İxtisas seçimi layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam edir


Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq, pedaqoji, tərcümə fakültələrinin dekanları, müəllim və tələbələri ixtisas seçimi layihəsi çərçivəsində Bakının Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksində olublar. Kompleksin akt zalında 9-11-ci sinif  şagirdləri ilə keçirilən görüşdə universitetin nümayəndələri məktəblilərə ali məktəbin tarixi, keçdiyi yol, onun beynəlxalq əlaqələri, tədris prosesi, burada fəaliyyət göstərən fakültələr, mərkəzlər, tədris olunan ixtisaslar, şöbə və kafedralar haqqında ətraflı məlumat veriblər.

 

Qeyd olunub ki, hazırda  BSU-da 5 fakültə, 34 kafedra,  magistratura və qiyabi təhsil şöbələri, o cümlədən məktəb-lisey kompleksi fəaliyyət göstərir. Son illərdə BSU-nun beynəlxalq əlaqələri daha da genişlənib. Belə ki, BSU slavyan ölkələri ilə yanaşı,  Fransa, ABŞ,  İngiltərə, Türkiyə, Yunanıstan, Gürcüstan  və s. ölkələrin nüfuzlu ali təhsil, elm və mədəniyyət müəssisələri ilə də sıx əlaqələr yaradıb, tələbə-müəllim mübadiləsi həyata keçirir.

 

Universitet əməkdaşları BSU-ya qəbul qaydaları, məzunların işlə təmin edilməsi və s. barədə də danışıblar. Onlar gəncləri ixtisas seçərkən səhv etməməyə, öz arzularına uyğun fakültə və ixtisaslar seçməyə çağırıblar. Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara universitet həyatından bəhs edən kitablar, bukletlər paylanılıb.

 

Liseyin direktoru Fuad Babayev qonaqları rəhbərlik etdiyi təhsil müəssisəsinin sinif otaqları, kompüter və idman zalı ilə tanış edib.