"Times Higher Education"nun regional direktoru Yeqor Yablokov qəzetimizə danışdı


Böyük Britaniyanın dünyada təhsil sahəsində ixtisaslaşmış ən nüfuzlu təşkilatlarından olan Times Higher Education (THE) Avrasiya regionunda özünün ilk Təhsil Sammitinə (Times Higher Education Research Excellence Summit: Eurasia 2018)  hazırlaşır.  "Times Higher Education"nun regional direktoru  Yeqor Yablokov  "Azərbaycan müəllimi"nə açıqlamasında  avqustun 29-31 tarixlərində Rusiyanın  Kazan şəhərində keçiriləcək sammitin gündəliyi barədə  məlumat  verib.

 

Mühüm məlumatlardan biri ondan ibarətdir ki,  sammit çərçivəsində Avrasiya regionunun ən nüfuzlu universitetlərinin reytinqi açıqlanacaq.  Yeni reytinqdə təmsil olunacaq Azərbaycan universitetlərinin adları da  sammitdə məlum olacaq.
 

THE-nin regional direktoru qeyd edib ki,  ali təhsil sahəsində ekspertiza, təhlil və jurnalistka mərkəzi hesab olunan  Times Higher Education artıq 50 ildir  universitetlərin inkişaf strategiyasını müəyyən edir və nəinki akademik aləmdə, həm də onun hüdudlarından kənarda da  nüfuza malikdir. Sammitin şüarına (Uniting East and West in an emerging world research and innovation hub – Şərq və Qərbi tədqiqat və innovasiyaların yeni dünya mərkəzində birləşdirməklə) uyğun olaraq  tədbirin  vəzifəsi  ali təhsil problemlərinin müzakirəsini təşkil etmək və onların həlli yollarını göstərmək, eləcə də dünya səviyyəli universitetlərin davamlı inkişaf  vekorlarını və mexanizmlərini müəyyənləşdirmək məqsədilə  dövlət hakimiyyəti, ali təhsil və elmi müəssisələrin rəhbərlərini,  ekspertləri  bir araya gətirməıkdir. 

 

Sammitin proqramı ali məktəblərin  rektorları və prezidentləri, prorektorları, aparıcı elmi mərkəzlərin, özəl dövlət şirkətlərinin  rəhbərləri,  dünyamiqyaslı dövlət xadimləri və alimlər üçün nəzərdə tutulub.  Akademik cəmiyyətin maraqla izlədiyi məqam THE-nin diskussiyalarında hansı mövzularda müzakirələrin aparılmasıdır. Budəfəki  diskussiyalar da  ənənəvi olaraq dünyanın nüfuzlu universitetlərini  və tədqiqat mərkəzlərini maraqlandıran  mövzulara həsr olunacaq.  Bu mövzular aşağıdakılardır:

 

• Ali təhsil regional inkişafın lokomotivi kimi.  Ali təhsilə investisiyalar dövlət siyasətinin prioriteti kimi;    

• Dünya səviyyəli elmi araşdırmaların qlobal təsiri;

•  Akademik üstünlüyün milli təşəbbüsləri;

• Tibbi təhsilin gələcəyi;

• Gələcək barədə qayğı: istedadların cəlb edilməsi və investisiyaların təminatı.  Dördüncü sənaye inqilabı şəraitində universitet: problemlər və imkanlar.

 

THE-nin regional direktoru sonda qeyd edib ki,  ali təhsil və elmin inkişafı sahəsində dünya liderlərini  bir araya gətirən sammit, şübhəsiz ki,  2018-ci ilin ən mühüm intellektual hadisələrindən birinə çevriləcək, iştirakçıların  peşəkar inkişafına, yeni ideyaların yaranmasına və qarşıdan gələn yeni tədris ilində onların uğurla həyata keçirilməsinə güclü stimul  olacaq. 

 

Oruc MUSTAFAYEV