Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Mənim yay tətilim-2018” respublika uşaq rəsm müsabiqəsi elan olunub.

 

Müsabiqə məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və onların tətil ərzində diqqət yetirdikləri hadisələri rəsm əsərinə çevirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə  keçirilir.

 

İştirak etmək istəyənlər rəsmin fotosu ilə yanaşı, ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə oktyabrın 20-dək Xətai Sənət Mərkəzinə (Xocalı pr. 62), habelə https://www.facebook.com/Xetaisenetmerkezi/, whatsapp: 00994 51 310 74 01, instagram: xetaisenetmerkezi[email protected] ünvanlarına göndərə bilər

 

Seçim 12 yaşa qədər və 12-17 yaş arası kateqoriyalarında aparılacaq. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək. Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaq. Bu rəsmlərin müəlliflərinə diplomlar, fəal tədris mərkəzlərinə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə təqdim ediləcək.