ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun anım günü keçirilib


İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunan tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkili Elmira Axundova, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə,  universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı Milli Qəhrəman Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür və döyüş yolundan, göstərdiyi şücaətlərdən danışıb, onun  qəhrəmanlığının hər bir gəncə örnək olduğunu vurğulayıb. Rektor M.Babanlı Mübariz kimi qəhrəmanların Azərbaycan xalqı var olduqca qəlblərdə daim yaşayacağını və heç vaxt unudulmayacağını bildirib.

 

Millət vəkili E.Axundova,  Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik  Ə.Qənizadə çıxışlarında M.İbrahimovun vətənə bağlılığından və Azərbaycanın qəhrəmanlıq tarixində qoyduğu silinməz izdən söz açıblar.