bərabərliyin və psixoloji şəraitin yaradılması;
* müəllimin təqdim etdiyi tematik materialın tələbənin yaradıcı təfəkkürünə və milli düşüncə tərzinin formalaşmasına təsir etməsi.
Müasir təlim texnologiyaları tələbələrə aşağıdakı keyfiyyətləri aşılamalıdır:
* müstəqil düşünmək, sərbəst fikir söyləmək;
* təcrübə və biliyini təhlil etmək qabiliyyəti;
* özünüqiymətləndirmə;
* əməkdaşlıq etmək (başqaları ilə işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi);
* başqalarını dinləmək, müxtəlif fikirlərə hörmət etmək və dözümlü olmaq;
* öz fikirlərini arqumentlərlə izah və sübut etmək;
* kreativ təfəkkürün inkişafı;
* birgə həll yollarını müəyyənləşdirmək və qərar çıxarmaq.
Müasir təlim texnologiyaları dərsə qədər hazırlıq prosesində müəllimin, dərsdə isə tələbələrin fəallığını tələb edir. Müasir təlim texnologiyalarının köməyi ilə təlimin təhsilləndirici, inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə büruzə verir və təlimin keyfiyyətinin yüksəldilməsinə səbəb olur.
Fəal təlim öyrənənin idrak fəaliyyətinə əsaslanır və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlığı nəzərdə tutur. Çox vaxt bu anlayışın sinonimi kimi “interaktiv təlim metodları” anlayışından istifadə olunur. Belə ki, “interaktivlik” termini dialoqu, qarşılıqlı təsiri bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin “problem - dialoji”, “problemli”, “evristik təlim” anlayışlarından da istifadə olunur.
Fəal (interaktiv) təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:
* müəllim tərəfindən şüurlu surətdə idraki problem situasiyasının yaradılması;
* problemin həlli prosesində tələbənin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
* tələbələr üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim tələbənin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman tələbələr müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
Tələbənin mövqeyi - “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir.
Müəllimin mövqeyi - fasilitator (“bələdçi”, “aparıcı”) mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.
Fəal (interaktiv) təlim metodları aşağıdakı spesifik xüsusiyyətlərə malikdir:
* Təlimin subyekt- subyekt xarakter daşıması;
* Tələbənin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;
* İştirakçıların dərs zamanı fəallığı;
* Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi;
* Düşündürücü və istiqamətləndirici suallar vasitəsilə tələbələrin yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi;
* Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi;
* Dərsin dialoq şəklində aparılması, əks-əlaqənin yaradılması;
* Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət.
Dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsildə aparılan islahat məhz həmin zərurətdən yaranmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etmək başlıca vəzifə kimi qarşıda durur.
Yeni pedaqoji təfəkkürün başlıca prinsipləri demokratikləşmə, humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsidir.
İnteraktivlik təlim prosesində müəllim və tələbə arasında işin gedişindən-mövzudan, şərhdən, dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma, izah, dialoq və s.-dən asılıdır. Yəni bu tərz əvvəldən planlaşdırılmır, işin - təlim prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox tələbənin müstəqilliyi, müdaxiləsi ilə baş verir. Digər tərəfdən, interaktivlik tələbələrin özləri arasında da ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən öyrənənlər və öyrədən eyni hüquqlu mövqedə dayanırlar. Təbii ki, müəllim öyrədən olaraq bələdçi, fasilitator, məsləhətçi funksiyasını yerinə yetirir: şagirdlərin işlərinə müdaxilə etmədən problemləri qoyur, istiqamət verir, nəzarət edir, axtarış istiqamətlərini hazırlamağa kömək edir, amma təlim tapşırıqları üzərində uşaqlar özləri birlikdə - öz aralarında tədqiqat aparır, diskussiya apararaq işləyirlər.
Fəal (interaktiv) təlim metodlarının tədris prosesinə daxil edilməsi tələbələrin passivliyinin aradan qaldırılmasına, lazım olan təffəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.
Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. “Ağıllı lövhə”, həmçinin kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir. (Cədvəl1)

Əsas interaktiv təhsil metodları aşağıdakılardır:
Keys (case) metodu - İlk dəfə 1920-ci ildə Harvard Universitetində tətbiq edilmişdir. Bu metodda əsas məqsəd baş vermiş işgüzar hadisəni incəlikləri ilə tələbələrə təsvir edərək onun nəticələrini diskussiya formasında müzakirə etməkdir. Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkətverici amillərinin aşkara çıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir.
Rol oynama metodu - Bu metodda əsasən işgüzar mühiti canlandırmaq məqsədi ilə tələbələrə fərqli səviyyələrdə müəyyən rollar verilir. Hadisə tələbələrin iştirakı ilə səhnələşdirilir. Nəticələr müzakirə olunur.
İn-basket metodu - Bu metodda əsas məqsəd işgüzar mühiti canlandırmaq məqsədi ilə xəyali olaraq müəssisədə rəhbərlik rolunun ayrı-ayrı tələbələrə həvalə edilməsidir. Müəssisə ilə əlaqədar xüsusi məlumatlar rəhbərlik rolunun icraçılarına verilir və onların xüsusi işgüzar vəziyyətlərdə qərarları müzakirə olunur. Müzakirələrin sonunda müəllimin də iştirakı ilə düzgün qərarlar və onların nəticələri müzakirə olunur.
Karusel sistemi - Tələbələrin fərdi sorğulanması. Eyni suala qrup daxilində tələbələrin fərdi (anonim) cavab verməsi.
Kublaşdırma - Tələbələri eyni mövzu ətrafında altı cür müxtəlif sual verməyə və onlara cavab tapmağa dəvət edən üsuldur.
Ziq-Zaq - Birgə qarşılıqlı təlim strategiyasıdır. Yəni, tələbələrin qruplara bölünərək eyni zamanda müəllim və tələbə rolunda informativ mətni qavramasıdır.
Sinkveyn - 5 sətirlik qafiyəsiz şeir. Yəni, tələbələri mövzunu təsəvvür etməyə yönəldən vasitə kimi istifadə edilir.
Əqli hücum (Beyin həmləsi) - Əvvəlcə məhdudiyyət qoyulmadan mövzuya aid çoxlu ideyanın azad şəkildə yaranması.
Son illər respublikamızda interaktiv təlim metodlarının mənimsənilərək iş prosesinə tətbiqi sahəsində müəyyən nəticələr əldə olunmuşdur. Tədris prosesində fəal-interaktiv təlim texnologiyalarının tətbiqi dərslərin səmərəliliyini yüksəldən ən vacib şərtlərdəndir.
Azərbaycanın böyük təhsil ocaqlarından biri olan UNEC-də də keyfiyyətli təhsilin həyata keçirilməsi istiqamətində kompleks tədbirlər reallaşdırılır. Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləşdirir.
Qeyd etmək lazımdır ki, UNEC ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə beynəlxalq sertifikatı olan yeganə dövlət tədris müəssisəsidir. UNEC-in əsas missiyası müasir innovativ sistemlərə əsaslanaraq yüksəkixtisaslı iqtisadçı və menecerlərin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların aparılması, “biliklər iqtisadiyyatı”nın inkişafına və ölkəmizin sosial-iqtisadi tərəqqisinə töhfələr verməsidir.
Universitetdə fəaliyyət göstərən Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi, eləcə də keyfiyyət elçiləri davamlı olaraq tədrisin monitorinqini həyata keçirirlər. Tədrisin keyfiyyətinin artırılması məqsədilə “Elektron Universitet Modeli” yaradılmışdır ki, bu da tədris prosesinin təşkili, onun nəticələrinin qiymətləndirilməsi və idarə edilməsini təmin edir. Fakültələrdə keyfiyyətli təhsilin strateji hədəfləri müəyyənləşdirilmişdir və onların icra vəziyyətinə nəzarət olunur.
Qeyd edilən amillər universitetimizdə keyfiyyətli təhsilin inkişafını təmin etməklə yanaşı, nəticəyönlü və şəffaf idarəetmə modelinin, keyfiyyətin təminatı və idarə olunması üzrə yeni məlumat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.
Fikrimizi müdrik bir kəlamda deyildiyi kimi yekunlaşdırmaq istərdik: “Hər şey yoldan başlayır... Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə bu yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı da elə bu məramla yetişir”.

H.HƏMİDOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru,
A.HÜSEYNLİ,
Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru

yuxarı ⤴