Proqram tələbələrə rəqabətədavamlı karyera imkanları verəcək


Bakı Ali Neft Məktəbi (BANM) 2018/2019-cu tədris ilindən MBA (Biznesin idarə olunması) proqramının tədrisinə başlayır. Ali Məktəb tərəfindən bu istiqamət üzrə ilk dəfə qəbul elan olunmasına baxmayaraq magistraturaya qəbul olmaq arzusunda olan builki tələbələrin böyük marağına səbəb olub. Belə ki, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Magistr” jurnalına əsasən, Ali Məktəbin MBA ixtisası üzrə elan etdiyi yerlərin hamısı dolub.

 

BANM-ın MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali Məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə tam cavab verəcək. Proqram öz tələbələrinə rəqabətədavamlı karyera imkanları, əlverişli dərs qrafiki, akademik mükəmməllik,  geniş profesional biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər əldə etmək imkanı verəcək.

 

Ali Məktəbin MBA proqramında strateji idarəetmə, maliyyənin idarə olunması, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları və digər önəmli fənlərin tədrisi nəzərdə tutulub. BANM həmçinin  MBA ixtisasında təhsil alacaq tələbələri üçün  müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etmək və əldə olunan bilik və bacarıqları tətbiq etmək imkanı yaradacaq.

 

Bakı Ali Neft Məktəbində MBA təhsili almağın daha bir üstünlüyü isə ondan ibarətdir ki,  proqramı tədris edən müəllimlər SOCAR və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləridir.