Bu il fənn olimpiadalarında şagirdlərimizdən 24-ü medal alıb


2017-2018-ci dərs ili başa çatdı. Məktəblidən tutmuş müəllimlərədək hər kəs: “biz dərs ilini necə başa vurduq” sualını özünə verərək ona cavab axtarır.  Bu axtarışda mənim sözlərim çalışdığım  fizika, riyaziyyat və informatika təmayüllü liseydə görülən işlər  haqqındadır. Hələ dərs ilinin əvvəlində pedaqoji şurada əvvəlki tədris ilinin yekunları pedaqoji kollektivin diqqətinə çatdırılaraq qeyd olunmuşdu ki, liseyi bitirən 72 məzundan 4 nəfər qızıl medala, 16 nəfər  fərqlənmə diplomuna layiq görülüb. Onlardan 59-u Azərbaycan universitetlərinə, 9 nəfəri isə xarici ölkə universitetlərinə daxil olmuşdu. Eyni bir sinifdən 5 məzunumuz isə Bakı Ali Neft Məktəbinə 662-686 arası ballarla eyni ixtisas üzrə daxil olmuşdur. Məzunlarımız həm respublika, həm də beynəlxalq olimpiadalardan ümumilikdə 25 medal,  o cümlədən  6 qızıl, 5 gümüş və 14 bürünc medal  qazanmışlar.

 

Başa çatmaqda olan 2017-2018-ci dərs ilinin də bir çox nailiyyətləri artıq  görünməkdədir. Belə ki,  DİM-in keçirdiyi ilk qəbul imtahanında 19 məzunumuz 600-dən çox bal toplayıb. Onlardan Rəna Əliyeva isə 700  balla ən yüksək nəticə göstərib. Rəna dərs əlaçısı olmaqla yanaşı, olimpiadalarda da fəal iştirak edir. O, 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadasnda liseyin şagirdləri Nəzrin Fərziyeva və Şəms Əliyeva ilə birlikdə müvəffəqiyyətlə çıxış edib.

 

Lisey şagirdlərinin 2017-2018-ci  dərs ilində fənn olimpiadalarında göstərdiyi  nəticələr daha ürəkaçandır. Respublika fənn olimpiadalarının yekun nəticələrinə görə liseyin şagirdlərindən 24 nəfəri medala layiq görülüb. Qazanılan medallardan 6-sı qızıl,  7-si gümüş,  11-i isə bürüncdür. Respublika üzrə yeganə göstəricidir ki, 9-cu sinif şagirdi Abutalıb Namazov 2 medala: informatikadan qızıl, riyaziyyatdan isə gümüş medala layiq görülüb.

 

Şagirdlərimiz müxtəlif ölkələrdə keçirilən beynəlxalq olimpiadalarda da müvəffəqiyyətlə iştirak etmişlər. Abutalıb Namazov 25-28 may tarixlərində Gürcüstan Respublikasının  Tbilisi şəhərində Universitet tələbələri arasında keçirilən “XII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi”ndə iştirak edərək Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan universitet tələbələri arasında komanda müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdür.

 

Serbiyanın paytaxtı Belqrad şəhərində 35-ci Balkan Riyaziyyat Olimpiadasında  (07-12 may 2018-ci il) ölkəmizi təmsil edən məktəblilər arasında FRİTL-in şagirdləri də var idi: Murad Ağazadə və Fərid İsmayılov. Murad Ağazadə bürünc medala, Fərid İsmayılov isə həvəsləndirici sertifikata layiq görülüblər.

 

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən Avropa Fizika Olimpiadasında (EuPHO 2018) Azərbaycan komandası uğurla çıxış edib. Komandanın tərkibində FRİTL-in şagirdləri Mehdi Ağacanov və Şəmistan Lətifov da var idi. Həmin olimpiadada Mehdi Ağacanov gümüş medal aldı. Onu da qeyd edək ki, həm Mehdi, həm də Şəmistan Respublika fənn olimpiadalarının da fizika üzrə qızıl medalçılarıdır.

 

Liseydə şagirdlərin marağına səbəb olan “Robottexnika” dərnəyi fəaliyyət göstərir.  12 may 2018-ci tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, “ADA” Universiteti və “Mars Academy”nin birgə təşkilatçılığı ilə keçirilən FRİST LEGO League Azərbaycan yerli turnirində VII sinif şagirdlərimizdən ibarət komandamız Kamran Məmmədov, Yağmur Novruzov, Rəvan Həsənov  və Toğrul Qasımzadə  uğurla iştirak edərək medallara layiq görülüb. Şagirdlərimiz olimpiadada “Hidrotexnika” mövzusuna uyğun olaraq  “Dağ çaylarından içməli su kimi necə istifadə etməli”  mövzusunda araşdırma  apararaq Kürəkçay çayı haqqında maraqlı məlumat toplamışlar.

 

Liseydə ilboyu riyaziyyat, fizika və informatika üzrə olimpiada mərkəzi fəaliyyət göstərir. Mərkəzdə lisey şagirdləri ilə yanaşı  Bakı, Sumqayıt, Mingəçevir şəhərlərinin istedadlı şagirdləri də fəal iştirak edirlər. Respublika fənn olimpiadalarında qaliblərin uğurlarını məhz bu mərkəzlərin layiqli işi kimi göstərmək olar.

 

20 may 2018-ci il tarixdə Bakı Modern Təhsil Kompleksində “Alplogo - 2018”, sketchUp-2018 və ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş  komanda proqramlaşdırma Olimpiadasında FRİTL-SER komandasının üzvləri Saleh İsayev, Emin Orucov,  Rza Hüseynov medallara  layiq görülüblər.

 

6 iyun 2018-ci il tarixində AMEA-nin Fizika İnstitutunda X siniflər arasında keçirilmiş V Fizika olimpiadasının qalibləri mükafatlandırıldı. Bakı məktəbliləri arasında keçirilən bu olimpiadada mükafata layiq görülənlər arasında liseyimizin şagirdləri də vardır.    Belə ki, X sinif şagirdləri Ramal Həsənli ikinci dərəcəli, Xəyal Həsənli, Elza Qurbanova və VIII sinif şagirdi Tamerlan Ağayev üçüncü dərəcəli diplomlara,  Əfrail Dadaşzadə və Tural Usubov həvəsləndirici mükafata layiq görülüblər.

 

Qarşıda qəbul imtahanlarının növbəti mərhələsi və riyaziyyat, fizika və informatika üzrə beynəlxalq olimpiadalar durur. İnanırıq ki, liseyimizin şagirdləri medalların sayını daha da artıracaqlar.

 

Valid MƏHƏRRƏMOV,

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin informatika müəllimi