BMU-nun nümayəndə heyəti Sloveniyada işgüzar səfərdədir


Bakı Mühəndislik Universiteti Texnoparkının müdir müavini dosent İsa Qasımov, Texnoparkın mütəxəssisi Tengiz Ağakişiyev və BMU-nun məsləhətçisi Aytac Paşayeva  Sloveniyada işgüzar səfərdədirlər. BMU-nun nümayəndə heyəti Avropa Komissiyasının maliyələşdirdiyi “TAİEX” missiyası çərçivəsində “Texnoparkların planlaşdırılması və idarə edilməsi haqqında təcrübə” proqramı əsasında, bu ölkənin innovasiya ekosistemi ilə tanış olurlar.

 

14-18 may 2018-ci il tarixlərini əhatə edən işgüzar səfər zamanı Sloveniyada innovasiya ekosistemi ilə birbaşa əlaqəsi olan nazirlik, texnopark və müvafiq qurumlarda görüş və təcrübə mübadiləsi həyata keçirilir.

 

İşgüzar səfərin birinci günü nümayəndə heyəti Sloveniyanın İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi, eləcə də müvafiq fond və təşkilatlarda görüşlər keçirib, müzakirələr aparıblar. Səmərli keçən görüşlər həm də innovativ ekosistem üçün əhəmiyyətli olan işgüzar mühitin formalaşmasına da şərait yaradıb.   

 

Qazanılan təcrübə və əməkdaşlıq münasibətləri Azərbaycanda innovasiya ekosisteminin qurulması, o cümlədən BMU-nun sahibkarlıq universiteti modelində inkişaf etdirilməsi, həmçinin BMU Texnoparkının gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, “TAİEX” missiyası çərçivəsində ““Texnoparkların planlaşdırılması və idarə edilməsi haqqında təcrübə” proqramı BMU ilə Ljubljana Texnologiya Parkının birgə əməkdaşlığı əsasında həyata keçirilir.