SDU-da məzun günü


Ömrün qayğısız, bitməz-tükənməz, sevinc dolu tələbəlik illəri! Elə bil dünən idi arzuların çin olduğu gün! Bir zamanlar həsrətlə boylandığın ali məktəbin kandarına kövrək-kövrək, həm də qətiyyətlə qədəm basdığın gün! Çox qəribədir, bir vaxtlar hərarətlə qarşıladığın doğma universitet bu gün səni müstəqil həyata, xoş müjdəli gələcəyə pərvazlandırır! 

 

İyunun 28-də Sumqayıt Dövlət Universitetinin həyətində “Məzun günü” tədbirinə toplaşmış məzunlar bu hissləri keçirirdilər. Məzunlar sanki son dəfə doğma ocaqla, sevimli müəllimləri, tələbə həmkarları ilə birlikdə olmaq fürsətini əldən verməyib bu kövrək, həzin, sevinc dolu günün hər anını, dəqiqəsini gözlərə, könüllərə həmişəlik həkk etmək istəyirdilər.

 

Tədbiri rektor, professor Elxan Hüseynov açaraq məzunları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

Tədbirdə elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara rektorluq tərəfindən fəxri fərman,  mükafat və hədiyyələr təqdim olundu. 

 

Sonra tələbələrin ifasında universitetin marşı səsləndi.

 

SDU-nun Ağsaqqallar şurasının sədri, Prezident təqaüdçüsü, professor Həsən Sadıqov, valideynlər adından Əli Abbasov və universitetdə təhsil alan əcnəbi tələbələrin valideynləri adından isə Hüriyyə Aykan çıxış edərək məzunlara səmimi təbriklərini çatdırdılar və gələcəkdə elmin, təhsilin inkişafına, dövlətçilik və azərbaycançılıq ideyalarına şərəflə xidmət etmələrini arzuladılar.                    

 

Məzunlar adından İsmayıl Faxtiyev çıxış edərək göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, müəllimlərinə minnətdarlığını bildirdi. Təhsil aldıqları müddətdə universitetin elmi və ictimai həyatında fəallığı ilə seçilən Elşad Əliyev və Çinarə Quluzadə rektor, professor Elxan Hüseynovun təqdimatı ilə işlə təmin olunduqlarına görə ona təşəkkürlərini bildirdilər və öz fəaliyyətləri ilə doğma ali məktəbin adını həmişə uca tutacaqlarına söz verdilər.

 

Sevinc və fərəh, ayrılıq və nisgil dolu “Məzun günü” bədii hissə ilə davam etdi və  bir ömür boyu yaşayacaq xoş xatirəyə çevrildi.