Tələbələr müəssisənin fəaliyyəti haqqında geniş məlumat almaq imkanı qazanıblar


Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələrindən ibarət  “Port of Baku” komandası  Şəmkir Agroparkın Logistika Mərkəzinə səfər ediblər. Müəssisənin fəaliyyəti haqqında geniş məlumat almaq imkanı qazanan tələbələrin bəzi suallarına yerində aydınlıq gətirilib.

 

Əvvəlcə Logistika Mərkəzinin direktor müşaviri Aqşin Sadıxov müəssisə haqqında geniş məlumat verib. Qeyd edib ki, Şəmkir Agropark sifarişçinin tədarük zəncirinin idarə edilməsində logistik əməliyyatlar rolunu öz üzərinə götürərək, məhsulun nəqlindən başlayaraq, son istifadəçiyə qədər  çatdırılmasını, eləcə də  malların saxlanılması, qapıdan-qapıya çatdırılmasını təmin edir. Mərkəzin xarici əlaqələr üzrə mütəxəssisi Jalə Rzayeva isə müəssisənin MDB, Avropa, Yaxın və Orta Şərq ölkələrinə daşıma üzrə 3-cü şəxs logistikası xidmətləri, həmçinin anbarlar, paylama terminalları, nəqliyyat və intellektual idarəetmə sistemləri ilə bağlı əlavə xidmətlər təklif etdiyini  diqqətə çatdırıb.

 

Sonra tələbələr Logistika Mərkəzinin laboratoriyası ilə tanış olublar. Laboratoriyanın müdiri Yusif Hacıyev qeyd edib ki, burada ən yeni texnologiyalara əsaslanan müayinələrin dəqiqlik dərəcəsi 91-93% təşkil edir. Kompleksə saxlama üçün veriləcək məhsulların əvvəlcə laborator analizlə keyfiyyəti yoxlanılır, yararlı olub-olmadığı müəyyənləşdirilir. Beləliklə ən əsas risklərdən birinin - saxlanılacaq məhsulun xarab olmasının qarşısı alınır. Aparılan laborator analizlər sayəsində region sahibkarları becərdikləri məhsulların mövcud standartlara nə dərəcədə uyğun olmasını, ixraca yararlılığını da əvvəlcədən öyrənirlər.

 

Daha sonra Mərkəzin texnoloqu Arzu Şıxlı tələbələri saxlanma soyuducuları ilə tanış edib. O qeyd edib ki, mərkəzdəki ümumi həcmi 24.000 ton olan 71 soyuducu kamera bütün növ məhsulları uzun müddət və keyfiyyətli saxlamağa imkan verir.

 

Səfər zamanı tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən geniş cavablandırılıb.