Tədbirdə gəncliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətini stimullaşdıracaq mövzular araşdırılıb, suallara aydınlıq gətirilib


“Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlığının qorunması diqqətdə saxlanılır, zəruri infrastruktur yaradılır. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada yüksək intellektli, vətənpərvər, milli düşüncəyə malik gənclər formalaşır. Onlar müxtəlif sahələrdə uğurlar qazanır, Azərbaycanın adını daha da yüksəklərə qaldırırlar. Məhz bu amillər nəzərə alınaraq Naxçıvan şəhəri 2018-ci il üçün Gənclər Paytaxtı seçilib. Bununla bağlı olaraq ilin əvvəlindən başlayaraq silsilə tədbirlər həyata keçirilir. III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin də Naxçıvan şəhərində keçirilməsi Naxçıvan Gənclər Paytaxtı tədbirlərinə bir töhfədir. Konqresin əsas məqsədi gəncliyin inkişafına töhfə verməkdir.

 

R.Məmmədov III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin gənclərlə iş sahəsində fəaliyyətin daha da yaxşılaşdırılması istiqamətində məhsuldar olacağına əminliyini bildirib, konqresin işinə uğurlar arzulayıb.

 

Konqresin Azərbaycan tərəfindən rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu çıxışında gənclərin sosial problemlərinin, o cümlədən mənzil-məişət məsələlərinin həllindən danışıb. Bildirib ki, bu sahəyə göstərilən dövlət qayğısının nəticəsində gənclər üçün yeni yaşayış binaları tikilir, gənc ailələrin mənzillə təmin olunması diqqət mərkəzində saxlanılır.

 

Konqresin Təşkilat Komitəsinin sədri Zəkəriyyə Bingöl çıxışında bildirib ki, III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi gənclərin müxtəlif problemlərinin həllində yeni yolların tapılmasına, bu sahədə araşdırma aparan elm adamlarının tədqiqat işlərini təqdim etməsinə imkan verir.

 

Keçmiş İstanbul və Şanlı Urfa millət vəkili, Baş nazirin danışmanlığını icra edən konqresin Türkiyə rəhbəri, professor Zeynəb Karahan Uslu bildirib ki, bu gün ölkələrin hərtərəfli inkişafında insan sərmayəsi böyük yer tutur. Bu sərmayənin ən mühüm hissəsi gənclərdir. Hazırda cəmiyyətimizin hərtərəfli inkişafında gənclik aparıcı rol oynayır, gənclər mühüm dövlət vəzifələrində təmsil olunur, millət vəkili kimi fəaliyyət göstərir. Bununla yanaşı, bu gün gənc nəslin sağlam böyüməsi, hər kəsin təhsil imkanlarından yararlanması, milli dəyərlərimizə sahib çıxılması dövlətlərimizin qarşısında duran mühüm məsələlərdəndir.

 

Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin prorektoru, professor Nevres Hüriyyət Aydoğan və Bandırma On Yedi Eylül Universitetinin prorektoru Zülfikar Bayraktar çıxışlarında qeyd ediblər ki, bu gün həm Türkiyə, həm də Azərbaycanda gənclərə böyük diqqət göstərilir, onların cəmiyyətin müxtəlif sahələrində fəaliyyəti təmin olunur.

 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasının və Türkiyə Respublikasının ali təhsil müəssisələrinin, eləcə də AMEA Naxçıvan Bölməsinin nümayəndələrinin iştirakı ilə “Naxçıvan” Universitetinin ev sahibliyi etdiyi III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi Naxçıvanda elmi və ictimai mühitin hansı səviyyədə olduğunu əyani şəkildə göstərir. Vaxtilə muxtar respublikada yalnız Naxçıvan Dövlət Universitetində elmi araşdırmalar aparılırdısa, bu gün bu proses AMEA Naxçıvan Bölməsini, “Naxçıvan” Universitetini və Naxçıvan Müəllimlər İnstitutunu da əhatə edib. İndi muxtar respublikanın ali təhsil və elmi müəssisələrində fəlsəfə və elmlər doktoru üzrə kadrlar hazırlanır. Bu, Naxçıvanda elmi mühitin inkişafının, eyni zamanda gənc elmi kadrların hazırlanmasında mövcud potensialın göstəricisidir. III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin də əhəmiyyəti ondadır ki, gəncliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətini stimullaşdıracaq mövzular araşdırılacaq, suallara aydınlıq gətiriləcəkdir.

 

Tədbirdə Naxçıvanı tərənnüm edən videoçarx nümayiş etdirilib.

 

Konqres öz işini bölmə iclasları ilə davam etdirib.