Fond tərəfindən son illər 7000-dən artıq layihə maliyyələşdirilib


Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tələbələrlə görüşüb.

 

Fərid Cəfərov rəhbərlik etdiyi Fond haqqında tələbələrə geniş məlumat verərək   onun əsas fəaliyyətinin qrant müsabiqələrinin keçirilməsi ilə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Fond gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməklə onların fərdi təşəbbüslərini hər zaman dəstəkləyir. Son illərdə Gənclər Fondu tərəfindən 7000-dən artıq layihənin maliyyələşdirildiyini söyləyən icraçı direktor bu layihələrin əksəriyyətinin fərdi olduğunu deyib. Fərid Cəfərov bildirib ki, gənclərin xaricdə təhsilinin davam etdirilməsinə dəstək verilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin ödənilməsi, gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçməsinin maliyyələşdirilməsi və startap layihələrinin maliyyələşdirilməsi Fondun yeni vəzifələri sırasına daxildir.

 

Tədbir tələbələri maraqladıran sualların cavablandırılması ilə davam edib.