Tərəflər təbii və mədəni irsin turizm məqsədi ilə istifadəsi üçün şərait yaradacaq


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi turizm sahəsində əməkdaşlığın inkişafına yardım etmək, Azərbaycan və Çinin turizm ehtiyatlarından səmərəli istifadə, o cümlədən bu istiqamətdəki təşəbbüsləri fəal şəkildə dəstəkləmək, ümumi turist şəbəkəsini formalaşdırmaq, turizm üzrə normativ-hüquqi sənədləri təkmilləşdirmək, vahid informasiya şəbəkəsinin tətbiq olunmasını təşviq etməkdən ibarətdir.

 

Müqaviləyə əsasən tərəflər təbii və mədəni irsin turizm məqsədi ilə  fəal istifadəsi üçün şərait yaradacaq, ənənəvi turizm marşrutlarının bərpa edilməsi və yenilərinin açılması üçün razılaşdırılmış tədbirlər görəcək, müxtəlif aktiv turizm növlərini (dağ-xizək, piyada, su, dağ, yelkən, atçılıq, veloturizm, macəra turizm, eləcə də biznes və kənd turizmi ) inkişaf etdirmək üçün addımlar atacaq. Azərbaycan və Çinin turizm bazarlarında turizm məhsullarının təbliğinə yardım etməyi., iki ölkənin turizmi barədə məlumat-təbliğat xarakterli kampaniyalar həyata keçirməyi də tərəflər öhdələrinə götürüblər. Bunlarla yanaşı turizm bazarlarında Azərbaycan və Çin turizm məhsullarının təqdimatı üçün innovasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə turizm forum və sərgi işləri də baş tutacaq. İmzalanma mərasimində AZTA İdarə Heyətinin sədri Nahid Bağırov Azərbaycanda turizm sahəsində  əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri, o cümlədən ölkəmizin turizm potensialı haqqında geniş məlumat verib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jinsun Çin və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq və anlaşmanın artırılması üçün iki ölkənin turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

 

ADU Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ölkələrimiz arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini qeyd edib.