Şagirdlərimiz medalların sayını artırırlar


Məlumdur ki,  ölkəmizdə  şagirdlərin fənlərə marağının artırılması, bilik və bacarığı ilə fərqlənən istedadlı uşaqlarıın  aşkar olunması, onların rəğbətləndirilməsi öz müsbət nəticələrini verməkdədir. Xüsusi olaraq qeyd edilməlidir ki,  Təhsil Nazirliyi tərəfindən yaradılan olimpiada mərkəzlərində  xüsusi hazırlıq keçən yetirmələrimizin xoş sorağı artıq beynəlxalq bilik yarışlarından gəlir.  May ayında  Serbiya və Rusiyada keçirilən olimpiadalardan şagirdlərimizin vətənə medallarla qayıtması  Azərbaycanın olimpiada hərəkatında mövqeyini xeyli möhkəmləndirib.  Budəfəki  yazımız isə mayın sonlarında, iyunun əvvəllərində Moskvada keçirilmış  Avropa Fizika Olimpiadasının (EuPHO)  qalibləri olan şagirdlərimizlə bağlıdır. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Mehdi Ağacanov olimpiadanın gümüş, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmmədcan Məhəmmədcanov isə bürünc medallarına layiq görülüb.  

 

Dünyanın 23 ölkəsinin iştirak etdiyi bilik yarışmasında Azərbaycan 4 şagird və 2 komanda rəhbəri olmaqla 6 nəfərlik heyətlə təmsil olunub.  Qalibləri daha yaxından tanıyaq.

 

“Əldə etdiyim nəticədə müəllimlərimin əməyi çox oldu” 

 

Məhəmmədcan Məhəmmədcanov, akademik Zərifə Əliyeva adına  liseyin  eksperimental  pilot siniflərinin    11-ci   sinif  şagirdi:  - 16 dekabr 2001-ci il tarixində Bakı şəhərində anadan olub.  2007-ci ildə Naxçıvan şəhər  7 nömrəli  tam orta məktəbin 1-ci sinfinə daxil olub.  Hazırda Xalqlar dostluğu “İstək”  liseyinin XI  sinif şagirdidir. 2016-2017-ci illərdə Asiya Fizika,  Beynəlxalq Fizika,  Jautıkov,  Beynəlxalq Meqapolis olimpiadalarında   iştirak edib. 2016-cı ildə Rusiyada keçirilən Fizika Olimpiadasında qızıl, “İstedadların hazırlığı”  laboratoriyası müsabiqəsində  bürünc medal qazanıb.    2017-ci ildə isə qızıl medala layiq görülüb. 

 

- Fizika üzrə beynəlxalq olimpiadalara VIII sinifdən “İstək” liseyinin olimpiada mərkəzlərində hazırlaşıram.  Təhsil Nazirliyinin təşkilatçılığı ilə olimpiada hazırlıq mərkəzində 1 aylıq nəzəri və 1 həftəlik eksperimental intensiv  hazırlıq dərslərində iştirak etdim.  Avropa olimpiadasında təqdim olunan imtahan sualları gözlədiyim qədər çətin idi, güclü hazırlıq keçməyim sualları həll etməyimə çox kömək oldu və bunun nəticəsi olaraq bürünc medala layiq görüldüm.

 

Əldə etdiyim nəticədə, nailiyyət qazanmağımda, təbii ki,  müəllimlərimin əməyi çox oldu. Onların  əziyyəti sayəsində fizikanı daha dərindən öyrəndim və bunun  olimpiadadakı nəticəmə çox böyük təsiri oldu.   Gələcəkdə arzum aerokosmik mühəndisliyi üzrə xaricdə təhsil almaq, ölkəmin adını daim uca tutmaqdır.

 

“Qazandığım uğurlara görə dövlətimizə minnətdaram”

 

Mehdi Ağacanov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi: - 17  iyun 2001-ci il tarixində  Bakı şəhərində ziyalı ailəsində anadan olub.  2007-ci ildə Bakıdakı 165 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. VIII sinifdə oxuyarkən  fizika fənn olimpiadalarında fərqlənib.  Əldə etdiyi yüksək nəticələr nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən təşkil olunan xüsusi  olimpiada   hazırlıq kurslarına dəvət olunub.  Bununla da beynəlxalq olimpiada hərəkatının fəal  iştirakçılarından biri  kimi  2016-cı ildə Qazaxıstanın Almatı şəhərində hər il keçirilən Jautıkov,  2017-ci ildə İndoneziyanın  paytaxtı Cakartada keçirilən Ümumdünya İPHO fizika olimpiadalarında  iştirak edib.  2017-ci ildə Moskvada   keçirilən məktəblilərin fizika, riyaziyyat, informatika və kimya olimpiadasında paytaxt Bakını təmsil edərək bürünc, cari ilin mayında isə 2-ci EuPHO Avropa üzrə fizika fənn olimpiadasında  gümüş medallara layiq görülüb.

 

- Moskva Olimpiadası bizim üçün uğurlu keçdi.  Medallar uğrunda  güclü rəqabət var idi.  2 mərhələdə keçən Avropa  olimpiadasında təqdim olunan tapşırıqlar xeyli çətin idi.  Lakin ciddi hazırlıq keçdiyimizdən uğur qazana bildik.  Qazandığım uğurlara görə  valideynlərimə, müəllimlərimə, Təhsil Nazirliyinə və dövlətimizə minnətdaram. Hazırda Portuqaliyanın paytaxtı Lissabon şəhərində  məktəblilər arasında keçiriləcək Ümumdünya İPHO olimpiadasında  yüksək nəticə göstərmək üçün hazırlaşıram. 

 

“Şagirdlərimizin hazırlığını çox yüksək qiymətləndirirəm”

 

Komandamızın rəhbəri Naqif  Nəbiyev:  -  Moskvada keçirilən Avropa  Fizika Olimpiadasının nəticələrini  yüksək qiymətləndirmək  olar.   Olimpiada 2 mərhələdə  -  5 saat davam edən eksperimental və nəzəri mərhələdə keçdi.  Eksperimental mərhələdən sonra şagirdlər bir gün dincəldilər.   Nəzəri məsələlər olduqca maraqlı idi.  Şagirdlərimiz   2 medal  qazandılar.  Ümid edirəm ki,  növbəti olimpiadalarda uğurlarımız daha yüksək olacaq.  Deməliyəm ki, olimpiada  sualları  orta məktəbin tədris proqramlarından kənara çıxır,  onları  cavablandırmaq üçün dərin hazırlıq mərhələsi  çox vacibdir.  Uşaqlarımız   lazımi hazırlıq mərhələsi keçdiyindən  olimpiadanın  sual və tapşırıqlarına cavab verə bildilər.  Məlumdur ki,  bu cür olimpiadalara gələn şagirdlər öz ölkələrində xüsusi hazırlıq keçirlər.  Yəni, kompleks hazırlıq tələb olunur.  Adətən beynəlxalq olimpiadaların bağlanış mərasimi, qaliblərin mükafatlandırılması  çox yüksək səviyyədə təşkil olunur.  Qalib  komandanın şərəfinə  dövlət  bayrağının  qaldırılması mərasiminə bu ölkənin diplomatik nümayəndəliyinin əməkdaşları da qatılır, bu isə  şagirdləri və komandanı daha da ruhlandırır.  Bu çox arzuolunan haldır.  

 

Bizi qarşıdan, iyulun sonlarında Portuqaliyada keçiriləcək Dünya Fizika Olimpiadası gözləyir. Avropa Olimpiadasında medal qazanmış hər iki şagirdimiz dünya olimpiadasında  iştirak etmək hüququ qazanıb.  Digər şagirdlərimiz isə respublika fənn olimpiadasının nəticələrinə əsasən  uğur qazanmış məktəblilər arasından seçiləcək.  Ümid edirəm ki, görülən  işlər  sayəsində şagirdlərimiz  növbəti mərhələdə də ölkəmizi layiqincə təmsil edəcəklər. Ümumiyyətlə, olimpiada ənənələrimizi populyarlaşdırmalıyıq ki, şagirdlərimizin bu cür bilik yarışlarına marağı  artsın.  Şagirdlərimizin hazırlığını çox yüksək qiymətləndirirəm. Bu vaxta qədər  şagirdlərimizdən  2 nəfər qızıl medal qazanıb,  onlar xarici universitetlərdə təhsil alırlar.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi istiqamətində gördüyü məqsədyönlü tədbirlər sayəsində şagirdlərimiz bir sıra mötəbər bilik yarışlarında uğur qazanıblar. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri istedadlı  şagirdlərin  olimpiadalarda  yüksək səviyyədə iştirakını təmin edib.

 

Oruc MUSTAFAYEV