Mahirə Nağıqızının yaradıcılığında Vətən məhəbbəti sonsuz və sərhədsizdir


Müasir poeziyamızın və elmimizin ən uca simalarından biri Mahirə Nağı qızı Hüseynovadır. Mahirə Hüseynova həm gözəl pedaqoq, həm istedadlı şairə, həm də vətənpərvər ziyalı, zəhmətkeş alimdir. Mahirə xanım öz şəxsi keyfiyyətlərində, əməli fəaliyyətində elmlə sənətin ən mükəmməl vəhdətini yaratmış şəxsiyyətlərdəndir. Onun yaradıcılıq aləmində elm və ədəbiyyat biri digərini güzəştə getməyəcək püxtəliyə malikdir.  Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Mahirə Hüseynova Azərbaycanın ziyalılar yurdu olan Naxçıvanda dünyaya göz açıb. Hətta gözəl bir pedaqoq kimi “İlin ən yaxşı müəllimi” adını alıb, Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Alim kimi ana dilimizin tədqiqi sahəsində çoxsaylı qiymətli əsərlər ərsəyə gətirib. Elm sahəsindəki xidmətlərinə görə “İlin alimi” Mediya mükafatını alıb. Çoxsaylı monoqrafiya, kitab və məqalələrin müəllifi olan Mahirə xanım, öz sözlərilə desək, “öyrədənlərin öyrədənidir”.

 

Mahirə Hüseynova Azərbaycan elminin inkişafına xidmət edən çox sanballı, ağır alimlərdən biridir. Onun dilçilk sahəsində apardığı tədqiqatlar və çap etdirdiyi əsərlər mühüm yenilikləri və verdiyi töhfələrilə səciyyəvidir. Alim 2012-ci ildə uğurla müdafiə etdiyi “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda dissertasiya işi ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Alimin müxtəlif mövzuları əhatə edən 26 kitab, monoqrafiya, dərslik, metodik vəsait və s. kimi əsərləri onun yaradıcılıq əhatəsini və elmi maraq dairəsini təzahür etdirir. “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızn ən böyük sərvətidir”, “Missiya”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” (S.Sadiqova ilə birlikdə) kimi əsərlərində Azərbaycan xalqının Ümummilli Lideri, fenomenal şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan həyatı və misilsiz xidmətləri milli düşüncəli alim baxışı ilə əhatəli şəkildə təqdim olunmuşdur. M.Hüseynovanın böyük zəhmətlə ərsəyə gətirdiyi “Həsən Mirzəyev və Azərbaycan dilində feil”, “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri”, “Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası”, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası”, eləcə də “Alim təfəkkürünün itiliyi”, “Dərdi dərin Həsən Mirzə” kimi əsərlərində Azərbaycan elminin üç ağır sütununu təşkil edən görkəmli alimlərimiz və onların elmimizi zənginləşdirən yaradıcı fəaliyyətlərindən bəhs edilmişdir.

 

Müəllimimiz və görkəmli alimimiz olan Mahirə xanım Hüseynovanın elmi tədqiqat və yaradıcılıq əhatəsi daha da genişlənərək Azərbaycan dilçiliyinin ən aktual, problematik sahə və məsələlərini əhatə etmiş, çoxsaylı elmi əsərlərin ərsəyə gəlməsilə nəticələnmişdir. “Aşıq və el şairlərinin fonopoetikası”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “Aşıq və el şairlərinin leksikası”, “Aşıq və el şairlərinin  üslubi  frazeologiyası (monoqrafiya)”, “Aşıq və el şairlərinin üslubi sintaksisi”, “Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti), “Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin poetikası”, “Üslubi morfologiya”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti)”, “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti”, “Dilin elmi və estetik problemləri” kimi çap olunmuş çoxsaylı əsərləri elmimizə qazandırdığı töhfələrilə diqqəti cəlb etməkdədir. Alim çox məharətlə Azərbaycan xalqının bütün mənəvi mədəniyyəti, dəyərləri və mirasını qarşılıqlı elmi-tədqiqat müstəvisində birləşdirmiş, olduqca ciddi əhəmiyyət kəsb edən nəticələrlə zəngin monoqrafiyalar ortaya qoymuşdur. Əslən Qərbi Azərbaycanımızdan olan, öz ailə taleyi ilə xalqımızın erməni zülmü ilə yaşanmış deportasiya və didərginlik həyatını sürməyə məhkum edilmiş  bu görkəmli elm adamımız yaradıcılığı və tədqiqatlarında da bu həsrətin vətəndaşlıq borcuna çevirdiyi birlik və bütövlük qayəsini mövzularında reallaşdırmış, Qərbi Azərbaycanımızın folklor, aşıq mühiti, el sənətkarlarının yaradıcılığı zəminində ana dilimizin bir sıra məsələlərini ədəbi dil tədqiqatları ilə bir məntiq müstəvisində bağlamağa nail olmuşdur.

 

Mahirə Nağıqızı həm də istedadlı, təbli bir şairədir. Elmi səriştəsi ilə sənətkarlıq səriştəsi bir-birini tamamlayaraq onu ustad şairə kimi söz aləminə tanıtmış, yaradıcılığını “haqqa çağıran söz” (İ.Həbibbəyli) olaraq yoğurmuşdur. Şairə “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, “Ana kəndim Xalxalım”, “Ömrün çıraqdır sənin”, “Sözün hikməti”, “Analı dünyam”, “Haqqa çağıran səs”, “Bayatılar”, “Bayatılar və üç şeir”, “Ruhuna beşiksə, tanı, Vətəndir”, “Salam olsun”, “Sözün daş nağılı” kimi bədii yaradıcılıq əsərləri, şeir kitabları ilə geniş oxucu kütləsi tərəfindən sevilmişdir. Mahirə Nağıqızı bir şairə kimi istedadla ərsəyə gətirdiyi əsərlərinə görə “Qızıl qələm” mükafatı almışdır.

 

Söz var su kimidir, lətafətilə, şırıltısı ilə axıb insanı özünə məftun edir, söz var daş kimidir, qaya ağırlığı daşıyır. Müasir ədəbi prosesdə öz qələmi və imzası ilə tanınmış Mahirə Nağıqızının şeriyyəti də məhz belədir: bəzən su kimi axıcı, bəzən də daş kimi ağır. Mahirə Nağıqızının qəlbinin zənginliyi, ruhunun dərinliyi, sözünün qüvvəti və əlvanlığı, məhəbbətinin məğzi, məzmunu və gücü bütün tamlığı ilə sözündə, bədii irsində əksini tapıb. Söz Tanrının bütün qüdrətini əks etdirdiyi kimi, bəndələrinin də qüvvətini özündə ehtiva edir. Şairə Mahirə Nağıqızının yaradıcılıq irsi mövzu etibarilə şaxəli, rəngarəng və əhatəlidir. Habelə yaradıcılığı üslub püxtəliyi, ifadə gözəlliyi, dil zənginliyi baxımından da özünəməxsus və mahiranədir. Şairə M.Nağıqızının bədii irsində ANA mövzusu başlıca yerdə gəlir, hər sözünün başında durur, yaradıcılığında əzəmətli bir obraz kimi canlanır. İstər Vətən, istərsə də bizi dünyaya gətirən və vətənlə bağlayan ana məhəbbəti Mahirə Nağıqızının bütün yaradıcılığının fövqündə dayanır:

 

Atamla yanaşı daş qaldırardı,

Deyərdi bu  daşlar ocaq daşıdı.

Bezmədi, qəlbində nə gücü vardı,

Anam sinəsində ocaq daşıdı.

 

Şairə ana məhəbbətindən, ana nəvazişindən məharətlə söz açır. Bütün analarımızın simasını, həyatını və s. şairə yaratdığı möhtəşəm və əzəmətli ana obrazında canlandırıb. “Çöllərdə yavanlıq axtaran”,  “daş əllərilə özünə sığal verməyə utanan və bu sığala yadırğayan”, “bütün gəlinliyini corab toxuyub, paltar yamayıb, çörək bişirib, ev təmizləyən” saçı süpürgəli, əli qabar və daş, “yalana, harama uymayan ərilə öyünən”, “daşı daş üstə qoyub, amma ürəyindən daş asmayan”, “ocaq daşı deyə sinəsinə qaldırdığı hər daşla ocaq daşıyan” möhtəşəm, əzəmətli, fədakar bir ANA obrazı, siması canlandırılıb misra-misra, söz-söz.

 

Hər əldə bir ayrı dad olduğu kimi, hər qələmdə də bir ayrı məharət var. Hər qələm öz qəlbinin, hissinin söz duyumu və dadını varaqlara tökür, sözdən mətah ortaya qoyur. Mahirə Nağıqızının şeriyyətinin elə bir mərhəmliyi, məlhəmliyi, qəlbəyaxınlığı var ki, bu qədər canayaxınlığın sirri  haqqında düşünməyə bilmirsən. Mahirə xanımın şeir dilində ana dilimizin qanadlı sözlər xəzinəsindən məharətlə istifadə edilmişdir. Şairə şeirlərindən birində yazırdı:

 

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq dənizimdə,

Sənə məhəbbətim, Vətən, bitmədi.

 

Vətənə məhəbbətin min-min sözdə ifadə tapdığı eyniyyətin orijinal, bənzərsiz bir nümunəsi qarşımızda dayanıb. Vətən siyasi cəhətdən konkret sərhədlərlə yer tapır, lakin bir vətəndaş, insan qəlbində Vətən və ona məhəbbət sonsuz, hüdudsuz, sərhədsizdir. Şairə böyük sənətkarlıq məharətilə obrazlı ifadələrini ən orijinal, özünəməxsus ifadə tapıntıları ilə əks etdirməyə müvəffəq olub. Duyumlu, analıq, bacılıq heysiyyətinə malik istedadlı şairə Mahirə Nağıqızının dərin bir qəlb göynərtisi ilə yazdığı  “Şəhid nəğməsi” şeirində ürək sızıltısı ilə milli qürur bir-birinə yovuşuq təzahür tapıb. Şairə çox məharətlə, həm də doğru ifadə edib ki:

 

Burdan yavaş gedin, astadan keçin,

Qəbirlər titrəyər, daş dinə bilər.

Bir güllə gücünə sakit olanlar,

Bir addım səsinə diksinə bilər.

 

Şairə Mahirə Nağıqızı şəhidləri “sağlığında döyüşən əsgər”, məzarlarını isə “Vətənin istehkamı” adlandırır.

 

Şairə “Şəhid nəğməsi”, “Son döyüşə hazır ol”, “Al bayrağım” və b. kimi şeirlərində vətən məhəbbəti, qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik hisslərini ülviləşdirərək ifadə edir. Vətənin qeyrətli qızı Mahirə Nağıqızı “Son döyüşə hazır ol” şeirində hələ 44 günlük Vətən müharibəsindən, şanlı Zəfərimizdən əvvəl hamı kimi özünün torpaqlarımızın işğaldan azad edilməsi haqda arzularını dilə gətirib, bu döyüşü son döyüş, Şuşaya olan səfəri müqəddəs pirimizlə görüş adlandırıb:

 

Azərbaycan əsgəri, yolun Şuşaya gedər,

O yürüşün naminə son döyüşə hazır ol!

İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,

Pir görüşün naminə, son döyüşə hazır ol!

 

Bayraq mövzusunda yazılan çoxsaylı şeirlər içərisində şairə Mahirə Nağıqızının ruhu və məhəbbəti ilə süslədiyi “Al bayrağım” adlı qiymətli şeiri nəzər-diqqəti cəlb edir. Şairə milli bayrağımızın rənglərini ruhumuzun rəng çaları kimi xarakterizə etməklə bərabər, ruhumuzu üçrəngli uca bayrağımızın dirəyi adlandırır:

 

Min illərdir içimiz rənglərini göyərdir,

Yaşamaq haqqımızın əbədi rəmzisən bir.

Ruhumuz-qəlbimizdə asılan dirəyindir,

O dirəkdə uca dur, qal, bayrağım, dalğalan!

 

Ümumiyyətlə, şairə Mahirə Nağıqızı şeriyyət dilinə çox məsuliyyətlə yanaşmış, ana dilinin bütün imkanlarından məharətlə faydalanmışdır. Çox zəngin söz tərkibi nümayiş etdirən şairə orijinal bədii məcazlar ortaya qoymuşdur. Ümumiyyətlə, şairənin yaradıcılığında Vətən sevgisi və el, torpaq, yurd məhəbbəti başlıca yer tutur. Mahirə xanımın yaradıcılığı yurd sevgisi ilə qaynayıb qovuşur. Şairə bu məhəbbəti təkcə mövzu-tematika ilə deyil, həm də ana yurdun doğma, şirin dili ilə, onun şəhdi-şəkəri, imkanlarından uğurla, məharətlə istifadə ilə nümayiş etdirir. Şairə çox təsiredici və orijinal cinaslar yaradır, təzadlar ortaya qoyur, bədii təkrirlər işlətməklə şeriyyətini əlvanlaşdırır, gözəlləşdirir və məna, hikmət verir. “Nazlı, nazlı”, “Niyə?”, “Əllərin”, “Qəlbində bir yuvam olsa”, “Gözəl”, “Həmən yol” və digər şeirlərində, sözün əsl mənasında, ustalıqla qurulmuş söz oyunu və məharətli dil istifadəsini görmək mümkündür. Həm də ayrıca bir bədii məziyyət burasındadır ki, istedadlı müəllif həm estetik cəhətdən gözəl, mükəmməl söz zənginliyi yaratmış, həm də mənaca dərin, hikmətli, yüksək obrazlılığa malik fikirlər ifadə etməyə müvəffəq olmuşdur. Hətta ustalıq nümayiş etdirən şairənin elə səkkizlik (gəraylı), onbirlik (qoşma) şeirlərinə rast gəlirsən ki, ustad el aşıqlarının şeirlərindən fərqləndirməyə çətinlik çəkirsən:

 

Dərələyəz ağır eldi,

Qədrini bilənlər bildi.

Yol gedirsən neçə ildi

Eldən elə, Nazlı, Nazlı.

 

Elə buna görədir ki, şairənin yaradıcılığı, üslubu, dili, eləcə də bədii-estetik cəhətdən mükəmməl əsərləri bir çox bəstəkarlarımızın da diqqətini cəlb etmiş, əsərlərinə nə qədər gözəl mahnılar bəstələnmişdir. “Azərbaycana”, “Azərbaycan”, “Ata Heydər, oğul İlham”, “Vətən”, “Layla çal, yatım, ana” (bəstəkarı S.Mansurova), “Ana”, “Ay ana”, “Dolanım”, “Balam” (bəstəkarı A.Səlimov) və başqaları bu gün də sevilə-sevilə dinlənən ən gözəl mahnılarımızdandır.

 

Şairənin çox təsirli məhəbbət motivli şeirləri var. Ədəbiyyatın ən başlıca mövzularından birini təşkil edən məhəbbət mövzusunda Mahirə Nağıqızının da çox orijinal nümunələri yer alıb. Ümumiyyətlə, yeni dövrün ədəbiyyat-şeir yolçularından olan istedadlı şairə Mahirə Nağıqızının “Bacarmadı”, “Səninlə açılan sabah”, “Görünür”, “Sevginin dili”, “Gözlərin”, “Sən olaydın”, “Denən məni eşq aparır” və s. kimi gözəl, məhəbbət dolusu şeirləri öz oxunaqlılığı ilə diqqəti cəlb edir.  

 

Mahirə xanım, özü demiş, “dərdilə bəxtəvər adam”, sözün ucalığına doğru yol gedən söz adamıdır. Necə deyərlər, “Mahirə gəlmədi becə dünyaya, Söz ilə yol gedər uca dünyaya”...

 

Ramiz QASIMOV,

Zülfiyyə İSMAYIL,

AMEA Naxçıvan Bölməsinin əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları, dosentlər