Universitetin prorektorunun yeni kitabı çapdan çıxıb


Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında universitetin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Erməni kilsəsi və onun Rusiyanın Cənubi Qafqaz siyasətindəki yeri” adlı kitabının təqdimatı keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi və ictimai əhəmiyyyətini qeyd edərək erməni kilsəsi, onun spesifik cəhətləri, strukturu, keçdiyi tarixi mərhələr, bugünkü erməni cəmiyyətində və erməni icmalarında oynadığı roldan danışıb. Tutarlı, tarixi faktlarla zəngin bir mövzunu əhatə etdiyinə görə rektor müəllifi bu münasibətlə təbrik edib və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

 

“Hüquq fənləri” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli qeyd edib ki, 4 fəsildən ibarət olan kitabın I fəslində erməni kilsəsinin tarix boyu etdiyi saxtakarlıqlar,  II fəslində Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğal edilib müstəmləkəyə çevrilməsində erməni kilsəsinin oynadığı rol, III fəsildə isə qondarma “erməni” dövlətinin yaradılmasınıa nail olmaq siyasətinin iç üzü  tarixi faktlarla öz əksini tapıb. Öz sərvətinə görə 1 milyarddan artıq xristian-katoloikin baş məbədi sayılan Vatikanla müqayisə olunan Eçmiədzin kilsəsinin dünya siyasətində oynadığı rol haqda məlumat verilib.

 

Kitabın “Erməni kilsəsi ən yeni dövrdə” adlandırılan İV fəslində XX əsrin 70-ci illərindən etibarən erməni kilsəsinin himayədarlığı və maliyyə dəstəyi ilə Yaxın Şərqdə və Qərb ölkələrində çoxsaylı erməni terror təşklatları olan ASALA, ASOA və başqalarının iyrənc əməlləri haqda oxucular məlumatlandırılıb.

 

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev, NDU “Beynəlxalq münasibətlər” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, “Ümumi tarix” kafedrasının müəllimi Arzu Abdullayev çıxış edərək kitabın məziyyətlərindən danışıblar.