500 və daha çox bal toplayan 2090 nəfər müəllimlik ixtisasını seçib


Bütün ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də 2018-2019-cu tədris ili üçün tələbə qəbulu prosesi artıq başa çatıb. Xüsusi qeyd etmək istəyirik ki, ADPU 2018-2019-cu tədris ili üçün tələbə qəbulunda yüksək nəticələr əldə edib. Bunu rəqəmlər də birmənalı şəkildə təsdiqləyir. Belə ki, son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha çox bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Yüksək bal toplayan tələbələr müəllim olmağa üstünlük verirlər. 5 il öncə 500 və daha çox bal toplayan 922 nəfər abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha çox bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.

 

Məlumat üçün bildirək ki, bu il ADPU-ya 8 fakültə, 22 ixtisas üzrə 2160 tələbə - 935 nəfər tələbə dövlət sifarişi əsasında, 1225 nəfər tələbə isə ödənişli əsaslarla qəbul olunub. ADPU-da plan yerlərinə qəbul olunanların 97 faiz qeydiyyatdan keçib.

 

Məmnunluq hissi ilə deyə bilərik ki, son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının əsas mərkəzi hesab edilən  ADPU-nu seçənlərin sayı artıb. Belə ki, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrdən cəmi 20 nəfəri 500-dən çox bal topladığı halda, 2017-2018-ci tədris ilində 273  , bu il isə 527 nəfər ADPU-da təhsil almaq arzusunu gerçəkləşdirib. Bu da 5 ildə təxminən 27, 1 il ərzində isə 2 dəfə artım deməkdir. Builki tədris ilində 11 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

 

2017-2018-ci tədris ilində 500 və daha çox bal toplayanlardan 29 nəfəri ADPU-nun “İbtidai sinif müəllimliyi” ixtisasını seçdiyi halda, cari ildə bu rəqəm 129 olub. Bu, həmin ixtisas qrupunda sanballı  göstəricidir.

 

Məlumat üçün onu da qeyd edək ki, yeni tədris ilində ADPU-nun Şəki Filialına 8 ixtisas üzrə 189, Quba Filialına 6 ixtisas üzrə 181 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 133, Şamaxı Filialına 5 ixtisas üzrə 118, Cəlilabad Filialına 4 ixtisas üzrə 121 nəfər qəbul olunub.. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) 9 illik təhsil əsasında 7 ixtisas üzrə 625, 11 illik təhsil əsasında 6 ixtisas üzrə 408 tələbə qəbul olunub. Ümumilikdə ADPK-yə 1033 nəfər tələbə qəbul olunub. Bütövlükdə ADPU-ya filiallar və kolleclə birlikdə 3935 nəfər tələbə qəbul olunub.

 

ADPU-nun 5 filialı üzrə 35 nəfər 500-dən çox, 4 nəfər isə 600-dən çox bal toplayıb. Bütövlükdə bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 566 nəfərə çatıb. Cari tədris ilində ADPU-ya filiallarla birlikdə 600-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 15 nəfər olub. Müqayisə üçün qeyd edək ki, ötən il filiallarla birlikdə 3 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

 

2018-2019-cu tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 17 ixtisas, 18 ixtisaslaşma üzrə 286 nəfər -106 nəfəri dövlət sifarişi əsasında, 180 nəfəri isə ödənişli əsaslarla qəbul olunub. Magistraturaya qəbul 86,6% olub.

 

Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat, həm də magistratura səviyyələrində yüksək göstəricilərdir. Bu yüksək göstəricilər isə son illər ölkədə və universitetdə həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü tədbirlər nəticəsində pedaqoji təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir.