Fevralın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) Gəncə şəhərində məskunlaşmış Kəlbəcər qaçqınlarının təhsil aldıqları 1 nömrəli məktəbdəki pedaqoji təcrübə rəhbəri Anar Rəhimovun təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimində məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər, Kəlbəcər məktəblərinin direktorları, rayon təhsil şöbəsinin mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Şaiq Əhmədov təcrübəçi tələbələrin məktəbdə dərs keçməyə başladıqları 10 gün ərzində təhsil müəssisəsində xeyli canlanma yarandığını, şagirdlərdə ingilis dilinə nəzərəçarpacaq dərəcədə maraq oyandığını qeyd edib, pedaqoji təcrübə rəhbəri A.Rəhimova və təcrübəçi tələbələrə təşəkkürünü bildirib.

A.Rəhimov tədbirin əhəmiyyətindən danışaraq təqdimatı keçirilən kitabın Azərbaycanın xarici imicinin formalaşmasına çox böyük töhfə verəcəyinə inandığını vurğulayıb. O, əlavə edib ki, monoetnik ölkə olan bədnam qonşularımızdan fərqli olaraq ölkəmiz hər zaman çoxmillətli olub, buradakı xalqlar tarixən dostluq, qardaşlıq şəraitində yaşayıb.

Sonra ADU-nun təcrübəçi müəllimləri Roza Məmmədova və Səkinə Məmmədzadə Azərbaycanda mültikulturalizm və tolerantlıq ənənələrindən danışıb, Prezident İlham Əliyevin fikirləri, çıxışlarından seçmələr toplanmış kitabın nəşrini Azərbaycanın həyatında önəmli hadisə kimi xarakterizə ediblər.

Digər çıxışçılar multikulturalizmin Azərbaycanın həyat tərzi olduğunu və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.