Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) IDEA İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə "Dünyanın ən böyük dərsləri” tədrisi metodikası üzrə seminar keçirilib.

 

Seminarın məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini müəllimlər və onların vasitəsi İlə şagirdlər arasında təbliğ etməkdir. Qeyd edək ki, UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv qurum kimi TİPİİ bu təşəbbüsü ötən ildən dəstəkləyir. Bu il isə İDEA İctimai Birliyi və UNİCEF-in tərəfdaşlığı ilə layihənin çərçivəsi daha da genişlənir. Bakı müəllimlərini əhatə edən seminar daha sonra 27-28 sentyabr tarixlərində Xaçmaz müəllimləri üçün də keçiriləcək.

 

"Dünyanın ən böyük dərsi" layihəsinin məqsədi isə hər il sentyabr ayının sonundan başlayaraq bütün dünya üzrə məktəblərdə Qlobal məqsədlər barədə dərslərin keçirilməsindən ibarətdir. Bu il Azərbaycanda keçiriləcək dərslərin mövzusu iqlim dəyişikliyi və onunla mübarizədə vətəndaş mövqeyidir.  

 

Sonda layihədə iştirak etmiş məktəblər “World’s Largest Lesson” internet səhifəsində yerləşən dünya xəritəsində işarələnir.

 

Xatırladaq ki, "Dünyanın ən böyük dərsi" təşəbbüsündə iştirak etmək istəyən məktəblər müvafiq dərs icmallarını TİPİİ-nin saytından əldə edə bilərlər. Beynəlxalq metodistlər tərəfindən hazırlanmış bu dərslər aktuallığı, dinamikliyi və fəaliyyətyönümlülüyü ilə fərqlənir.