Universitetin həyətində “Ümid yeri” uşaq evinin sakinlərinin əl işlərindən ibarət satış-sərgi açılıb


Mayın 17-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) xeyriyyə aksiyası keçirilib. Universitetin həyətində  “Ümid yeri” uşaq evinin sakinlərinin  əl işlərindən ibarət satış-sərgi açılıb. Sərgidə uşaq evinin sakinlərinin hazırladıqları  kiçik ölçülü milli musiqi alətlərindən ibarət kompozisiyalar, toxuculuq nümunələri,  müxtəlif muncuq, daş-qaşla işlənmiş qadın bəzək əşyaları, balıqqulağı və şüşədən hazırlanmış suvenirlər, xalçalar, milli ornamentli mütəkkə və araxçınlar, rəsm əsərləri nümayiş olunub.

 

AzMİU-nun rektoru,  professor Gülçöhrə  Məmmədova  “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimli ilə birgə sərgidə nümayiş olunan əl işlərinə baxıb, sığınacağın sakinləri üçün ianə verib, həm də alış-veriş edib. Rektorla bərabər satış-sərgidə universitetin dekanları, kafedra müdirləri və tələbələri də fəal iştirak edib, sərgilənən məhsullardan alıblar. Sığınacaq rəhbəri xeyriyyə aksiyasına qoşulan hər kəsə öz təşəkkürünü bildirib.

 

Qeyd edək ki, sərgi sabah da davam edəcək və sərgidə satılan məhsullardan əldə olunan vəsait uşaq evinin sakinlərinin  yaşayış şəraitinin yaxşılaşdırılmasına,  gündəlik ehtiyacların ödənilməsinə yönləndiriləcək.