(Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovun 50 illiyi münasibətilə)

 

Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovla 2010-cu ildən tanış olmuşuq. Həmin ildə Naxçıvan Müəllimlər İnstitutunun akreditasiyası zamanı mən komissiyanın sədri olmuşdum. O zaman Kamal müəllimlə qabaqcıl və istedadlı  gənc müəllim kimi tanış olmuşdum. Onu da qeyd edim ki, həmin illərdən Kamal müəllim kollektivin və rəhbərliyin sevimlisi idi. Rəhbərliyin ona verdiyi səlahiyyət böyük olsa da, özünü sadə və təvazökar aparması məni bir qədər də ona yaxınlaşdırdı. İşinə kimin isə müdaxilə etməsinə imkan verməzdi, ancaq məsləhət almağı da xoşlayardı. O vaxtlardan mən onu özümə kiçik qardaş və yaxın dost bilmişəm, bu günə qədər də bu səmimiyyət qorunub saxlanılmışdır.

 

Sonra taleyimiz elə gətirdi ki, biz ildən-ilə bir-birimizə yaxın olduq. Buna birinci səbəb sonrakı vaxtlarda Kamal müəllimin doktorluq dissertasiya işində mənim Elmi seminarın sədri və Dissertasiya şurasının üzvü olmağım oldu. Ona görə də Kamal müəllimin dissertasiya işinin müzakirəsi çox qızğın keçdi, çıxışları prosesə sədrlik edən birisi kimi məni sevindirdi. Gördüm ki, o, dissertasiya işini mükəmməl hazırlamışdır. Çıxış edərkən yüksək bilik nümayişi, tədqiqatçılıq və natiqlik məharəti məni sevindirdi. Tezliklə müdafiə işini uğurla tamamladı və Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın qərarı ilə ona elmi ad verildi. Ondan sonrakı proseslərin hər mərhələsində biz bir-birimizə dəstək və məsləhətçi olmuşuq. Azərbaycanın Əməkdar müəllimi Kamal Camalovun “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” (VII əsr - XX əsrin əvvəlləri) adlı dərs vəsaitinin ön söz müəllifiyəm (Bakı: ADPU-nun nəşriyyatı, 2019, 222 səh.) Qoca Şərqin böyük mütəfəkkiri Arif Ərdəbili yazır ki, “Ey qələm! Çalış fikir dənizindən yeni-yeni incilər çıxarasan. Sən şəkər verən qamışdan bununla seçilirsən ki, şəkər yerinə gövhər saçırsan. Özü də sənin məhsulun şəkərdən qat-qat şirindir”. Bu mənada, mütəfəkkirlərin fikir dənizindən yeni-yeni incilər tapıb çıxaran Kamal Camalovun tədqiqat dairəsi genişdir. Onun fikri sadə, sözü tam və inandırıcı, fəaliyyəti isə gərgin və məhsuldardır. Bu fikri onun “Azərbaycan romantiklərinin maarifçilik ideyaları”, “Həzrəti Əlinin elm və tərbiyə haqqında ideyaları”, “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə”, “Hüseyn Cavid və məktəb”, “Mollanəsrəddinçilər və ailə-məktəb problemi”, “Mollanəsrəddinçilərin maarifçilik ideyaları”, “Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları”, “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” və s. adlı dərslikləri, dərs vəsaitləri, monoqrafiyaları və 500-dən artıq elmi-pedaqoji yazıları da təsdiq edir. Bu sanballı əsərləri ilə Kamal müəllim Azərbaycan məktəb və pedaqoji fikir klassiklərinin, maarifpərvərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini təhlil etmişdir. Gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini üzə çıxarmış və bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüşdür.

 

Əməkdar müəllim Kamal Camalovun apardığı tədqiqatlar, yazdığı kitablar təsdiq edir ki, o, məktəb və pedaqoji fikir tarixinin tanınmış gənc tədqiqatçısıdır və bir gənc tədqiqatçı kimi tarixi mənbələrə istinad edərək dəqiq və düzgün yazmağa üstünlük verir. Elmi həqiqətin meyarı hesab edir və elmi fəaliyyətində bu meyara sadiq qalır. Ümumiləşdirmələrlə zəngin olan bu əsərlərdə xalqımızın mənəvi yaddaşını, vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik, humanizm barədə düşüncələrini, milli-mənəvi dəyərləri pedaqoji fəaliyyətin hərəkətverici qüvvəsinə çevirmək onun tədqiqatçılıq fəaliyyətinin başlıca meyarı olmuşdur. Vəsaitdə qeyd olunur ki, böyük mütəfəkkirlər ötüb keçənlərə deyil, dünəndən bu günə baxmış, sanki dünəni bugünləşdirmiş, dünənə bu günün çalarlarını əlavə edərək sabaha aparmış, əbədiləşdirmişlər. Söz xiridarlarının həyat yoluna və zəngin ədəbi-pedaqoji irslərinə dərindən nüfuz etdikcə, onların yaradıcılığı ətrafında tədqiqat və tapıntılar genişləndikcə görürük ki, öyrənilməmiş problemlər daha bariz, daha qabarıq şəkildə nəzərə çarpır. Sələflərin (Həzrəti Əli (ə.), Balasaqunlu Yusuf, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi, Fəzlullah Nəimi və b.) və xələflərin (Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov, Məhəmmədağa Şahtaxtlı, Firidun bəy Köçərli və b.) çoxcəhətli pedaqoji-ictimai fəaliyyətlərində elə məsələlər, elə problemlər vardır ki, bunlara indiyə qədər ya heç toxunulmamış, yaxud da ötəri və ya ümumi şəkildə bəhs olunmuşdur. Görkəmli maarifçi və pedaqoqlarla bağlı xarici ölkələrdə də çoxlu kitablar və məqalələr yazılmışdır. Ayrı-ayrı məqalələrdə böyük mütəfəkkirlərin təlim və tərbiyə məsələlərinin araşdırılmasına da təşəbbüslər göstərilmişdir. Lakin yenə də böyük ideya sahiblərinin fəaliyyətlərinə, o cümlədən, məktəb və maarif, tərbiyə və əxlaq məsələləri haqqında olan görüşlərinin tədqiqinə hələ də zəruri ehtiyac duyulur.

 

Bu zəruriliyə ehtiyac duyulduğunu hiss edən Kamal Camalov dərs vəsaitində sələflərin və xələflərin pedaqoji görüşlərini sistemləşdirmiş, ümumiləşdirmiş və müasir məktəb təcrübəsində istifadə imkanlarını üzə çıxarmaqla mənəvi ədalətsizliyin təsvirini, mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırışı, əxlaqi keyfiyyətlərin təbliği, vətənpərvərlik, humanizm, ailə tərbiyəsi, islam əxlaqı və ümumbəşəri dəyərlər ilə bağlı fikirləri araşdırmışdır.

 

Maraqlı cəhətlərdən biri də budur ki, Kamal Camalov tərəfindən pedaqogika tarixinin öyrənilməsində pedaqoq və maarifçilərin fəaliyyəti aşkara çıxarılır, tərbiyə və təhsilin təşəkkülü, inkişafı və deformasiyasının səbəbləri müəyyənləşdirilir, pedaqogika elminin təşəkkülü və inkişaf tarixinin yeni dövrləşməsi verilir, pedaqoji tənqid tarixinin yaradılmasına təşəbbüs göstərilir, pedaqoji görüşləri tədqiqdən təcrid olunmuşların (Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Fəzlullah Nəiminin və b.) yaradıcılığı yeni baxış, yeni ideya süzgəcindən keçirilir.

 

Tale elə gətirib ki, bir-birimizin şad günlərində sevincimizi qardaşcasına bölüşmüşük, kədərli günlərimizdə bir-birimizin yanında olmuşuq. İllər ötdükcə, daha yaxın sirdaş olmuşuq, əlaqələrimiz daha çox olmuş, münasibətlərimizdən və məsləhətlərimizdən daim fayda görmüşük. Ona görə də Kamal Camalov haqqında nə qədər istəsən yazıb danışa bilərəm, lakin riyaziyyatçılar lakonik danışmağı və yazmağı sevdiklərindən mən də bu ənənəyə sadiq qalmağı üstün tuturam. Həm də onun həyat və elmi-pedaqoji bioqrafiyasını nəzərdən keçirmək kifayətdir ki, onun haqqında əminliklə söz deyəsən.

 

Hər bir şəxsə (elə obyektə də) qiymət verərkən onun ikili (müsbət və mənfi) xarakterlərini təsnif və müqayisə etmək lazımdır. Halbuki, müsbət və mənfi anlayışları da dəqiq olmayan və nisbi anlayışlardır. Buna baxmayaraq, qiymətləndirmə üçün əsas meyardır. Dahilər demişlər ki, həqiqət müqayisədə meydana çıxır. Bu baxımdan Kamal Camalov üçün qiymətləndirmə aparsaq, müsbət xarakterli olmasının şahidi olarıq. Mənim fikrimcə, o, dost və qardaş üçün canını belə fəda etməyi əsirgəməz. Ancaq sevgisi boyda nifrətini də gizlədə bilməz. Bir sözlə, o dosta dost, düşmənə düşmənliyini göstərə biləndir. Yaxşı ki, həyatda heç bir düşməni yoxdur, dostları isə çoxdur.

 

Kamal müəllim həmişə əsl müəllimə, metodistə və alimə yaraşan səliqə sahmanlı tədqiqatçıdır. Ona görə də onun alimliyi haqqında çoxlu fikir söyləmək fikrindən daşınıb, şəxsiyyətini xarakterizə etmək istəyirəm.  Hesab edirəm ki, bu səliqə onun həyatının bütün sahələrinə hopmuşdur. Gözəl ailə başçısı kimi övladlarına elə tərbiyə vermişdir ki, onların da hər biri öz sahəsi üzrə atalarını qabaqlayacaqlar, böyük övladının atasının yolu ilə getdiyini bilirəm. İnanıram, onların hər biri atalarına layiq övlad olacaqlar.

 

Mənim bir sözüm var, bəlkə məndən qabaq kimsə bu fikri söyləmişdir, lakin mən onu heç yerdən oxumamışam deyə özümünkü hesab edirəm: “Kiminlə də yaxşı münasibətdə olmaq istəsən, onun ancaq gözəl xüsusiyyətlərini yadına sal qəlbində ona qarşı sevgi yaransın”.  Mən artıq bu prinsiplə Kamal müəllimlə dostluq edirəm və bundan çox məmnun oluram.

 

Sonda dostum Kamal Camalovun 50 illik yubileyində ona möhkəm cansağlığı və istədiyi ömür payını arzulamaqla dədə Şəmşirin dili ilə demək istəyirəm:

 

Şəmşir kimi gözün, könlün tox olsun,

Qaşın qələm, müjganların ox olsun.

Sənin dostun qoy hamıdan çox olsun,

Dostum, o zaman yazaram yüz tərif sənə!!!

 

Əbülfət PƏLƏNGOV,

ADPU-nun professoru, pedaqoji elmlər doktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, Əməkdar elm və texnika xadimi