5 gün davam edən tədbirdə 8-dən çox ölkədən nüfuzlu alimlər iştirak edib


İyulun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri” adlı XXXI beynəlxalq konfransın bağlanış mərasimi keçirilib.

 

ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov rektor professor Mustafa Babanlının tədbir iştirakçılarına salamını çatdırıb və konfransın mühüm elmi əhəmiyyətə malik olduğunu qeyd edib. Konfransın proqram rəhbəri professor Aleksandr Nakoneçnıy göstərilən yüksək səviyyəli dəstəyə və qonaqpərvərliyə görə təşkilatçılara minnətdarlığını bildirib. O,  növbəti konfransın Çexiyanın Praqa şəhərində keçiriləcəyini elan edib. Lənkəran Dövlət Universitetinin (LDU) rektoru vəzifəsini icra edən Natiq İbrahimov çıxışında konfransın elmi əhəmiyyətinə toxunub və belə bir beynəlxalq konfransda təşkilatçı qismində iştirak etməkdən məmnun qaldığını deyib.

 

Daha sonra tədbir iştirakçıları konfrans barədə təəssüratlarını bölüşüb, fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, konfrans iyulun 4-də öz işinə başlayıb. ADNSU, LDU və Taras Şevçenko adına Kiyev Milli Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Rusiya, Ukrayna, Polşa, Çexiya, Almaniya, Türkiyə, Gürcüstan və s. ölkələrdən nüfuzlu alimlər iştirak ediblər.