Ən yüksək nəticəni 100 ballıq şkala üzrə 72,5 bal toplamış abituriyent qazanıb


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanlarının nəticələri iyulun 27-də elan olunub.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qaydada keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan 462 abituriyent UFAZ-a qəbul imtahanında iştirak edib.

 

İyulun 25-də keçirilən qəbul imtahanında abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar. Tələbələrin bilikləri 100 ballıq şkala üzrə qiymətləndirilib. Ən yüksək nəticəni 72,5 bal göstərici ilə DİM-in keçirdiyi imtahanlarda 695 bal toplamış abituriyent qazanıb.

 

Qəbul imtahanlarında müvəffəqiyyət qazanmış abituriyentlər Azərbaycan-Fransız Universitetində təhsil almaq istədiklərini təsdiqlədikdən sonra UFAZ-ın tələbəsi statusunu qazanacaqlar. Azərbaycan-Fransız Universitetinə qəbul imtahanlarında müvəffəqiyyət əldə etmiş tələbələrdən hər hansı biri əgər burada təhsil almaq istəyini təsdiqləməzsə, sıra ilə növbəti yaxşı nəticəni göstərmiş abituriyent UFAZ-ın tələbəsi olmaq imkanı əldə edir.

 

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar artıq digər ali məktəblərə müsabiqədə  iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

 

Nəticələrdən qane olmayan abituriyentlər üçün iyulun 28-də appelyasiyaya müraciət etmək imkanı yaradılıb.

 

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər.

 

UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.