Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələr ölkə ərazisində işləmək hüququ qazanacaq.  Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Beynəlxalq Tələbə Dərnəkləri Federasiyasının (UDEF)  yekun toplantısında bildirib. Onun sözlərinə görə, əvvəllər əcnəbi tələbələrə işləmək icazəsi verilmirdi,  indi onlara belə bir icazənin verilməsi ilə bağlı çox mühüm razılaşma əldə olunub.  "Artıq bu  məsələ üzrə işlər tamamlanmaq üzrədir. Ümid edirik ki,  biz yaxın vaxtlarda həm tələbələrin, həm də məzunların işlə təmin olunması məsələsini həll edəcəyik".

 

Əcnəbi tələbələrə münasibətdə daha bir yenilik  onların tibbi sığortası ilə bağlıdır.  Prezident R.Ərdoğan qeyd edib ki,  ölkəmizə gələn bütün əcnəbi  tələbələr  əvvəlkilərdən fərqli  olaraq  3 ay gözləmədən  dərhal  universal  tibbi sığorta sisteminə daxil olacaqlar.  Bundan başqa,  artıq  sığortalanan tələbələr üçün geçikdirilmiş faiz dərəcələri də ləğv olunacaq.

 

Türkiyə prezidenti əlavə edib ki, ölkənin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı da artırılacaq. "Hazırda Türkyə dövləti hesabına 115 min əcnəbi tələbə təhsil alır.  Dünyanın hardasa bütün ölkələrindən tələbələrimiz var.  Hədəfimiz ölkəmizdəki qonaq tələbə sayını 350 minə çatdırmaqdır. Bununla da dünyada ən çox əcnəbi tələbəsi olan ilk 5 ölkə arasına daxil olacağıq. Hədəfimiz budur".  

 

Digər mühüm məsələlərdən biri Türkiyə ali məktəblərini bitirərək vətənlərinə qayıdan  əcnəbilərlə sıx əlaqələrin qurulmasıdır.  "Keçmişdən   ölkəmizdə yüz minlərcə əcnəbi təhsil alıb və  öz ölkələrinə dönüblər.  Təhsildən sonrakı dövrdə isə bizim onlarla hər hansı əlaqələrimizin davam etməsi üçün heç bir mexanizm qurulmayıb. Əcnəbi tələbələrimizin sayı təqib edilməyəcək dərəcədə çoxdur",-deyə prezident bildirib.

 

Oruc MUSTAFAYEV