İmtahandan xaric olunaraq nəticələri ləğv edilənlər var


I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə daxil olan xəbərə görə, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə 11 şəhərdə qəbul imtahanı keçirilib. İmtahan Respublikanın - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılıb.

 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Mayın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

 

Keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Abituriyentlər Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərən Apelyasiya Komissiyasına 21-23 may 2018-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 

Xatırladaq ki, Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.