Bu münasibətlə NDU-da tədbir keçirilib


Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində  Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 18 sentyabr Azərbaycanın dünya şöhrətli bəstəkarı, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Bildirilib ki, Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına xidmət edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Vurğulanıb ki,  ümummilli lider Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Rektor müəllim və tələbələri bu münasibətlə təbrik edib

 

Tədbirin bədii hissəsində dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyasından müqəddimə, “Əsgərin ariyası”, “Telli və Vəlinin dueti”, “O olmasın, bu olsun” musiqili komediyasından parçalar ifa olunub. Ü. Hacıbəylinin “Sənsiz”, bəstəkarın əsərlərindən işləmələr, T.Quliyevin “Qaytağı” bəstələri tədbiri daha yaddaqalan edib.