ADNSU-da görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illiyi qeyd edilib


Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) böyük dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

 

Tədbirdə tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev, “Azərbaycan dili” kafedrasının müdiri, dosent Ədalət Abbasov, həmçinin ADNSU-nun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak edib.

 

Tədbirin Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən təşkil olunduğunu bildirən dosent Ata Babayev xalqımızın yaddaşında silinməz izlər buraxan Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının yetişdirdiyi ən böyük simalardan biri olduğunu qeyd edib.  A. Babayev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu bildirib.

 

“Azərbaycan dili” kafedrasının müdiri, dosent Ədalət Abbasov böyük şair-dramaturq Hüseyn Cavidi romantizm ədəbi məktəbinin poeziyamızda və dramaturgiyamızda yaradıcılarından biri, milli teatrın inkişafında böyük rol oynayan incəsənət xadimi kimi dəyərləndirib.  Ə.Abbasov mənzum dramın əsasını qoyan Hüseyn Cavidin, təxminən, 30 illik yaradıcılıq dövründə neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərlərinin bu gün də yüksək təsir gücünü qoruduğunu söyləyib.

 

Sonra tələbələr görkəmli dramaturqun həyat və yaradıcılığına həsr olunmuş çıxışlar edib, əsərlərindən parçalar söyləyiblər.