1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Yaradıcılıq
31.12.2016/№51

 

 


Şirməmməd QÜDRƏTOĞLU,
Naxçıvan Dövlət Universitetinin ingilis dili və tərcümə kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Dünya ilə söhbət

Alıb ələ qəbzəsindən o qan sızan
Yup-yumşaq, o ağ, pambıq qılıncını,
Sən dərmədən nəfəsini, sən almadan bir dincini
Doğrayırsan solu, dünya, sağı, dünya,
İçirirsən düz sədalı, haqq nidalı insanlara
Zəhər, dünya, ağı, dünya.
Kəsilirsən ədalətin təşnəsinə
Sən paklığın hürr səsinə
Düşmən, dünya, yağı, dünya.
Neçə-neçə işlərin var saxta, dünya, paxır, dünya.
Olacaqmı bu işlərə axır, dünya?
Kef eləyən, nəf eləyən - saxta, nahaqq,
Söylə mənə, bəs nə qədər lax olacaq
Sənin hökmün axı, dünya?
Unutma ki, Allah göydən baxır, dünya!..
Süzüb məni yazıq-yazıq, tənə ilə
Deyir fağır-fağır dünya: “İnsan, insan,
Nahaq məni qınayırsan -
İnsan özü indi mənə gəlir hədə,
Mən özüm də yaşayıram intizarda, səksəkədə.
Vahiməsiz baxammıram mən sabaha.
Bu atomlu, neytronlu,
Bu terrorlu, ölüm, qanlı
İnsan ilə bacarmıram, qardaş, daha…”
Dünya, dünya,
Qəlp işlərdən yox xəbərin sənin guya.
At üstündən hər təqsiri, hər günahı,
Qoy ucalsın asimana insan ahı.
Say özünü sudan duru, aydan arı.
İnsanların göz yaşları
Qoy çevrilsin ümmanlara…
Qoy sən deyən doğru olsun.
Biz söyləyən yalan, dünya.
İnsanlığa nə bir çarə, əlac axtar,
Nə yol ara -
Sənə nə var,
Hər nə edir, insan edir,
Hər nə olur, olacaqdır insanlara.
Sən özünçün “hərlən, dünya”, “fırlan dünya”.

Əyyub ŞIRLANLI,
əməkdar müəllim, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Mübariz
(Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun əziz xatirəsinə)

Əzəmətli, hünərli, basılmaz qala idi,
Yeri-göyü yuxudan silkələdi Mübariz!
Qorxmadı öz canından, töküləcək qanından,
Düşmənin ocağına qan çilədi Mübariz!

Tək getdi düşmən üstə qaranlıq çatılanda,
Amalı qisas idi döyüşə atılanda.
Düşmən səngərdən qaçdı güllələr açılanda,
Kafirin mənzilinə od ələdi Mübariz!

Qranit qaya kimi əyilmədi, sınmadı,
Şəhid ruhu naminə o yolundan dönmədi.
Yazıldı tarixlərə onun adı əbədi,
Dodaqlarda şeirdi, şən nəğmədi Mübariz!

Küləklər apardılar yer üzünə xəbəri,
Anaların gözündən sildi qəmi, kədəri.
Oyatdı yuxusundan mavi gözlü Xəzəri,
Bizə qənim düşməni güllələdi Mübariz!

Anadan doğulanda sevinmişdi obalar,
Qurbanlar kəsmişdilər ocaqlarda babalar.
Fəxr etsin türk dünyası Mübariz tək oğlu var,
Heç bir kəsə bənzəmir, bir dənədi Mübariz.

Ziyarət etdim onun müqəddəs ana yurdun,
Məzarının önündə onun əhvalın sordum.
Torpağa sığışmayan igid bir oğul gördüm,
Əmanət qoyub getdi bir məbədi Mübariz.

Ruhun şad olsun, qardaş, ocağına gəlmişəm,
Şamama anamızı mən də ana bilmişəm.
Ağakərim atayla qəm-kədəri bölmüşəm,
Demişəm ki, sınmayın, əbədidi Mübariz!

Ey analar, doğanda belə ər oğul doğun,
Ordular qabağında duran nər oğul doğun!
Belə mərd oğullara Tomris təki yar doğun,
Düşmənin qarşısında bürc, qaladı Mübariz!

Azərbaycan torpağı qəhrəmanlar yurdudur,
Vətən dara düşəndə tək bir oğlu ordudur...
Xocalının, Şuşanın qisası hələ durur,
Düşmən elə bilməsin əfsanədir Mübariz!

***

Saatım dayanıbdı Şuşadan çıxan gündən...

Saatım dayanıbdı Şuşadan çıxan gündən,
Saatsazlar dərdinə əlac tapa bilmədi.
Uşaqlarım soruşur hər səhər-axşam məndən,
Ay ata, bu saatın dərdi görəsən nədi?

Dedim ki, saatsazlar yığışdılar bir yerə,
Nə qədər çalışdılar saat işə düşmədi.
Saatı apardılar qədim bir qoca pirə,
Hələ də dərk etmirəm, bu necə möcüzədi?!

Dünyanın möcüzəsin, sirrin aça bilmirik,
Saatım Şuşamızın həsrətində dayanıb.
Ay insanlar, inanın, mənim köksümə sığan,
Ürəyim də Şuşasız al qanına boyanıb.

Yuxuların birində mələklər söylədilər:
Qayıdanda Şuşaya özü işə düşəcək.
Əgər qayıtmasam mən o müqəddəs şəhərə,
Saatım da mənimlə son mənzilə köçəcək.

Göydən sədalar gəldi: Dedilər ki, saatın
Özü səndə olsa da, ruhu Şuşada qalıb.
Dedilər: “Ürəyini sıxma, Əyyub Şırlanlı,
Şuşaya çatmağının vaxtı artıq azalıb!”

***

Həsrətin çəkdiyim Vətən yolları...

Necə müqəddəsdir, necə şirindir,
Həsrətin çəkdiyim Vətən yolları.
Yolumu gözləyir anam Qarabağ,
Boynuma sarılsın ana qolları.

Köhnə cığırlarla qalxım Şuşaya,
Babamdan əmanət yurdla görüşüm.
Görüm nə gündədir məktəb, mədrəsə,
Vaqifin, Zakirin halın soruşum.

Çıxım Salvartıya, çıxım “Qırxqız”a,
Kəpəzə, Murova, Göygölə baxım.
Yaralı Şuşadan bir ovuc torpaq
Götürüm mən onu gözümə sıxım...

Şuşaya çatanda çöküb diz üstə,
Torpağı öpəcəm, daşı öpəcəm.
Laçının, Vedinin, anam Şırlanın,
Gözlərindən öpüb yerə çökəcəm.

Baxım “Uzunyal”dan “Üçağızlı”ya,
Dolaşım Xankəndi, Kərkicahanı.
Gəzim Kəlbəcəri, görüm Göyçəni,
Şuşadan seyr edim Azərbaycanı!


Mahmud ƏHMƏD,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

Şuşaya baxır

Baharda ağaclar pöhrələnəndə,
Durnalar vətənə geri dönəndə,
Sürülü dağlarda tütək dinəndə,
Xəyalım vüsaldan bir qanad taxır,
Gözlərim ümidlə Şuşaya baxır.

Yer üzü rənglərlə naxışlananda,
Otlar şeh altında par-par yananda,
Budaqdan budaqa quşlar qonanda,
Xəyalım vüsaldan bir qanad taxır,
Gözlərim ümidlə Şuşaya baxır.

Çöl-çəmən, bağ-bağça açanda çiçək,
Yazın xoş ətrini yayanda külək,
Yazın gəlişiylə coşanda ürək,
Xəyalım vüsaldan bir qanad taxır,
Gözlərim ümidlə Şuşaya baxır.

Dağlardan aşağı axanda sellər,
Arandan dağlara qalxanda ellər,
Bağlarda açanda tər qızılgüllər,
Xəyalım vüsaldan bir qanad taxır,
Gözlərim ümidlə Şuşaya baxır.

Nemətlə dolubdur Şuşanın qoynu,
Yaradan cənnət tək yaradıb onu,
Bizdən ayrı saldı düşmən oyunu,
Xəyalım vüsaldan bir qanad taxır,
Gözlərim ümidlə Şuşaya baxır.

Düşübdür kənd-şəhər çənə, dumana,
Bənövşə boynunu əyibdir yana,
Boynu bükük Şuşam od salıb cana,
Xəyalım vüsaldan bir qanad taxır,
Gözlərim ümidlə Şuşaya baxır.

Mən bilirəm nədir sevinc də, qəm də,
Qarabağ ağlayır geniş sinəmdə,
Gah zildə ağlayır, gah da ki, bəmdə.
Xəyalım vüsaldan bir qanad taxır,
Gözlərim ümidlə Şuşaya baxır.

Mahmudu eşitsin bütün kainat,
Sülh ilə tez çıxsın Qarabağdan yad,
Qartalam üstündə çalaram qanad,
Xəyalım vüsaldan bir qanad taxır,
Gözlərim ümidlə Şuşaya baxır.

Rəşidə ALLAHVERDİYEVA,
Beyləqan rayonu I Şahsevən kənd Ə.Rüstəmov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Bayraq...
(Sərhəddə dalğalanan bayrağa)

Çox da ki əlin çatmır,
Səslə, səsin çatacaq.
Soruş, qoy mən də bilim,
Şuşam necədir, bayraq?

O çöllər, o çəmənlər
Güldən xalı toxuyur?
Soruş gör, buz bulaqlar,
Yenə mahnı oxuyur?

Şahbazın baxışları
Dərd açıb puçur-puçur.
Soruş gör, Dilqəmimin
Ürəyindən nə keçir?

Boylan Dəlidağıma
Soruş, qar saxlayıbmı?
Ətəyində qocalan
Qızı soraqlayıbmı?

Ağdamda qərib ruhlar
Nə deyir, nə söyləyir?
Araza Xudafərin
Bizdən nə gileylənir?

Soruş gör, qərib Laçın
Bizsiz necə darıxır?
Demə ki, göz yaşını
İçə-içə darıxır...

Sus artıq, dözəmmədim
Bu naləyə, bu aha.
Ürək də sözə baxmır,
Sus! Mən ölmüşəm daha...

***

Şuşadan keçməyən yollar

Ay içimdən keçən yollar,
Uzanırsan qəmə qəmdən.
Çox uzağı yaxın etdin,
Apar görüm məni məndən.

Ömrümə sədləri yıxdın,
Sən uzandın, mən darıxdım.
Sən də getdin qəmə çıxdın,
Nə xeyir var mənə səndən?..

İtirdin ötən-yetəni,
Tapammadım bir itəni.
Gözüm yaman çəkir səni,
Qorx ki, çökəsən bu nəmdən.

Dərd əkəni biçəmmirsən,
Hər əldən su içəmmirsən.
Şuşadan ki, keçəmmirsən,
İndi get keç cəhənnəmdən...

Görüm yolun yümrülsün, yol
Sən ayırdın MƏNi MƏNdən

***

Dəlidağa...

Bəlkə, çıxım yola bir səhərçağı,
Həsrəti gözümdən silim biryolluq.
Səndə ürəyimi qoyub gəlmişdim,
Özümə qayıdım, gəlim biryolluq.

Sən Tanrı dərgahı, mən qərib adam,
Cadar torpağına təşnə buludam.
Gəlim, görüm sənə doğmayam, yadam,
Kiminəm, kimsənəm bilim biryolluq.

Gör neçə arzumu verdim güdaza,
Bir ürək bu dərdlə çıxammaz yaza.
Ya sənə yetişim, bitsin bu cəza,
Ya səndən üzülsün əlim biryolluq.

Yoruldum bu qəlbə “səbr et” deməkdən,
Ağlaya-ağlaya şən görünməkdən.
Var ikən ölməkdən, yox dirilməkdən,
Gəlim gözlərində ölüm biryolluq...

Gülşən MUSTAFA,
Bakı şəhəri 64 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Yuxu gördüm

Yuxu gördüm bu gecə mən,
Dağlayırdı dağlar məni.
Çırpınırdı darda vətən,
Çağırırdı ağlar məni.

Şuşam bikef dayanmışdı,
Laçınım yaş ələyirdi.
Xankəndim qan boyanmışdı,
Xocalım qəm bələyirdi.

Birdən nərə çəkdi Qırat,
Peyda oldu Ağ atlılar.
Birgəliyin yazısına,
Birləşərək qol atdılar.

Dığaları qova-qova,
Azad etdilər vətəni.
Sevincə qurdular yuva,
Sara verdilər matəmi.

Əzizlərim, qalxın barı,
Bir arzunu min edəyin.
Kaş ki, belə yuxuları,
Aşkarlıqda çin edəyin.

***

Torpaq

Ulu Tanrı, insana,
Maya verib torpaqdan.
Yer üzünə dağ verib,
Qaya verib torpaqdan.

Yediyimiz ruzi də,
Ondan yaranıb, ondan.
Təbiətin özü də,
Ondan varlanıb ondan.

Verdiyi nə var haqdır,
Müqəddəsdir amalı.
Torpaq elə torpaqdır,
Yoxdur cənub, şimalı.

Dünyanın özü hətta,
Təbii qanun üstə.
Sevgi də, məhəbbət də,
Yaranıb onun üstə.

Torpaq elə uludur,
İnsan qalır matında.
Sağkən üstündə olur,
Köçəndə alt qatında.

Çölündə çiçək yükü,
Zəmisində dən olur.
Elə müqəddəsdi ki,
Torpaqdan vətən olur.


Hazırladı: Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”
s.kerimova@muallim.edu.az  
yuxarı ⤴