Məlum olduğu kimi, 2018-2019-cu tədris ilində respublikamızın ali təhsil müəssisələrinə tələbə qəbulu prosesi başa çatıb. Belə ki, ali məktəblərə bütün ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları yekunlaşdıqdan sonra iyulun 30-dan avqustun 14-ə kimi ixtisas seçimi aparılıb. Avqustun 15-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

Tələbə adını qazanmış şəxslər avqustun 16-dan 28-dək sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 16-dan 20-dək İnternet vasitəsilə aparılacaq.

 

Avqustun 16-dan bütün ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də qəbul olunmuş tələbələrin qeydiyyata alınması başlayıb. ADPU-nun rektoru, professor Cəfər Cəfərov 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetin 8 fakültəsinin - filologiya, riyaziyyat və informatika, tarix və coğrafiya, kimya və biologiya, İbtidai təhsil, məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, fizika və texnologiya fakültələrinin dekanlarından və əməkdaşlarından ibarət Sənəd Qəbulu Komissiyasının yaradılması barədə müvafiq əmr imzalayıb. Sənəd Qəbulu Komissiyasına ümumi rəhbərliyi sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev həyata keçirir. Sənəd Qəbulu Komissiyasının məsul şəxsi professor İbrahim Bayramovdur. Məlumat üçün bildirək ki, bu il birbaşa ADPU-da 22 ixtisas üzrə 2225 plan yerinə 2193 nəfər qəbul olunub. “Coğrafiya müəllimliyi” ixtisasında rus bölməsində 11, “Fizika müəllimliyi” ixtisasında rus bölməsində  12  və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasında rus bölməsində 9, cəmi 32 yer boş qalıb. Beləliklə, ADPU-da plan yerləri 98,6 faiz, keçən il 97,18% dolub.  ADPU-nun filialları üzrə isə nəticə 100% təşkil edib.

 

Sənəd Qəbulu Komissiyasına universitetə qəbul olunmuş tələbələrin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işləməsi tapşırılıb. Komissiya universitetə qəbul olunmuş I tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Həmçinin ADPU-nun 5 filialında-Ağcabədi, Şəki, Quba, Şamaxı və  Cəlilabad filiallarında yaradılmış Sənəd Qəbulu Komissiyaları da öz işlərinin öhdəsindən layiqincə gəlirlər.

 

Qeyd edək ki, bu il ADPU-da tələbələrin qeydiyyata alınması zamanı bir yenilik də tətbiq edilib. Belə ki, tələbələr arasında sorğu keçirilir. Həmin sorğuda tələbələrin anket göstəriciləri, niyə ADPU-nu seçmələri, ADPU haqqında bilgiləri, hansı ixtisasa qəbul olunmaları, ADPU haqqında haradan məlumat əldə etmələri, universitet haqqında ilk təəssüratları barədə məqamlar öz əksini tapıb.

 

Məlumat üçün bildiririk ki, plana əsasən  ilk tədris ili tələbələri üçün 15 sentyabr tarixində fakültələrdə və filiallarda orientasiya təqdimatlarının təşkil olunması nəzərdə tutulur.