Universitetlə şirkət arasında müqavilə imzalanıb


Sentyabrın 25-də “ADEX 2018” sərgisi çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyə Havaçılıq və Kosmik Sənayenin (Turkish Aerospace) nümayəndələri növbəti dəfə görüşüblər. Bu ilin iyul ayında keçirilən ilk görüşün səmərəli nəticəsi olaraq tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

 

Müqaviləni AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov və Türkiyə Havaçılıq və Kosmik Sənayenin İnsan Resursları Departamentinin direktoru Mustafa Akkurt imzalayıblar.

 

Müqavilədə aviasiya və kosmik sənayenin metallurgiya, maşınqayırma, informasiya texnologiyaları, elektroenergetika və s. kimi bir sıra sahələrində birgə əməkdaşlıq nəzərdə tutulub. Bundan əlavə, müqaviləyə əsasən  AzTU ilə Türkiyə Havaçılıq və Kosmik Sənaye arasında mütəmadi olaraq qarşılıqlı səfərlərin reallaşdırılması, elmi və təcrübi biliklərin mübadiləsi, eləcə də birgə kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır. 

 

Tərəflər müqaviləni imzaladıqdan sonra birlikdə “ADEX 2018” sərgisində Türkiyə Havaçılıq və Kosmik Sənayenin pavilyonu ilə yaxından tanış olublar. Daha sonra digər pavilyonlarla, həmçinin AzTU alimlərinin ixtiralarının da sərgiləndiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkının pavilyonu ilə tanışlıq olub.