1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
«Azərbaycan müəllimi» qəzeti

“Azərbaycan müəllimi” qəzeti 1934-cü il sentyabrın 2-də “ Kommunist maarifi” adı ilə nəşrə başlayıb. Qəzet “mədəni inqilab”ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli       elmi–pedaqoji kadrların formalaşmasına yaxından kömək edib, xalq maarifinin, təhsilin inkişafında müstəsna rol oynayıb. Bu mətbu orqan kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, ilk gündən mövcud çərçivəyə sığmır və daha çox ümumxalq qəzeti kimi diqqəti cəlb edib. Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırılıb. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olunub. 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək qəzetin nəşri dayandırılıb, qəzetin əməkdaşları döyüşən ordu sıralarına yollanıblar.

Qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövrü onun taleyinin ən ağrılı, ən çətin mərhələsini təşkil edib. Qəzetin ilk müəlliflərindən bir çoxu amansız Stalin repressiyalarının qurbanı olub. Bəziləri NKVD zindanlarına atılaraq onlara “xalq düşməni” damğası vurulub, əməkdaşların bir qismi isə Böyük Vətən müharibəsində həlak olub.
1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də öz üslubuna, dəst-xəttinə, başlıcası isə məramına və amalına sadiq qalıb.

Şübhəsiz ki, ziyalı kimi tanınmaq  və bu adı qoruyub saxlamaq o qədər də asan deyil. Sıravi müəllimindən tutmuş adlı-sanlı elm adamlarına, dövlət xadimlərinədək hamının yekdil fikrinə görə “Azərbaycan müəllimi” təhsilimizin, elmimizin, mədəniyyətimizin inkişafında əvəzsiz rol oynayır və bu ənənəni ölkə təhsilində gedən hərtərəfli islahatlar və  qlobal yeniləşmə dövründə də uğurla davam etdirir.
Ümummilli liderimiz Heydər Əliyevin qəzetin 60 illik yubileyi münasibətilə redaksiya kollektivinə göndərdiyi təbrik məktubunda “Azərbaycan müəllimi”nin fəaliyyətinə layiqli qiymət verilib, qəzetin ictimai-siyasi həyatımızdakı rolu yüksək dəyərləndirilib. Məktubda qeyd edilən müddəalar hələ neçə-neçə illər bundan sonra da qəzetin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək, kollektivə yeni ruh verəcək. Həmin tarixi məktubda deyildiyi kimi: «Azərbaycan müəllimi yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublikanın həyatında baş verən ictimai-siyasi hadisələrə də nüfuz etmişdir. Qəzet respublikada jurnalistika sənətinin inkişafı işində əhəmiyyətli rol oynamışdır. Bu gün də öz ənənələrinə sadiq qalaraq pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirirs».

Artıq oxuculara doğmalaşan, öz sanbalı və nüfuzu ilə fərqlənən “Azərbaycan müəllimi” müstəqil dövlətimizin milli təhsil quruculuğuna, milli-mənəvi dəyərlərə söykənən yeni təhsil sisteminin formalaşması işinə xidmət edir. Sözsüz ki, yeniləşən cəmiyyətə yeni təfəkkürlü insanlar, rasional düşüncə tərzinə malik, demokratik ruhlu mütəxəssislər, müasir dünyagörüşə sahib olan gənclik olduqca gərəklidir. Bu isə öz növbəsində təhsilin, ilk növbədə orta məktəb təhsilinin həm forma, həm də məzmunca yeniləşməsini tələb edir.

“Azərbaycan müəllimi” ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolu, çoxşaxəli fəaliyyəti nümunəsində gənclərin tərbiyə edilməsi, onun siyasi irsinin öyrənilməsi zəminində gənc nəslin fəal həyata hazırlanması sahəsində əhəmiyyətli addımlar atmağa nail olub. Son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində baş vermiş köklü dəyişikliklər, yüzlərlə yeni məktəbin və əlavə korpusun inşa olunması, tədris ocaqlarının təchizatı məsələlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, təhsil müəssisələrinin qazandığı uğurlar qəzetin aparıcı mövzularındandır. Eləcə də, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi misilsiz qayğı, Fondun dəstəyi ilə reallaşdırılan müvafiq layihələrin cəmiyyətdə, xüsusilə, müəllim və şagirdlər arasında doğurduğu xoş təəssürat “Azərbaycan müəllimi”nin səhifələrində əksini tapır, belə xeyirxah addımlar yaxşı bir örnək kimi təqdim olunur.

“Azərbaycan müəllimi” həmişə əsl ziyalıların, elm və maarif xadimlərinin tribunası olubdur. Müxtəlif illərdə qəzetə rəhbərlik etmiş Rüstəm Hüseynovun, Ağəli Bədəlovun, Mirabbas Aslanovun, Şahin Səfərovun xidmətləri və zəhməti “Azərbaycan müəllimi”nin keçdiyi zəngin inkişaf yolunda və qazandığı uğurlarda öz təcəssümünü tapır. Bu gün inamla demək olar ki, qəzet müasir jurnalistikanın bütün zəruri tələblərinə cavab verir, öz fəaliyyətində obyektivlik, dəqiqlik, operativlik prinsiplərinə əsaslanır. “Azərbaycan müəllimi” məzmun zənginliyi, mövzu rəngarəngliyi sarıdan ciddi irəliləyişə nail olub, dizayn və materialların yerləşdirilməsi baxımından düzgün istiqamət tutmağı bacarıb. Qəzetin internet saytı oxucu auditoriyasının daha da genişlənməsinə, pedaqoji maarifçilik işinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərir.

Qazanılan uğurlardan arxayınlaşmayan “Azərbaycan müəllimi” qəzetinin kollektivi öz fəaliyyətini daha da genişləndirməkdə və inkişaf etdirməkdədir. Kollektivin hər bir üzvü tam məsuliyyətlə anlayır ki, müstəqil dövlətimizin təhsil siyasətinin təbliğatçısı funksiyasını layiqincə yerinə yetirmək olduqca şərəfli və çətin işdir. Heç bir şübhə yoxdur ki, “Azərbaycan müəllimi” qəzeti öhdəsinə düşən belə ümdə vəzifəni layiqincə yerinə yetirməklə yanaşı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işində də öz səylərini əsirgəməyəcəkdir.

yuxarı ⤴