Aybəniz İsmayılova: “Müsabiqə qalibi olduğumu, qızıl medala layiq görüldüyümü bildim, ardınca BDU tələbəsi...”


Ağstafa rayon Köçəsgər kənd 1 nömrəli tam orta məktəbin məzunu Aybəniz İsmayılova 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl medalla təltif olunub, “Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibidir. Qızıl medalın sahibi və müsabiqə qalibi ilə həmsöhbət olub keçdiyi yola nəzər salıb uğurlarına işıq tutduq...

 

-Aybəniz xanım, öncə sizi tanıyaq.

 

- Mən Bakı şəhərində anadan olmuşam. Birinci sinifdən səkkizinci sinfə kimi elə Bakıda təhsil almışam. Sonra ailəmizlə birlikdə baba yurdumuz olan Ağstafa rayon Köçəsgər kəndinə gəlmişik və elə təhsilimi də Köçəsgər kənd 1 nömrəli tam orta məktəbində davam etdirmişəm.

 

- “Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibi oldun, qızıl medal aldın, eyni zamanda yüksək balla universitetə qəbul oldun. Bütün bunları biləndə hansı hissləri keçirdin?

 

- Bu, elə bir hissdir ki, sözlə ifadə etmək mümkün deyil. Ardıcıl olaraq həm “Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibi olduğumu, həm qızıl medala layiq görüldüyümü bildim, ardınca arzuladığım universitetin  seçdiyim fakültəsinə qəbul olduğumu öyrəndim. Özümü dünyanın ən xoşbəxt insanı hesab edirdim.  Hələ də o sevincin təsirindəyəm.

 

- Kimlər sənə daha çox dəstək oldu?

 

- Təbii ki, bu uğuru qazanmaq o qədər də asan deyildi. Müəllimlərim, valideynlərim  mənə çox dəstək oldu. Onlar məni özümə inandırdılar ki, sən bunu bacararsan...

 

- Bilirik ki, oxumağı, mütaliə etməyi sevirsən. Xüsusilə də ədəbiyyat fənninə marağın böyükdür. Bu həvəs nə vaxtdan yaranıb?

 

- Dördüncü sinifdə oxuyanda müəllimim mənə payız tətilində Mirzə İbrahimovun “Çandranın üsyanı” əsərini oxumağı tapşırmışdı. Amma mən oxumamışdım. Tətildən qayıdarkən oxumadığıma görə müəllimim məni danladı. Mən çox pis oldum və həmin əsəri oxudum.

 

Hər il yay tətilində kəndə gələrdik. Kənddə babamın şəxsi kitabxanası vardı. Mən Şekspirin “Romeo və Cülyetta” əsərini də oxudum. Getdikcə daha çox əsər oxumağa başladım və nəticədə  məndə bu sahəyə xüsusi maraq yarandı.

 

- Oxuduğun elə bir əsər var ki, ordakı baş qəhrəmanı özünə bənzədirsən və ya o qəhrəmanı özünə ideal hesab edirsən?

 

- Hər əsəri oxumağa başlayarkən təbii ki, orada özümə yaxın hiss etdiyim obraz olur. Marqaret Mitçellin “Küləklə sovrulanlar” əsərində baş qəhrəman Skarletin həyatla mübarizəsi mənim çox xoşuma gəlir. Bütün başına gələn çətinliklərə baxmayaraq Skarlet mübarizə aparır.Mən onu tam ideal insan kimi görürəm  və özümü ona bənzədirəm.

 

- “Ədəbiyyat biliciləri” müsabiqəsində 3 dəfə iştirak etmisən, hər dəfə də uğur qazanmısan. Aybənizə görə uğur formulu necədir?

 

- Bəli, üçüncü dəfə idi ki, müsabiqədə iştirak edirdim. İlk dəfə üçüncü, sonra ikinci yeri tutdum. Qarşıma məqsəd qoydum ki, bu dəfə mütləq qalib olmalıyam və oldum. Uğura nail olmaq üçün qarşına məqsəd qoymalısan. Uğurda məqsəd əsas rol oynayır. Qarşısına məqsəd qoyan insan istəyinə çatmaq üçün çalışıb-vuruşur, əlindən gələni edir. Təbii ki, müəllim və valideynlərimin əməyi də danılmazdır. Mən universitetə qəbul olmaq üçün beş fəndən hazırlaşırdım. Əsər oxumağa vaxt qalmırdı. Amma buna  baxmayaraq gecələr əsər oxuyurdum. Uğurun formulu bir az da yuxusuz qalmaqdır, əziyyət çəkməkdir.

 

- İmtahanlar necə keçdi, hansı universitetə qəbul olmusan?

 

- İmtahanlar yaxşı keçdi. Düşünürəm daha da yaxşı ola bilərdi. 627 bal topladım və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul oldum.

 

- Aybənizin gələcək arzuları nədir, özünü həyatda kim olaraq görürsən?

 

- Təhsilimi davam etdirib savadlı vətəndaş olmaq istəyirəm. Özümü yazıçı olaraq görürəm. Artıq yazmağa başlamışam. Əsas məqsədim oxunan yazıçı olmaqdır.

Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur” ifadəsi ilə...

 

Nəcibə VƏLİYEVA,

Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi