Tədbir akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunub


Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasında akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunmuş “Fizikanın kondensə olunmuş mühitlərində müasir istiqamətlər”  mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb Üç gün davam edəcək konfrans kondensə olunmuş hal fizikasının akademik H.B.Abdullayevin elmi irsi ilə sıx əlaqəsi olan sahələrini, eləcə də, Azərbaycanda inkişafı onun adı ilə bağlı olan digər elm sahələrini (radiasiya fizikası, astrofizika, fiziki kimya, kristalloqrafiya, biofizika, idarəetmə sistemləri) əhatə edir.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə,  bu elm müəssisəsində konfrans çərçivəsində tədbirin açılış günündə təlim-seminar keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev təlim-seminarın superkompüter texnologiyaları, eləcə də big data analitikası problemlərinin müzakirəsinə həsr olunduğunu bildirib. 

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) İnformasiya Texnologiyaları Laboratoriyası (İTL) və Meksika Milli Avtonom Universitetinin məsul şəxsləri iştirak ediblər.

 

Tədbirin ilk günü BNTİ İTL-in direktoru Vladimir Korenkovun “CERN Böyük Adron Kollayderi üçün paylanmış hesablamalar”, İTL-in qrup rəhbəri Vladimir Gerdtin “Kvant hesablamaları və kvant məlumatlarına giriş”, İTL-in “HybriLIT” heterogen platformasının baş analitiki Maksim Zuevin “Superkompüter GOVORUN. Elmi hesablamaların yeni imkanları” və İTL-in əməkdaşı Nikita Balaşovun “Bulud texnologiyalarına giriş” mövzularında məruzələri dinlənilib.

 

Məruzələrə dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

 

Qeyd edək ki, təlim-seminarın növbəti günündə Meksika Milli Avtonom Universitetinin əməkdaşı Natiq Abdullayevin “Diskret Furye çevirməsinin artan və azalan operatorlarının cəbri xüsusiyyətləri”, BNTİ İTL-in əməkdaşı Sergey Belovun “Big Data analitikasına giriş”, İTL və AMEA Fizika İnstitutunun Yüksək enerji fizikası laboratoriyasının əməkdaşı Aleksey Bondyakovun “AZ-IFAN” Məlumat Mərkəzinin qrid və bulud infrastrukturu” və AMEA Fizika İnstitutunun Yüksək Enerji Fizikası laboratoriyası və BNTİ-nin əməkdaş Aleksandr Vodopyanovun “CERN Böyük Adron Kollayderində ALICE eksperimenti” adlı məruzələri təqdim olunacaq.

 

Yusüif ƏLİYEV