Qadınların elmi tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi müzakirə olunub


Fevralın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  “UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar” mövzusunda beynəlxalq elmi-praktik  konfrans keçirilib. Universitetin Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən konfransda  ali məktəbin rektoru, professor  Ədalət Muradov,  Gəncə Dövlət Universitetinin prorektoru, dosent, millət vəkili Pərvin Kərimzadə,  Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Mehriban Əlişanova, UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova,  Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Xalidə Bayramova,  Türkiyənin İstanbul Universitetinin prorektoru  professor Sedat Murat,  ali məktəbin professor-müəllim heyəti,  gənc qadın tədqiqatçılar iştirak edirdi.

Z.Məmmədov  qeyd edib ki, 11 fevral BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə uyğun olaraq bütün dünyada "Elmdə qadınlar"  Beynəlxalq Günü elan olunub. Onun sözlərinə görə, konfransda Azərbaycan ali  təhsil müəssisələrinin tədqiqat universitetlərinə transformasiyası dönəmində UNEC-də  gender siyasəti çərçivəsində qadınların elmi tədqiqat fəaliyyətlərinin  inkişaf etdirilməsi məsələsi müzakirə ediləcək. 
Universitetin rektoru, professor Ədalət Muradov çıxışında "Qadınlar elmdə"  Beynəlxalq Gününün təsis edilməsi zərurətinə toxunub. Bildirilib ki, bu günün təsis edilməsi qadınlara münasibətdə diskriminasiyaya qarşı mübarizədir. Rektor Azərbaycanda belə bir problemin, qadınlar və kişilər arasında heç bir diskriminasiyanın  olmadığını vurğulayıb. Regionun iqtisad yönümlü 4 ən yaxşı ali məktəbindən biri  olaraq  UNEC inkişaf üçün davamlı təkanlar axtarır, onlardan birincisi isə qadınlardır. 

Ə.Muradov  ali məktəblərin tədqiqat universitetlərinə çevrilməsi  üçün bir sıra tələblərin olduğunu deyərək, UNEC-də alimlərin  elmi tədqiqatlara cəlb olunması məqsədilə görülən stimullaşdırıcı tədbirlərdən danışıb.
Daha sonra tədbirdə spikerlərin təqdimatı dinlənilib,  onlara ünvanlanan suallar cavablandırılıb.

 

Oruc MUSTAFAYEV