1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
Elmi-pedaqoji kadrların hazırlanması günün aktual problemidir
31.12.2016/№51

 

 


Hər bir ölkənin düşünülmüş təhsil sistemi o ölkənin uğurlu gələcəyini müəyyən edir. Hazırda iqtisadi, siyasi, mədəni inteqrasiya və unifikasiya prosesi keçən dünyada universal dəyərləri olmayan təhsil sisteminin milli ideallarının gerçəkləşdirməsi qeyri-mümkündür. Eyni zamanda, sülhü, azadlığı, ictimai ədaləti və rifahı təmin etməyin başlıca vasitəsi olan təhsil sisteminin düzgün qurulması əsas şərtlərdən biridir. Ölkəmizdə ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura və dissertantura təhsili elmi və pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir və bu, ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılmış proqramlarla həyata keçirilir. Qloballaşma insanların təfəkkürünün varlığın yeni reallıqlarına uyğunlaşmasını irəli sürür, genişmiqyaslı informasiyanı təhlil edə bilərək operativ qərar qəbul edən, dövlətin bir çox vacib sahələrinin gələcəyini müəyyən edə bilən yeni nəsil kadrların hazırlanmasını diktə edir. Bu şəraitdə ali təhsil sistemi xüsusi funksiya yerinə yetirir, çünki təhsil siyasəti elə şəkildə yenidən qurulmalı olur ki, informasiya-texnoloji, texniki, mədəni sahələrdə innovasion proseslərin artan sürəti şəraitində düzgün istiqamət götürmək qabiliyyətinə malik olan mütəxəssislər hazırlana bilsin.
Ümummilli lider Heydər Əliyev hələ keçən əsrin 70-ci illərində informasiya texnologiyalarının inkişafının insan həyatında mühüm dəyişikliklərə səbəb olacağını hiss edərək bu sahəyə xüsusi diqqət yetirmiş və bugünkü inkişafın təməlini qoymuşdur. Heydər Əliyev qeyd edirdi ki, dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar.
XXI əsrin əvvəllərində siyasi və iqtisadi sahələrdə Azərbaycanın potensialının güclənməsi əhalinin rifahının yüksəlməsinin əsas şərtlərindən biri oldu. Qloballaşma yolu ilə gedən müasir dünya qarşısında duran beynəlxalq rəqabətə tez uyğunlaşmaq bacarığı, onun uğurlu və davamlı inkişafı da mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Yüksək səviyyədə inkişaf etmiş ölkələrin rəqabət üstünlüyü başlıca olaraq təhsillə müəyyənləşən insan potensialının inkişafı ilə bağlıdır. İndiki zamanda ölkəmizin iqtisadi inkişafının təminatı da məhz bu sahədən asılıdır. Hazırda təhsil sahəsində sürətli dəyişikliklər baş verir. Lakin hələ həll olunmalı bir sıra problemlər qalmaqdadır. Onların həlli yollarını əvvəlcədən görmək çətindir. Çünki əldə olunan bilik sürətli dəyişikliklərə görə tez bir zamanda köhnəlir, bu səbəbdən bilik və təhsilin paradiqması dəyişilir. Ona görə də universitetlərdə müasir tələblərə uyğun yeniliklər və beynəlxalq rəqabətə dözümlülük məsələsi aktuallaşıb. Bunu nəzərə alan dövlətimiz dünyanın bir çox nüfuzlu ölkələrində olduğu kimi, ali təhsil sahəsinə diqqəti daim artırır.
Azərbaycanın vahid Avropa təhsil məkanına daxil olması, bir tərəfdən tədris-təhsil modellərinin müasir tələblərə uyğunlaşdırılması, digər tərəfdən Azərbaycanın formalaşmış təhsil sisteminin etik-mədəni özünəməxsusluğunun saxlanmasını bir zərurət kimi irəli sürdü. Bu məqsədlə təhsil sisteminin bütün sahələrində vəziyyətin təhlili, mühüm faktorların nəzərə alınması qloballaşma proseslərinin intensivləşdiyi şəraitdə Azərbaycanın ali təhsil sisteminin modernləşdirilməsinin əsas zəmini oldu.
III minilliyin əvvəllərində planetin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının müxtəlif sahələrində dünyada yaranmış situasiyanın bütün ciddi təhlilləri, bir çox aparıcı alimlərin fikrincə, dövrün əsas məzmununu təşkil edən qloballaşma kontekstində aparılır. Söhbət artıq sosial mövcudluğun ənənəvi milli dövlət qurumları çərçivələrinə sığmayan, keyfiyyətcə yeni ümumiliyindən gedir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki, qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən prioritet məsələdir.
Ali təhsilin modernləşdirilməsinin əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununu Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.
Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən, onun inkişafını təmin edən əsas amillərdən biri də elmi-pedaqoji kadr hazırlığıdır. Elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi təhsil işçilərinə pedaqogika, didaktika, psixologiya, defektologiya üzrə yenilikləri çatdırmaqla təhsilin elmi əsaslar üzrə idarə olunmasını təmin etmək ali məktəblərin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir. Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyətli elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə də elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır, professor-müəllim heyətinin yeniləşməsinə və gəncləşməsinə diqqət yetirilir. Nəticədə təhsil sahəsində çalışan professor-müəllim heyətinin peşəkarlıq səviyyəsi yüksəlir. Ali pedaqoji məktəblərin pedaqogika kafedralarını, Azərbaycan Respublikasının Təhsil İnstitutunun müvafiq şöbələrini zəruri səriştəyə malik elmi və elmi-pedaqoji kadrlarla təmin etmək, yüksəkixtisaslı kadr hazırlığının mühüm tərkib hissəsi kimi həmişə diqqət mərkəzində olmuşdur.
Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının ilkin mərhələsi XX əsrin 20-ci illərinin ikinci yarısına təsadüf edir, ancaq o dövrdə elmi-pedaqoji kadr hazırlığının qaydasını, formalarını və müddətini dəqiq müəyyən edən normativ sənədlər olmadığından “elmi əməkdaş”, “elmi işçi”, “aspirant” kimi anlayışlar arasında dəqiq fərq qoyulmamış, onların hüquq və vəzifələri müəyyən edilməmişdi. O zamanlar elmi işçilərin hazırlanması üçün maliyyə vəsaiti də ayrılmırdı.
1929-cu il mayın 18-də respublika Xalq Maarif Komissarlığı nəzdində Dövlət Elm Şurası elmi işçilərin hazırlanması haqqında əsasnamə təsdiq etdi. Əsasnamədə göstərilirdi ki, aspiranturada təhsil müddəti 3 ildir. Aspirant həmin müddət ərzində elmi işini hazırlamalı və fakültənin açıq iclasında onu müdafiə etməlidir. Aspirant elmi işlə yanaşı, təhsil illərində rus dilini, azərbaycanlı olmadığı təqdirdə Azərbaycan dilini, həm də milliyyətindən asılı olmayaraq xarici dillərdən birini öyrənməli idi. 30-cu illərə kimi Azərbaycanda pedaqoji elmlər üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan müəssisə olmadığından, müəllim kadrları hazırlayan ali məktəblər, pedaqogika elminin qarşısında duran vəzifələri yerinə yetirə bilmirdi. Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan qabaqcıl müəllimlərin təcrübəsini ümumiləşdirməyə, pedaqogikanın elmi-nəzəri problemlərini, tərbiyə nəzəriyyəsini və didaktikanın mühüm problemlərini araşdırmağa ciddi ehtiyac duyulurdu. Bunun üçün həmin problemlə məşğul olan xüsusi elmi-tədqiqat müəssisəsinin yaradılması vacib idi.
Azərbaycan Respublikası Bakı Şəhəri Xalq Maarifi Şöbəsinin 1930-cu il 30 iyun tarixli 30 nömrəli və Xalq Maarifi Komissarlığının 1931-ci il 29 iyun tarixli, 87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk Elmi-Tədqiqat İnstitutu - Azərbaycan Elmi-Tədqiqat Pedalogiya İnstitutu yaradılmışdır. İnstitutun adı, fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilsə də o, uzun müddət Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu adları altında fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır.
14 noyabr 2016-cı il tarixdən institut Azərbaycan Respublikasının Təhsil İnstitutu kimi fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktorant və dissertant hazırlığına icazə verilmişdir.
1931-ci ildə təsis olunan Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutunda 1932-ci ildə aspirantura yaradılmışdır.
İlk dövrdən aspiranturaya ən bacarıqlı, istedadlı gənclər (Əhməd Seyidov, Mehdi Mehdizadə, Məmmədsəlim Tahirli, Zümrüd Axundova, Qulam Hüseynov və b.) qəbul olunmuşdur. Sonralar (məsələn, 1935-ci ildə) aspiranturaya, əsasən, bir neçə il institutda fəaliyyət göstərmiş şəxslər (Mərdan Muradxanov, Vəlixan Mustafazadə, Əliş Həsənov, Əmir Tağıyev, İsmayıl Mərdəliyev, Surxay Hacıyev, Mirzəağa Quluzadə və b.) qəbul edilmişlər. Həmin şəxslər alimlik dərəcəsi aldıqdan sonra pedaqoji elmlərin, ədəbiyyatın inkişafında böyük xidmət göstərmişlər.
Keçən əsrin 30-40-cı illərində pedaqogika ixtisası üzrə aspirantura xətti ilə elmi və elmi-pedaqoji kadr hazırlığında obyektiv və subyektiv xarakterli çətinliklər mövcud idi. Belə ki, aspirantların bəzilərinin təhsil hazırlığının kifayət qədər olmaması, rus və xarici dilləri zəif bilməsi başqa dillərdəki ədəbiyyatlardan istifadəni çətinləşdirir, onların ixtisas səviyyələrinə mənfi təsir göstərməklə fərdi hazırlıq planlarının yerinə yetirilməməsi ilə nəticələnirdi. Başqa bir çətinlik isə pedaqoji elmlər üzrə yüksəkixtisaslı elmi rəhbərlərin - elmlər doktorlarının, professorların yoxluğu ilə bağlı idi.
1939-cu ildə aspirantura xətti ilə elmi kadrların hazırlanmasına diqqət daha da artırıldı. Aspirantların bəziləri (M.Muradxanov, V.Mustafazadə, Ə.Tağıyev, Ə.Həsənov və b.) bir il müddətinə Leninqrada, A.İ.Gertsen adına Pedaqoji İnstitutun aspiranturasına göndərildi. Onların yüksəkixtisaslı alimlərin rəhbərliyi altında yetişdirilmələri üçün hər cür şərait yaradıldı.
Aspiranturaya, bir qayda olaraq, ən azı iki il maarif sahəsində iş stajına malik olan, elmi axtarışlara böyük həvəs göstərən, səriştəli müəllimlər, ali məktəbi fərqlənmə diplomu ilə bitirən tələbələr qəbul edilirdilər. Onlar pedaqogikanın tarixi və nəzəriyyəsi, psixologiya, defektologiya, sosiologiya və xüsusi metodikaların aktual problemləri üzrə tədqiqat aparırdılar.
Aspirantlara rəhbərlik işinə institutun bir sıra təcrübəli əməkdaşları ilə yanaşı Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti və digər pedaqoji institutların görkəmli alimləri cəlb edilmişdilər.
II Dünya müharibəsindən sonra respublikamızda getdikcə inkişaf edən pedaqoji institutların və pedaqoji elmin tələbatını təmin etmək məqsədilə pedaqoji elmlər sahəsində kadr hazırlanması sürətlə genişləndi, pedaqoji elmlər namizədlərinin sayı ildən-ilə artdı, pedaqoji elmlər doktorlarının yetişməsinə şərait yarandı. Dövlət və hökumət orqanları elmi və elmi-pedaqoji kadr hazırlığını genişləndirmək məqsədilə müvafiq qərar və sərəncamlar qəbul etdilər. 1944-cü il yanvarın 2-də SSRİ Xalq Komissarları Soveti yanında Ümumittifaq Ali Məktəb İşləri Komitəsinin “Ali məktəblərdə aspirantlar hazırlanmasını yaxşılaşdırmaq tədbirləri haqqında” əmrində aspirantların müsabiqə yolu ilə seçilməsi, müttəfiq və muxtar respublikaların ali məktəblərinin aspiranturasına yerli millətdən olan şəxslərin qəbuluna üstünlük verilməsi məqsədəuyğun hesab olundu.
Ötən əsrin 60-cı illərinin ikinci yarısında respublikada pedaqoji elmlər üzrə elmi-pedaqoji kadr hazırlığında ixtisaslaşdırılmış müdafiə şuralarının yaradılması və ADU-nun müdafiə şurasına pedaqoji elmlərin müvafiq problemləri üzrə doktorluq dissertasiyalarının müdafiəsini təşkil etmək hüququnun verilməsi pedaqoji elmlərin inkişafını şərtləndirən əsas amillərdən birinə çevrilməklə, respublikanın elmi-pedaqoji həyatında böyük canlanma yaratdı, elmi-pedaqoji kadr hazırlığının yeni sistemi formalaşmağa başladı. 60-cı illərdə və 70-ci illərin birinci yarısında elmi və elmi-pedaqoji kadrların hazırlanmasının müxtəlif problemləri ilə əlaqədar rəsmi dövlət orqanlarının diqqət və qayğısını ifadə edən mühüm qərarlar qəbul edildi. Bu qərarların məntiqi nəticəsi olaraq elmi və elmi-pedaqoji kadr hazırlamağın əsas vasitəsi olan aspiranturada təhsil alanların sayı artdı.
1970-80-ci illərdə Azərbaycan ETPEİ-də Pedaqoji və Psixoloji elmlər üzrə Elmi-Tədqiqatları Əlaqələndirmə Şurasının yaradılması pedaqoji elmlərin inkişafında və elmi-pedaqoji kadr hazırlığında xüsusi mərhələ hesab olunmalıdır. 1974-cü ildə yaradılan həmin şuranın ilk sədri professor Nürəddin Kazımov, sonra professor Zahid Qaralov olmuşdur. Müxtəlif illərdə professor Y.Kərimov, Ş.Mikayılov, A.Mehrabov şuraya rəhbərlik etmişlər. Qısa müddətdə şuranın işində fasilə əmələ gəlmiş və şuranın yeni adı Təhsil Tədqiqatları üzrə Problem Şurası olmuşdur. Hazırda Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuraya pedaqogika üzrə elmlər doktoru İntiqam Cəbrayılov sədrlik edir.
Şura pedaqoji və psixoloji elmlər üzrə elmi tədqiqatların əlaqələndirilməsində faydalı işlər görmüşdür.
Elmi-pedaqoji kadr hazırlığında, aspirant və dissertantların elmi hazırlıq səviyyəsinin yüksəldilməsində 1978-ci ildən başlayaraq hər il keçirilən ali məktəb aspirantlarının respublika elmi konfransı da böyük rol oynayır. Gənc tədqiqatçıların elmi yaradıcılıqlarının hesabatına çevrilən belə ənənəvi konfranslar elmin başqa sahələri ilə yanaşı, pedaqogikanın nəzəriyyəsi və tarixinin müxtəlif istiqamətləri və problemləri üzrə geniş elmi fikir mübadiləsinə meydan açır. İnstitutun aspirant (doktorant) və dissertantları həmin tədbirlərdə fəal iştirak edirlər.
Müəllimlərin və alimlərin diqqətini cəlb edən iş təcrübəsi qazanmış, elmi axtarışlara ciddi maraq göstərən qabaqcıl müəllimlər, məktəb rəhbərləri beş il müddətinə institutun müvafiq şöbələrinə təhkim olunur, elmi məsləhətçilərin köməyi ilə müəyyən problem üzrə tədqiqat aparır və müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edirlər. İndiyə qədər bu yolla namizədlik dissertasiyası müdafiə edənlərin sayı 250-ni keçmişdir. İndi 100 nəfər qabaqcıl müəllim, tərbiyəçi, məktəb rəhbəri, elmi işçi institutun dissertantıdır.
Aspirant və dissertantların səmərəli fəaliyyətinə elmi rəhbərlər faydalı məsləhətləri ilə yaxından kömək göstərib və göstərirlər. Xüsusilə institutun professorlarından Z.İ.Qaralov, Y.Ş.Kərimov, Ş.A.Mikayılov, V.C.Xəlilov, A.N.Abbasov, P.B.Əliyev, H.H.Əhmədov, R.L.Hüseynzadə, İ.H.Cəbrayılov, R.İ.Əliyev, eləcə də Bakı Dövlət Universitetindən, Azərbaycan Elmlər Akademiyasından, Rusiya Təhsil Akademiyasından, Azərbaycan Dövlət İqtisad Universitetindən, Bakı Slavyan Universitetindən, Azərbaycan Müəllimlər İnstitutundan olan alimlərin yetirmələri dissertasiyalarını vaxtında və uğurla müdafiə etmiş və qalanları da tədqiqatlarını davam etdirirlər.
Hazırda institutda çalışan elmi işçilərin əsas hissəsi onun aspiranturasının yetişdirməsidir. İnstitutun hazırladığı yüksəkixtisaslı kadrlar eyni zamanda respublikamızın müxtəlif universitetlərində və elmi müəssisələrində, eləcə də Azərbaycan Respublikasının Təhsil Nazirliyində çalışır.
Hazırda institutumuzda 117 nəfər doktorant və dissertant təhsil alır ki, bunlardan elmlər doktoru proqramı üzrə 28 nəfər: o cümlədən əyani 2 nəfər, qiyabi 26 nəfər, fəlsəfə doktoru proqramı üzrə 73 nəfər: o cümlədən əyani 14 nəfər, qiyabi 59 nəfər, dissertantura üzrə 38 nəfər təşkil edir. Ümumilikdə institutda aspirantura yaradılandan bu günədək 1000 nəfərdən artıq mütəxəssis fəlsəfə doktoru (elmlər namizədi) və elmlər doktoru dissertasiyalarını müdafiə edərək elmi dərəcə və elmi adlar almışlar. Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəaliyyət göstərən əməkdaşların 50 nəfərdən çoxu məhz bu institutun özünün doktorantura və dissertanturasında təhsil almışlar.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsi öz işini “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa (2009-cu il) əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarına, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarları, “Elm haqqında” qanuna, institutun Nizamnaməsi, şöbənin əsasnaməsi və illik fəaliyyət planına əsasən qurur.
Elmi-pedaqoji kadr hazırlığı şöbəsi Təhsil İnstitutunun struktur vahidi olub, onun nizamnaməsində formalaşmış ümumi və öz əsasnaməsinə uyğun vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. Şöbə işini institutun nəzdində olan bütün şöbələrin müvafiq əməkdaşları, elmi müxbirləri, doktorant və dissertantları ilə əlaqələndirir, fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik edir.
Şöbə ölkənin ali təhsil müəssisələri, AMEA-nın institutları, təhsil mərkəzləri və qurumları ilə yaxından əməkdaşlıq edir. Müvafiq sahə üzrə maarifləndirmə mexanizmini hazırlayır. Beynəlxalq əməkdaşlığa əsasən universitetlərarası və qurumlararası ikitərəfli razılaşmalar, anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi hüquqi vasitələr çərçivəsində fəaliyyət həyata keçirilir. Hazırda doktorant və dissertantlarımız öz tədqiqatlarını İKT vasitəsilə dünyaya təqdim edə bilirlər. Son beş ildə onlarla doktorant və dissertant təhsil müddətindən xeyli əvvəl dissertasiyalarını tamamlayaraq müdafiə şuralarına təqdim etmiş, müdafiə etmiş və diplomlarını almışlar. Son dövrdə doktorant və dissertantlarımızın tədqiqatlarının nəticələri Thomson Reuters agentliyinin Veb of sayns platformasında yerləşən və impakt-faktorlu jurnallarda nəşr olunur. Onlar xarici dillərə yiyələnərək yaxın və uzaq xarici ölkələrdə Azərbaycan xalqını, onun elminin inkişafını, milli-mənəvi dəyərlərini, adət-ənənələrinin xüsusiyyətlərini şərəflə təqdim və təbliğ edirlər.

Hümeyir ƏHMƏDOV,
ARTİ-nin Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, Rusiya Dövlət Təhsil Akademiyasının akademiki

yuxarı ⤴