İyulun 3-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, şagirdlər özlərinin, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
 
Məlumat üçün qeyd edək ki, həmin gün Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonunun ümumtəhsil müəssisələrinin məzunları, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək.
 
Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
 
Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.