Universitetdə riyaziyyat və kompüter elmləri fənlərini fransalı müəllim tədris edəcək


Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yeni tədris ili başlanıb. Bu addım akademik təqvimin Fransa təhsil sisteminə uyğunlaşdırılması və təhsil müəssisəsində iş rejiminin tənzimlənməsi məqsədilə atılıb.

 

Sentyabrın 7-də UFAZ-da 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar müəllim kollektivi ilə iclas keçirilib. İclasda ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilib. Eyni zamanda, cari tədris ili üçün yeni istiqamətlər və fəaliyyət planı müəyyənləşdirilib, qarşıda duran vəzifələr, dərs yüklərinin bölünməsi və yeni yanaşmalar müzakirə olunub. 

 

Hazırda  UFAZ-da 30-a yaxın professor-müəllim heyəti çalışır və 410 tələbə təhsil alır. Yeni tədris ilindən etibarən UFAZ-ın Fransadan dəvət olunmuş, daimi olaraq Bakıda işləyəcək müəllimi Loic Cellier UFAZ-ın dörd ixtisası üzrə (“Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “ Geofizika mühəndisliyi” və “Kompüter elmləri”) tələbələrə riyaziyyat və kompüter elmləri fənlərini tədris edəcək.