Birinci sinfə 61 min uşaq qəbul olunub


Finlandiya məktəblərinin əksəriyyətində yeni tədris ili başlayıb.  Məktəb tətilləri bələdiyyələrdən asılı olaraq müxtəlif günlərdə başa çatıb.  Bəzi əyalətlərdə- Xyameenlinna,  Pori və  Rovaniemidə uşaqlar avqustun 8-dən məktəbə qayıdıblar. Kiçikyaşlı finlərin əksəriyyəti isə, məsələn,  Helsinkidə avqustun 9-da parta arxasında əyləşib. Finlandiyada yay tətilləri iyunda başlayıb. Ölkənin İqtisadi İnkişaf  Nazirliyi  turizm mövsümü ilə bağlı  tətillərin iki həftə əvvəl başlamasını təklif edib.

 

Təhsil idarəsinin məlumatına görə, bu il  Finlandiyada birinci sinfə  61, liseylərə isə 32 min  uşaq gedəcək. Bütövlükdə I-IX siniflərdə 560 min  şagird oxuyacaq. Bu isə ölkə əhalisinin 10 faizini təşkil edir. Son illərdə aşağı  siniflərdə şagirdlərin sayı artır. Bundan başqa, bəzi məktəblilər ana dili  kimi  fin dilini deyil, İsveç və ya saam dilini öyrənir. 2016-cı ildə məktəblərin aşağı siniflərində başqa dildə danışan uşaqların sayı 6,5%,  liseylərdə isə 5,5% təşkil edib.

 

Oruc MUSTAFAYEV