|
ABŞ-da əcnəbi tələbələrin sayı bir milyonu ötüb
ABŞ-ın universitet və kolleclərində təhsil alan əcnəbi tələbələrin sayı ilk
dəfə olaraq 1 milyon nəfəri ötüb. Bu barədə Beynəlxalq Təhsil İnstitutu
(Institute of International Education, ABŞ) tərəfindən hazırlanmış
beynəlxalq akademik mobillik “The Open Doors 2016 Data” illik hesabatında
göstərilir.
2015-2016-cı tədris ilində Amerika ali məktəblərində əcnəbilərin sayı
əvvəlki illə müqayisədə 69 min (və ya 7,1%) artaraq 1,044 milyon nəfərə
çatıb. Xarici ölkələrdən olan tələbələr ABŞ-dakı bütün tələbələrin (20
milyondan artıq) 5% -dən bir qədər çox təşkil edib. Əvvəlki illərdə onların
payı 4% -i ötməyib. Belə bir vəziyyət həm əcnəbilərin sayının artması, həm
də öz ölkəsində ali təhsil almaq istəyən amerikalı tələbələrin sayının bir
qədər azalması ilə izah olunur. Amerikaya ali təhsil almağa gələn ölkələr
arasında əsasən Çin, Hindistan və Səudiyyə Ərəbistanı üstünlük təşkil edir.
Ümumilikdə bu üç ölkədən olan tələbələrin ümumi sayı ABŞ-dakı əcnəbi
tələbələrin ümumi sayının 53% -ni təşkil edir. Cənubi Koreya gözlənilmədən
adıçəkilən ölkələrdən sonra 4-cü yeri tutub. Beşinci yerdə Kanada qərarlaşıb.
Lakin bu ölkədən olan tələbələrin sayı ümumi tələbə sayının 3 faizindən
artıq deyil. Nə Rusiya, nə də digər Şərqi Avropa dövlətləri tələbə sayına
görə ilk 25-likdə yer ala bilməyib. Qərbi Avropa ölkələrindən siyahıda Böyük
Britaniya (12-ci yer), Almaniya (15-ci yer), Fransa (18-ci yer) və İspaniya
(25-ci yer) yerləşib. ABŞ Ticarət Nazirliyinin məlumatlarına əsasən, əcnəbi
tələbələr ötən il ölkə iqtisadiyyatına 35 milyard dollardan artıq xeyir
veriblər, bu isə əvvəlki illə müqayisədə 4 milyard dollar artıqdır. Əcnəbi
tələbələr Amerikada mühəndislik (20,8 faiz), biznes və menecment (19,2 faiz),
riyaziyyat və kompüter (13,6%) elmlərini öyrənməyə üstünlük verirlər. Xarici
tələbələrin əksəriyyəti ali təhsil almaq üçün Kaliforniya ştatını seçirlər.
Burada 150 mindən artıq əcnəbi tələbə təhsil alıb. Daha sonra Massaçusets,
Nyu-York, Texas, İllinoys ştatları gəlir. Əcnəbilərin sayının ən çox olduğu
universitetlərin siyahısına üçüncü ildir ki, Nyu-York Universiteti rəhbərlik
edir. Daha sonra siyahıda Şimali Kaliforniya Los-Anceles, Arizona Ştat,
Kolumbiya və Urbana-Şampaiyn İllinoys universitetləri yerləşib. Əcnəbi
tələbələr arasında ən populyar şəhərlər Nyu-York, Los-Anceles, Boston və
Çikaqodur.
Qadjet və internet tələbələrə normal bilik almağa mane olur
Birləşmiş Ştatların mütəxəssisləri bildiriblər ki, internetə çıxışı olan
kompüter və mobil qurğular amerikalı tələbələrə normal bilik almağa mane
olur və universitetlərdə onların dərsə davamiyyətini xeyli azaldır. Miçiqan
Universitetinin alimləri qeyd edirlər ki, tələbələrin dərsə davamiyyətinə
internetin mənfi təsiri problemi son vaxtlar çox aktualdır. Ola bilsin ki,
öz tələbələrinə noutbukları dərsə gətirməyə icazə verən ali məktəbin
siyasəti səhvdir, çünki təhsil üçün kompüter və onun internetə çıxışı
praktik olaraq lazım deyil. Psixoloqlar hesablayıblar ki, dərs müddəti
ərzində tələbələr ən azı 37 dəqiqə internetdə vaxt keçirirlər. Bu vaxt
ərzində onlar elektron poçtlarını yoxlayır, sosial şəbəkədə ünsiyyət
saxlayır, musiqiyə qulaq asır, mühazirəçini isə dinləmir. “Psychological
Science” jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, alimlər
psixologiyaya giriş kursunu keçən bir neçə yüz tələbə üzərində müşahidələr
apararaq qadjetlərə görə tələbələrin davamiyyətinin aşağı düşməsi qənaətinə
gəliblər. Tələbələr professorların şəbəkələrdə onların fəallığını
izləmələrinə razılıq veriblər. Eksperiment zamanı bəzi tələbələrə ünsiyyət
və əyləncə xatirinə internetə çıxmaq qadağan edilib. Nəticələr gözlənilən
olub. Yoxlama zamanı kompüter və internetdən istifadə edə bilən tələbələrin
bilik səviyyəsi digərlərindən fərqli olaraq aşağı olub. Həmçinin məlum olub
ki, təhsil sahəsində müvəffəqiyyət dərəcəsini artırmaq məqsədilə
qadjetlərdən istifadə qətiyyən kömək etmir, mühazirələrin əllə yazılması isə
informasiyanı daha yaxşı yadda saxlamağa imkan verir.
102 yaşlı professor universitetdən ayrıla bilmədi
Avstraliyanın Edit Koen adına Universitetinin 102 yaşlı professoru Devid
Qudoll ali məktəbin rəhbərliyinin qərarı ilə təhsil müəssisəsində
fəaliyyətini davam etdirə biləcək. Ölkənin “ ABC” telekanalının məlumatına
əsasən, universitetin rəhbərliyi əvvəllər təhlükəsizlik baxımından alimin iş
yerini onun evinə köçürmək barədə qərar çıxarıb. Lakin son anda ali məktəb
öz qərarını ləğv edib. Devid Qudoll ekologiyaya dair 100-dən artıq elmi
əsərin müəllifidir. Bundan başqa, o, Avstraliyanın ən qocaman alimi hesab
olunur, onun elmi karyerası 70 il təşkil edir. Universitetin işçisi olsa da
alim artıq maaş almır. Hazırda professorun görmə qabiliyyətində problemlər
müşahidə olunur, buna görə də o artıq teatra da getmir. Sevdiyi məktəbin
doğma divarlarından ayrı düşməsi alimi məyus edib. Rektorluq universitetin
ərazisində onun işləməsi üçün yer ayırıb. Professor sevincini gizlədə
bilməyib. O, tədqiqatçılıq fəaliyyətini görmə qabiliyyəti tam pisləşənə
qədər davam etdirməyə hazır olduğunu deyib.
Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında
|