Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş sərgi keçirilib. Sərgini  açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirilib ki, ümummilli lider ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur.

 

Sonra memarlıq ixtisası tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Qeyd edək ki, tələbələr tərəfindən sərgiyə 14 yeni iş təqdim edilib. Eskizlər, hazır maketlər, ikimərtəbəli, üçmərtəbəli binaların layihəsi sərgidə nümayiş olunub. Hazır maketlərin sırasında “Qız qalası”, “Möminə Xatun”, küçələrdə quraşdırılan istirahət yerləri xüsusi yer tutub. Tələbələrin əl işləri  qiymətləndirilib. Qaliblər universitetin diplom və müxtəlif hədiyyələri ilə mükafatlandırılıb.

 

Səadət Əliyeva

NDU-nun Mətbuat Şöbəsinin Müdiri