DİM xaricdə təhsil alanlara müraciət etdi


Dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilirlər. Dövlət İmtahan Mərkəzi (DİM) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaric ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış şəxslərə müraciət edərək onları vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda iştirak etməyə çağırıb. Müraciətdə onlara hər hansı bir çətinliklə qarşılaşarsa, Dövlət İmtahan Mərkəzinə müraciət etmələri tövsiyə edilib.

 

Qurumdan “Azərbaycan müəllimi” qəzetinə verilən məlumatda bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1 maddəsinə əsasən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədənkənar dövlət qulluğuna qəbul edilməlidir. Odur ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.