Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullayev  ötən illərdə olduğu kimi bu il də 15 sentyabr “Bilik günü”ndə orta məktəbdə şagirdlərə mühazirə oxuyacaq. Yeni tədris ilində akademik K.Abdullayevin mühazirə oxuyacağı məktəb Baskının Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdir.

 

Yaxın gələcəkdə reallaşacaq bir neçə layihənin gerçəkləşməsində ADU ilə əməkdaşlıq edən, bu il əsaslı təmir və yenidənqurmadan sonra qəsəbə sakinlərinin istifadəsinə verilən 295 nömrəli tam orta məktəb həm maddi-texniki bazasının zənginliyi, həm də son illərdə qazandığı nailiyyətlərlə ölkəmizin seçilən təhsil ocaqlarından birinə çevrilib. Akademik Kamal Abdullayevin mühazirəsi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda olacaq.