Şagirdlər hərbi hissəyə kitablar hədiyyə ediblər


26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin 2k sinif şagirdləri “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüblər.

 

Görüş Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin 2k  sinif şagirdlərinin və ibtidai sinif müəllimi Kəmalə Fərəcovanın təşkilatçılığı , valideynlərin yaxından iştirakı ilə təşkil olunub. Tədbirə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın: “Müəllim şagirdlərinə yalnız təhsil verməklə kifayətlənməməlidir. Müəllim ölkəmizin gələcəyi üçün sağlam düşüncəli, cəsarətli, vətəni sevən və lazım gələrsə, canını belə fəda edəcək vətənpərvərlər yetirməlidir”,- tövsiyəsi deviz seçilib, həmin tövsiyələrə uyğun olaraq hazırlıq işləri aparılıb.

 

Hərbi geyimli şagirdlər əsgərlərlə birlikdə Azərbaycan himnini ifa ediblər. Rəsmi hissədə hərbi hissənin komandiri, Qarabağ müharibəsinin veteranları, Abşeron RTŞ-in müdiri N.Məmmədovanın, Xırdalan şəhər 9 saylı məktəin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri  E.Hüseynovun, əməkdar müəllim H.Şahbəndəyevin, 2k sinfinin müəllimi K.Fərəcovanın çıxışlarından sonra şagirdlərin hazırladıqları geniş kompozisiya  təqdim olunub. Vətən sevgisi, işğal olunmuş torpaqlarımızdan düşməni qovmaq əzmi, Azərbaycan əsgərinin tərənnümü, əsgər və zabitlərimizin qəhrəmanlıq ruhunu ifadə edən şeirlər, mahnılar əsgərlər tərəfindən coşqu ilə qarşılanıb. Musiqi müəllimi Sevincin  təşkil etdiyi şagird xorunun ifası, müəllimin ifa etdiyi vətənpərvər və ritmik mahnılar əsgər və zabitlərin alqışları ilə qarşılanıb. İkincilərdən:  “Mən Mübariz qardaşımın yarımçıq qalmış işlərini axıra çatdıracağam, ana”,-deyən Salehin, “Azərbaycan əsgəri, dağla düşməni”,-deyən Zəhranın, “Sən bizim şərəfimizsən! Sən bizlərə örnəksən, Mübariz!”,- deyən Mələyin və digər şagirdlərimizin çıxışlarını zaldakılar sürəkli alqışlarla qarşıladılar. 9-cu sinif şagirdi Eminin oxuduğu lirik mahnılar gözəl ovqat yaradıb. Şagirdlər və qonaqlar əsgərlərlə birgə rəqs ediblər.

 

Sonda məktəblilər gətirdikləri kitabları hərbi hissəyə hədiyyə ediblər.

 

Yusif ƏLİYEV