Sənədli lentdə tanınmış pedaqoq-alim Əjdər Ağayevin həyat və fəaliyyət yolundan söz açılır


İyulun 20-də Xəzər Universitetində görkəmli elm xadimi, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin yaradıcılığına həsr olunmuş “Müəllimlər müəllimi” sənədli filminin təqdimatı olub. Mərasimdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, filmin rejissoru, professor Əlinasir İmanlı, Təhsil Şurası İdarə Heyətinin üzvləri,  tanınmış pedaqoq alimlər, Ə.Ağayevin yetirmələri və ailə üzvləri iştirak ediblər.

 

Tədbiri xəstəliyi üzündən mərasimə qatıla bilməyən professor Ə.Ağayevin həyat yoldaşı, biologiya müəllimi Zəkiyyə Sayılova açaraq  zala toplaşanları salamlayıb və ailələri adından onlara minnətdarlığını bildirib.

 

Təqdimat mərasiminin aparıcısi Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov öncə  film və onun  yaradıcısı, professor Əlinasir İmanlı haqqında qısa məlumat verib.  Bildirib ki,  professor Əldər Ağayevin anadan olmasının 80 illiyi münasibətilə hasilə gətirilən sənədli filmdə müqtədir alimin Azərbaycan pedaqogika elminə gətirdiyi yeniliklər təhlil edilib, fəaliyyəti müasirləri tərəfindən dəyərləndirilib, elmi irsinin geniş tamaşaçı auditoriyasına çatdırılması qarşıya məqsəd qoyulub.

 

Sonra film izlənilib.

 

Filmin rejissoru Ə.İmanlı  həm ideya müəllifi olduğu, həm də quruluş verdiyi sənədli lentin üzərində apardığı yaradıcılıq işindən danışıb. Daha sonra film ətrafında müzakirələr aparılıb. Müzakirələrdə söz alan qocaman təhsil işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Nəcəf Nəcəfov, ADPU-nun dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, BDU-nun  dekanı, pedaqogika üzrə elmlər doktoru, professor  Hikmət Əlizadə, professor Vidadi Xəlilov, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov,  ADU-nun dosenti Vidadi Bəşirov, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov, yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Sahib Sayılov və başqaları filmi yüksək qiymətləndirib, onun məziyyətlərini sadalayıb, filmin  professor Ə.Ağayevin  çoxşaxəlı fəaliyyəti və yaradıcılığı barədə geniş təsəvvür yaratdığını, burada Əjdər müəllim haqqında danışanlar tərəfindən onun elmi, publisistik, bədii yaradıcılıq fəaliyyətinin dərin təhlilinin verildiyini, yüksək insani keyfiyyətlərinin açılıb göstərildiyini qeyd ediblər. Çıxış edənlər habelə professor Ə.Ağayevin təhsilimizə xidmətlərindən, pedaqogika elminə verdiyi töhfələrdən  danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

Yusif ƏLİYEV