“eTwinning Plus” layihəsinə qoşulmuş təhsil işçilərinin bu ilin sonunadək xarici ölkələrdə keçiriləcək beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsi başa çatıb

 

“eTwinning” proqramı üzrə il ərzində layihələrdə iştirak edən təhsil işçiləri üçün müxtəlif seminarlar, konfranslar və peşəkar inkişaf proqramları təşkil olunur. Xarici ölkələrdə keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlərin iştirakı ilə bağlı bütün xərclər Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən imzalanmış “eTwinning Plus” qrant layihəsinin büdcə hesabından maliyyələşdirilir.

 

Tədbirlərdə iştirak üçün seçim müsabiqəsi 2 mərhələdə aparılır. Bu il 1-ci mərhələyə 26 nəfər müəllim müraciət edib. Müraciət edən hər bir namizəd üçün ilkin bal hesablanıb. Müsabiqənin 2-ci mərhələsinə keçən 8 nəfər namizəd Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsini təmsil edən işçi qrupu tərəfindən müsahibə mərhələsinə dəvət olunublar. İyulun 23-də keçirilən müsahibədən uğurla keçən 4 nəfər namizəd cari ildə eTwinning çərçivəsində Avropa şəhərlərində keçiriləcək beynəlxalq təlimlərdə iştirak hüququ qazanıblar.

 

Qeyd edək ki, Azərbaycanda “eTwinning Plus” layihəsi 2016-cı ildən etibarən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır. Layihə çərçivəsində Azərbaycandan indiyədək 261 məktəbdən 726 müəllimin iştirakı ilə 786 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda, “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədi ilə onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunub və layihəyə üzv olan müəllimlər bu tədbirlərdə iştirak ediblər.