Hər bir ölkənin iqtisadi, siyasi və sosial fəaliyyətinin statistik hesabatlarının aparılması və bu konteksdən yola çıxaraq fəaliyyətin qiymətləndirilməsi müasir dövrün prioritet çağırışlarındandır. Məhz bu tipli göstəricilər hesabına bu və ya digər sahədə inkişaf tempini müəyyənləşdirmək olur, mövcud olan problemləri aradan qaldırmaq daha sürətli və səmərəli nəticələrə yol açır. Elm sahəsində də bu cür göstəricilərin hesablanması ölkələr və ictimai-siyasi birliklər üzrə müqayisəli təhlillərin aparılmasına bir növ yardımçı olur. Müasir dövrdə istənilən ölkədə və ictimai toplumda elmi göstəricilərin müsbət inkişafı elmin cəmiyyətə təsir mexanizminin dərk edilməsi ilə bilavasitə bağlıdır. Əgər cəmi 70-80 il bundan əvvəl elmin göstəricilərinin müəyyən edilməsi qeyri-ənənəvi problem olaraq yalnız fəlsəfi analiz müstəvisində qalırdısa, sonrakı onilliklərdə elmin fəlsəfəsi dəyişmiş, elm haqqında elm formalaşmış, elmi göstəricilər dəqiq riyazi hesablamalar, statistik təhlillər və indeksləmə hesabına aparılmağa başlanmışdır. Burada qiymətləndirmə parametrlərinin bir neçə təməl prinsipləri  vardır; müəyyən elm sahəsi üzrə dövrü elmi nəşrlərin sayı, istinad göstəriciləri və digər elmi məhsuldarlıq parametrləri qiymətləndirmə nəzəriyyəsi ilə tam bağlılıq içərisindədir. Hər şeydən öncə, qeyd edilən parametrlərin səmərəlilik dərəcəsinə diqqət yetirilməlidir. “Elmmetriya” nədir? Elmmetriya (Scientometrics) - elmin təkamülünü və vəziyyətini, o cümlədən elmi fəaliyyətin struktur və dinamikasını, elmi informasiya axınını və massivlərini çoxsaylı riyazi-statistik hesablamalar və digər kəmiyyət-keyfiyyət göstəriciləri üzrə öyrənən elm sahəsidir. Elmi informasiya - təbiət qanunları və hadisələrinin, cəmiyyət və təfəkkürün elmi dərketmə prosesi zamanı əldə olunan məntiqi təşkil edilmiş informasiyadır. Elmmetriyanı “elm haqqında elm” də adlandırmaq mümkündür.

 

Elm fəlsəfəsi nələri öyrənir:

  • * elmin fəaliyyət və inkişafının biliklər sistemi və sosial institutlar kimi qanunauyğunluqlarını;
  • * elmin digər sosial institutlar, cəmiyyətin maddi və mənəvi sahələri ilə qarşılıqlı əlaqəsini;
  • * elmi fəaliyyətin struktur dinamikasını öyrənən fəndir.

 

İnfometriyanın əsasını təşkil edən elmmetriya elmşünaslığın bir qolu kimi yeni formalaşsada, elmi məlumatların ölçülməsinə və şərh edilməsinə maraq hələ XIX əsrin ikinci yarısından, elmi statistikanın yarandığı vaxtlardan mövcud olmuşdur. Lakin elmmetriyanın müstəqil bir elm sahəsi kimi formalaşmağa başlaması az qala bir əsr sonraya, İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. Məhz o illərdə, dünyada elmə maraq kəskin şəkildə artmış, elmin müxtəlif parametrlər üzrə təhlili zamanı yaradıcı əqli məhsuldarlığın inkişafına təsir edən dayanıqlı statistik qanunauyğunluqlar (Zipf-Lotk-Pareto bölgüsü üzrə) aşkar olunmuşdur. Sonrakı illərdə Böyük Britaniyada C.Bernalın (“Elmin sosial funksiyaları”, 1939), ABŞ-da D.C.Praysın (“Elmi təhlilin kəmiyyət metodu”, 1960), SSRİ-də V.Nalimov və Z.Mulçenkonun (“Elmmetriya”, 1969) rəhbərliyi altında elmi fəaliyyətin nəticələrinin qiymətləndirilməsi üzrə müxtəlif tədqiqatlar aparılsa da, artıq qeyd etdiyimiz kimi, bu sahədə Yucin Harfildin araşdırmaları və fəaliyyətləri daha əhəmiyyətli olmuşdur. “Elmmetrik təhlil” dedikdə, elmi müəssisə və ya tədqiqatçının fəaliyyətinin 2 əsas parametr üzrə qiymətləndirilməsi başa düşülür: 1. Qiymətləndirmək istədiyimiz parametrlər üzrə, 2) Bilavasitə qiymətləndirilə bilən parametrlər üzrə. Qiymətləndirmək istədiyimiz parametrlər elmi tədqiqat İnstitutunun və ya alimin məhsuldarlığıdır. Əfsuslar olsun ki, bu parametrlər üzrə bilavasitə hesablama aparmaq çox çətindir. Başqa sözlə, məsələn bir alimin bütün elmi imkanlarını, elmi istedadını, onun müxtəlif formalarda əksini tapmış fikir və rəylərini, elmin inkişafına təkan verən ideyalarının yayılma arealını, elmi təhlillərinə, baxışlarına biblioqrafik təsvir verilmədən edilmiş istinadları və s. tam şəkildə aşkara çıxarmaq, hesablamaq mümkün deyil. Məsələn, Albert Eynşteynin “dünyada hər şey nisbidir” kəlamını elmi məqaləsində istifadə edən minlərlə tədqiqatçı yazısında həmin fikrin Eynşteynə məxsus olduğunu bildirirsə də, kəlamın əks olunduğu mənbəni ədəbiyyat siyahısına daxil etmir, əsər adı, səhifə göstərmir. Halbuki, həmin fikirdən konkret mənbəyə istinad edilərək istifadə olunsaydı, görkəmli fizikin məhsuldarlıq göstəriciləri daha fərqli olardı. Göstərici və ya indikator adlanan ikinci parametr üzrə qiymətləndirmə isə daha rahatdır. Bu zaman əsas təhlillər məqalə sayına və onlara edilən istinad göstəricilərinə görə aparılır. Yeri gəlmişkən, tədqiqatçıların nəşr aktivliyinin nəticələrini hesablamaq üçün müxtəlif elmi-statistik təşkilatların, ayrı-ayrı fiziklərin, riyaziyyatçıların, linqvistlərin və s. özünəməxsus metodları var. Biz həmin metodları 2 qrupa bölməyi daha məqsədəuyğun hesab edirik: 1.Lokal hesablama metodu; 2.Qlobal hesablama metodu. İstənilən elm və ya təhsil müəssisəsi heç bir elmmetrik bazaya, indikatora əsaslanmadan öz əməkdaşlarının məqalə statistikasını apara, toplanmış informasiyanı qiymətləndirə bilər. Elə tədqiqatçının özü də öz məqalələrinə edilən istinadları adi bibliometrik müşahidə yolu ilə axtarıb tapa, şəxsi istifadə üçün bundan yararlana bilər. Biz bunu lokal hesablama üsulu adlandırırıq. Belə özünəqiymətin nəticəsi bu və ya digər elmi müəssisənin, alimin reytinqini ancaq özü üçün faydalı edə bilər. Məsələn, elmi əxlaqa riayət edən  məhsuldar bir alimin 10 monoqrafiyası, 200-dən artıq elmi məqaləsi varsa və məsələn, lokal hesablama yolu ilə onun işlərinə yerli elmi jurnallardan 500-dən artıq istinadın olduğu təsbit olunubsa, bu, o deməkdir ki, həmin tədqiqatçı lokal coğrafiyada (öz ölkəsində) təmsil etdiyi elm sahəsinin aparıcı alimidir. Lakin heç kəsə sirr deyil ki, qloballaşan dünyada mədəniyyətlərarası, cəmiyyətlərarası inteqrasiya təkcə milli identikliyi qorumaqla dünyəvi dəyərlərin yaranmasında iştirak etmək deyil, həm də beynəlxalq səviyyədə elmi biliklərin mübadiləsi, elmi fəaliyyət nəticələrinin tutuşdurulması, müqayisə edilməsi, hamı tərəfindən qəbul olunan şəkildə təftiş edilib qiymətləndirilməsidir. Hazırda dünyada elə bir ictimai-mədəni, elmi-intellektual, sosial-iqtisadi fəaliyyət sahəsi tapılmaz ki, orada yalnız lokal, tam təcrid edilmiş yanaşmalar, hesablamalar, həllər tətbiq olunsun. İqtisadiyyat, maliyyə, standartlaşdırma, elm, kino, ədəbiyyat, musiqi, bir sözlə, istənilən fəaliyyət sahəsində beynəlxalq qiymətləndirmənin olması onu göstərir ki, fərdlər və ya müəssisələr özlərinə beynəlxalq reytinq, əmsal təyin edə bilməzlər.

 

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə aparılan uğurlu islahatlardan danışarkən təkcə milli təhlillərə söykənmir, eyni zamanda Dünya Bankının “Doing Business” adlanan hesabatlarına da istinad edir və o əsasda bildirir ki, Azərbaycan inkişaf templərinə görə dünyada ən yüksək yerlərdən birinə - 25-ci yerə yüksəlib. Yəni sadəcə özünüqiymətləndirmə, refleksiya ilə bütün dünyanın qəbul edəcəyi göstəriciləri təsbit etmək mümkün olsaydı, istənilən ölkə özünü sosial-iqtisadi cəhətdən ən güclü elan edərdi. Nəşr göstəriciləri dəqiq elmmetrik qiymətləndirmənin təməl bazasıdır. Elmin sistemli təhlili, prinsipcə, istənilən semiotik obyektlər üzərində aparıla bilər, çünki onların davranışındakı fərqlər keyfiyyət deyil, kəmiyyət xarakterlidir. Eyni zamanda, elmi nəşr semiotik obyekt kimi bir sıra sabit xüsusiyyətlərə malikdir. Vacib olan fakt budur ki, elmi arxiv insan yaddaşından fərqli olaraq, elmi fəaliyyətin bütün məhsullarını özündə saxlayır, monoqrafiya və elmi jurnalların fayllarından istifadə etməklə elm həyatının istənilən dövrünün mənzərəsini bərpa etməyə imkan verir. Eyni zamanda nəşrlərarası əlaqələr, bəzi nəşrlərin digərlərinin yaranmasındakı iştirakı, nəşrlərin elm adamları, jurnallar, elm sahələri, ölkələr üzrə qeyri-bərabər paylanması, həmçinin, etibarlı və dolğun material üzərində bir çox digər kəmiyyət göstəricilərinin araşdırılmasının mümkünlüyü elmi nəşrləri elmmetriyanın əsas tədqiqat obyektinə çevirir. Məhz nəşr göstəriciləri istənilən ölkənin bu və ya digər elm sahəsində üstünlüklərini aşkar etməyə kəmiyyət etibarilə imkan verir. Burada xüsusilə qeyd etmək lazımdır ki, elmmetrik hesablamalar təkcə bu və ya digər ölkənin elmi göstəricilərini deyil, zamanın çağırışlarına uyğun olaraq hansı elm sahəsinə daha çox tələb duyulduğunu da müəyyən etməyə imkan verir. Elmi nəşrlər eyni zamanda müxtəlif ölkələrin alimləri arasında istinad meyarlarına görə də qarşılıqlı əlaqələrin yaranmasına və inkişafına təkan verir. Elmmetriya sahəsində müəyyən nəzəri və praktiki problemlər qalmaqdadır.

 

Hər bir elm sahəsində olduğu kimi, elmmetriyada da müsbət amillərlə yanaşı, bir sıra mənfi xüsusiyyətlər də yer almaqdadır. Bu problemi bir neçə istiqamətdə ələ almaq mümkündür. İlk öncə qeyd etməliyik ki, elmmetriya kəmiyyət üzərindən keyfiyyət ölçümünə daha çox diqqət yetirməkdədir. Yazılmış hər hansı bir elmi nəşrin elmmetrik göstəricilərində dəqiq hesablamalarla yanaşı, subyektiv amillər də yer ala bilər. Elmmetriyanın qiymətləndirmə nəzəriyyəsi ilə sıx əlaqədə olduğunu nəzərə alsaq, burada nəşrlərin sayı və tematikası, biblioqrafik istinadlar, mətnin həcmi və digər amillər əsas götürülür. Bu da bir sıra keyfiyyət göstəricilərinə mənfi təsir göstərə bilər. Örnək olaraq, hər hansı bir elmi sahə üzrə qələmə alınmış qısa və lakonik məqalə, alimin tamamilə yeni fikir və nəzəriyyələrinə yol aça bilər. Bu da elmin daha sonrakı inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Çünki bir elmi kəşf yaranmamışdan öncə, onun ətrafında müəyyən nəzəriyyə formalaşır ki, bu da bir neçə alimin eyni məsələ ətrafında yaradıcı düşüncəsi ilə meydana gələ bildiyi kimi, hər hansı təbii katalizator sayəsində fərdi olaraq da formalaşa bilər. Məsələn, alovun kəşfi bir sıra inqilabi yeniliklərə yol açdığı zaman, bu inqilabi yeniliklərin kəmiyyət göstəricilərinin hesablanması keyfiyyətə elə də təsir göstərmədiyi kimi, müasir dövrdə də bir sıra elmi kəşf və ixtiralar fərdi hal olaraq meydana gələ bilir. Həmçinin, müasir dövrdə elmmetrik göstəricilərdə daha çox təbiət və dəqiq elmlər sahəsində yüksək qiymətləndirmə meyarları əldə edilir ki, bu da humanitar və ictimai elmlərlə təbiət və dəqiq elmlər arasında böyük bir fərqin meydana gəlməsinə səbəb olur. Örnək olaraq, dövrün ultramüasir elmləri sırasında molekulyar biologiya, kibernetika, informatika və s. ilə uzlaşmış şəkildə riyaziyyat, fizika, kimya və biologiya elmləri üzrə elmmetrik göstəricilər çox yüksək olduğu halda, ədəbiyyatşünaslıq, dilçilik, fəlsəfə, folklor və digər sahələrdə kəmiyyət göstəriciləri o qədər də əhəmiyyətli dərəcəyə çatmamaqdadır. Bu amili zamanın tələbi olan elm sahələri ilə izah etmək olar; Məsələn, iqtisadiyyat, arxeologiya, politologiya, psixologiya, sosiologiya, pedaqogika və s. ictimai elmlərə də tələbat yüksəkdir. Ancaq unutmaq olmaz ki, hər bir ölkənin, dövlətin ən mühüm milli təhlükəsizlik qarantı olan strateji insan kapitalının formalaşmasında milli-mənəvi dəyərlərin öyrənilməsinə zəmin yaradan ictimai elmlərin də rolu az deyil. Bir faktı da qeyd etmək lazımdır ki, Web of Science bazasında qeyd edilən humanitar və ictimai elmlər üzrə ayrıca sitat gətirmə istinad indeksi (A&HCI) mövcuddur. Elmmetriyanın praktiki problemlərinə isə İmpakt faktoru meyarı ilə bağlı bir sıra amillər daxildir. Bəllidir ki, kimi İmpakt faktoru elmi jurnalların göstəricilərinin üçillik dövr üzrə (bəzi hallarda ikiillik) hesablanmasına əsaslanır. Burada mövcud olan mənfi amillərdən ən başlıcası tədqiqatın keyfiyyəti ilə bağlıdır. İstənilən elmi jurnala istinad sayı və nəşr göstəricisi bu keyfiyyətə təsir göstərməyə bilər. Daha öncə qeyd etdiyimiz elm sahələri arasındakı göstərici fərqi impakt faktoruda aiddir. Məsələn, biologiya sahəsinə aid jurnalların İmpakt faktoru filologiyaya aid jurnalların İmpakt faktorundan daha yüksək olur. Son otuz ildə İmpakt faktoru yalnız bir müəssisə (Thomson Reuters Scientific) tərəfindən hesablanır ki, bu da rəqabətlilik baxımından həmin göstəricilərin obyektivliyini şübhə altına alır. Son dövrlər bir sıra tədqiqatçılar (Lariviyer, Kyermer, Teylor, Paterson, Kallavey) elmi jurnalın İmpakt faktoru göstəriciləri ilə bağlı kəmiyyət hesablamasının bir sıra hallarda keyfiyyətə tərs mütənasib olması haqqında bəyanatlarla çıxış edirlər. Bu fikri müdafiə edənlərin sayı isə artmaqdadır. Bütün bunlara baxmayaraq, elmmetriyanın müasir elmin inkişafında rolu danılmazdır və dünyada sistemli bir mexanizm üzrə hərəkət etməsinə bilavasitə təkan verən əsas meyarlardan biridir.

 

Təqdirəlayiq haldır ki, son illərdə Azərbaycanda da elmmetriyanın mahiyyəti, tarixi, qloballaşan dünyanın çağırışları sahəsində ölkəmizdə qarşıda duran vəzifələrə dair akademik Rasim Əliquliyevin rəhbərliyi ilə müəlliflər kollektivi (Rasim Əliquliyev, Təhmasib Fətəliyev və Rəhilə Həsənova) “Elmmetriya: mövcud vəziyyətləri və imkanları” adlı çox dəyərli kitabça nəşr edilmiş, ilk dəfə olaraq elmmetriya ilə bağlı qiymətli fikirlər elmi ictimaiyyətə çatdırılmışdır.

 

Ölkəmizdə elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda, 2015-ci ildə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Clarivate Analytics” şirkəti və Təhsil Nazirliyi arasında  bağlanmış sazişə əsasən, ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science” elmi məlumat platformasına çıxışının təmin edilməsi ilə başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında isə son 4 ildə 68 faiz artım qeydə alınmışdır. Nəşr  aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxmışdır. 2017-ci ildə nəşrlərin  sayı 1160 olmaqla son 25 ilin ən yüksək göstəricisi qeydə alınmış, onların, təxminən, 43 faizi ali təhsil müəssisələrinin payına düşmüşdür. Bununla belə, bu sahədə mövcud olan potensial imkanlardan daha səmərəli istifadə istiqamətində səylər daha da gücləndirilməlidir. Sevindirici haldır ki, həmin sazişin davamı olaraq 2018 - ci ilin dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics”şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Bu müqavilə mövcud əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi, “Web of Science @” platformasının rusdilli elmi nəşrlərin bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən İnCites platformasına çıxışın təmin edilməsini nəzərdə tutur.

 

Azərbaycanda elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmmetrik  bazası olan Web of Science - e çıxışı nəticəsində elmi məhsuldarlıq artmış, elmi tədqiqat işlərinin effektivliyi yüksəlmişdir. Təkcə 2018-ci ildə Azərvaycan üzrə 1482 elmi tədqiqat işi qeydə alınmışdır (son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi).

 

Bu sahədə uğurlu fəaliyyətin davam etdirilməsi məqsədilə dünyanın ən böyük elmmetrik bazası olan “Scopus”a çıxış üçün Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ilə həmin şirkətin təmsilçisi olan “Elsevıer” şirkəti arasında müqavilə 14 iyun 2023-cü ildə imzalanıb.

 

Azərbaycanda elmmetrik göstəricilərin ümumi aspektləri yeni qlobal çağırışlar qarşısındadır.

 

Azərbaycan elminin müasir elmmetrik göstəriciləri istər elm sahələri baxımından, istərsə də hüquqi aspektdən dünyada mövcud olan elmmetrik göstəricilərlə uzlaşmaqdadır. Ölkəmizin sovet elmi mirasından yola çıxaraq, müasir qlobal elmi çağırışlara uyğun şəkildə formalaşması üçün istər qanunvericilik baxımından, istərsə də elmi mühit tərəfindən bir sıra yeni islahatlar aparılmaqdadır. Bu islahatlar içərisində Azərbaycan elminin elmmetrik göstəricilərinin yaxşılaşdırılması mühüm yerlərdən birini tutur. Bu göstəricilərin ümumi aspektlərini müəyyən etmək üçün bir neçə metod və yanaşmaya müraciət etmək lazımdır. Bunlar içərisində inteqrativ yanaşma əsas faktorlardan biridir. Azərbaycan elminin qlobal elmə inteqrasiyası zamanı bir sıra amillər mütləq nəzərə alınmalıdır: ölkəmizdə uzun müddət formalaşmış elmi identikliyin qorunub saxlanılması, elmi məlumat baza sisteminin təkmilləşdirilməsi, baza formalaşdırarkən digər ölkələrin son illərdə tətbiq etdiyi mütərəqqi yeniliklərdən istifadə imkanları və s. Məsələn, qardaş Türkiyədə akademik qurumların bir-birilə sıx təmasını həyata keçirmək, eyni zamanda dünya elminə səmərəli inteqrasiyasını təmin etmək üçün Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) nəzdində Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi (ULAKBİM) yaradılmışdır. Bu Mərkəz Türkiyədəki bütün akademik müəssisələri bir-biri ilə və qlobal tədqiqat şəbəkələri ilə birləşdirən Milli Akademik Şəbəkə infrastrukturunu idarə edir və bu şəbəkə üzərindən tədqiqat və inkişaf meyarlarını müəyyənləşdirir. Ötən əsrin 90-cı illərində yaradılan bu qurum günümüzdə Türkiyənin 100-dən çox ali təhsil ocağında 1300-dən artıq tədqiqatçıya müasir tədqiqatlar aparmağa imkan verən Türk Milli Elmi Elektron infrastrukturuna sahibdir. Bu qurum xüsusilə qlobal pandemiya dövründə distant təhsil, eləcə də qarşılıqlı elmi araşdırmaların onlayn platforma üzərindən aparılmasına geniş imkanlar yaratmışdır. Azərbaycan da qardaş ölkənin bu elektron elmi sistemindən istifadə edərək, müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində bənzər mexanizmə sahib ola bilər. Yaxın gələcəkdə bu amil Azərbaycan elminə xarici investisiyaların cəlb olunmasında önəmli rol oynaya bilər.

 

Elmmetrik göstəricilərin ümumi aspektlərinə digər yanaşma müqayisəli-təhlil metodundan istifadədir. Azərbaycan elmi ötən əsrdə 70 ilə yaxın bir müddətdə vahid nəhəng sovet elmi sisteminin tərkib hissəsi kimi inkişaf etsə də, müstəqil Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 2015 və 2018-ci illərdə “Clavirate Analytics” şirkəti arasında bağlanmış saziş dünyanın bir çox elmi nailiyyətlərinə öz mühüm töhfələrini vermişdir. Məhz bununla əlaqədar olaraq, müqayisə və təhlil apararkən öncə, postsovet ölkələrinin müstəqillik illərində paralel inkişaf parametrlərinə nəzər salmaq lazımdır. Rusiya Federasiyasında dünya indeksasiya sistemlərindən biri olan Rusiya Elmi İstinad İndeksi (RİNS) yaradılmışdır. Bu indeksin “Web of Science” və “Scopus” indeks bazaları ilə bir sıra fərqli və oxşar cəhətləri vardır. Oxşar müəyyənləşdirmə metodlarına elmi nəşrlərinin axtarılması, alimin istinad indeksinin müəyyən edilməsi, təşkilatın nəşrlərinin axtarılması, alimin “Hirş indeksi”-nin müəyyən edilməsi, jurnalın “İmpakt faktoru”nun təyini və digər metodlar daxildir.

 

Azərbaycanda da müəyyən daxili platforma üzərində elmi istinad indeksinin yaradılması, daha sonra bu platformanın qlobal istinad indeksləri ilə müqayisəli şəkildə inkişaf etdirilməsi mümkündür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yaxın günlərdə açıqlanan Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə AMEA-nın üzvlərinin “Google Scholar”da “Hirş indeks”-lərinə nəzər saldıqda ən yüksək H-indeks-in 35 olduğunu görmək mümkündür. Digər elm sahələri üzrə göstəricilər açıqlanmasa da, bu göstəricilərin ümumi nisbətdə daha aşağı ola biləcəyini ehtimal etmək mümkündür. Burada bir neçə vacib məqam vardır: xarici dil biliyinin, xüsusilə ingilis dilindən istifadənin inkişaf etməməsi, həmçinin, daha əlçatan olması baxımından alimlərimiz məqalələrini əsasən yerli jurnallarda nəşr etdirirlər ki, bu jurnalların böyük əksəriyyəti dünya indeksləşdirmə məlumat bazalarına daxil deyildir; nisbətən qısa müddətdə verilənlər bazasında qeydiyyata alındıqlarından xarici həmkarları ilə rəqabət aparmaq qeyri-mümkün olur; bəzi indeks bazalarının tətbiq etdiyi yüksək abunəlik haqqına görə (istər elm sahəsi üzrə digər məqalələrin oxunması, istərsə də yeni məqalələrin yerləşdirilməsini də nəzərə alsaq) beynəlxalq istinad sistemlərinə qoşulmaq o qədər də həvəsləndirici görünmür. Azərbaycanın elmmetrik göstəricilərinin müəyyən olunduğu digər sahə yerli jurnalların İmpakt faktoru amilidir.

 

Azərbaycanın hazırda ən yüksək reytinqə malik impakt faktor-lujurnalı “Applied and Computational Mathematics” jurnalıdır ki, beşillik ortalama İmpakt faktoru 3.172, “Scimago” jurnal reytinqi üzrə ən yüksək göstəricisi isə 1.130-dur (2021). Ümumilikdə bu göstərici bazasında (2021-ci il üzrə) 11 Azərbaycan jurnalı yer alır ki, bunlardan ikisi Q1 kateqoriyalı, ikisi Q2 kateqoriyalı, biri Q3 kateqoriyalı, beşi Q4 kateqoriyalı, biri isə kateqoriyasız jurnaldır. Ümumiyyətlə, ölkəmiz 138 h-indeksi ilə 242 ölkə və birlik arasında 94-cü yerdə qərarlaşır ki, bu göstəriciyə görə postsovet ölkələri arasında Qırğızıstan, Tacikistan, Türkmənistan və Moldovanı qabaqlayır.

 

Qeyd edilən amillər Azərbaycanın elmmetrik göstəricilərinin yaxşılaşdırılması istiqamətində zəruri addımların atılmasına ehtiyac olduğunu göstərməkdədir. Hesab edirik ki, burada ilk mühüm məqam elmi tədqiqatların mobilliyinin artırılmasıdır. Eyni elm sahəsi üzrə tədqiqatların daha çevik və sürətli aparılması üçün ali təhsil müəssisələri çərçivəsində müxtəlif elmi mərkəzlərin yaradılması və mövcud mərkəzlərin fəaliyyətinin genişləndirilməsi, vahid elektron resurs habının yaradılması bu istiqamətdə atılacaq mütərəqqi addımlardan hesab oluna bilər. Eyni zamanda elmmetriya ilə bağlı praktiki təlimlərin aparılması, alimlərimizin bu istiqamətdə bir sıra beynəlxalq treninqlərdə iştirakına şərait yaradılması da məqsədəuyğun olardı. Azərbaycanda qələmə alınan elmi əsərlərin sayı, növü və yayılması ilə bağlı bibliometrik indikatorların empirik tədqiqinə töhfə verə biləcək əsərlərin qələmə alınması, bu sahədə digər dillərdə olan əsərlərin ana dilimizə tərcümə edilərək yayılması da mühüm şərtlərdən biridir. Azərbaycanın elmi tədqiqatlarının qlobal akademik dil bazasına uyğunlaşdırılması üçün xarici dildə praktiki biliklərə yiyələnməkdən əlavə, dünya elminə faydalı olan elmi əsərlərin xarici dilə tərcüməsi ilə bağlı stimullaşdırıcı dəstəyin verilməsində mühüm rolu vardır.

 

Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri (“1.4. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının  tətbiqi”) - də birbaşa elmmetriyaya xidmət edir.

 

Elmmetrik bazalarla yenicə tanış olan və bu bazaların istər yerli, istərsə də beynəlxalq müstəvidə təhlilinə qatılmağa çalışan bir sıra ölkələr bu prosesin sürətləndirilməsi üçün müəyyən təkliflər irəli sürür. Bu təkliflərdən biri avtomatlaşdırılmış sistem-idrak təhlilinin elmmetrik göstəricilərin yer aldığı bazalara tətbiq olunmasıdır. Bu təklifin praktiki tərəfi informasiya-kommunikasiya texnologiyaları ilə bağlı olsa da, nəzəri tərəfi mütləq mənada alimlərin fəlsəfi-empirik və epistomoloji görüşlərinə də dayanır. Belə ki, elmi göstəricilərin hansı meyarlar əsasında təyin olunması sadaladığımız bir sıra subyektiv səbəblərdən dolayı mütləq mənada yalnız riyazi hesablamalara dayana bilməz. Bu zaman keyfiyyət anlayışı alqoritm üzərində qurulacaqdır.

 

Qlobal müstəvidə Azərbaycanın elmmetrik göstəricilərinin birqütblü olaraq (əsasən Qərb institutlarına istinadən) inkişaf etməsini önləmək üçün daha bir elmmetrik platformadan çıxış etməsi də zəruridir. Belə bir təşəbbüs 2008-ci ildə İslam Ölkələri Təhsil Nazirlərinin Bakıda keçirilən IV toplantısında İslam Dünyasının Elmi İstinad Mərkəzinin yaradılması ilə irəli sürülmüşdür. Dünyanın aparıcı istinad sistemlərindən hesab olunan həmin Mərkəzin istinad sistemi alternativ istinadların mümkünlüyünü də ortaya qoymaqdadır. Bu təşəbbüsdən yola çıxaraq Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına bağlı olan yeni bir elmmetrik mərkəzin yaradılması və vahid istinad sisteminin qurulması elmmetrik göstəricilərin daha şəffaf və səmərəli aparılmasına böyük ölçüdə fayda verə bilərdi. Belə bir vahid konsepsiyanın hazırlanması həm Azərbaycan alimlərinin dəyərli tədqiqatlarının dünya arenasına  çıxarılmasına, həm də yeni elmmetrik terminlərin yaranması və formalaşmasına təkan verə bilər.

 

İnanırıq ki,XXI əsrin qlobal çağırışlarından biri olan elmmetriya kimi faydalı elmi güc platforması yeni yanaşma metodları ilə dünya alimlərinin elmi mübadilə potensialını qat-qat gücləndirəcəkdir. Saxta mənbələrin, istinadların dəqiq aşkarlanması, gələcəkdə müxtəlif tədqiqatçıların fərdi meyarlarla ələ aldığı jurnal və məqalələrlə bağlı araşdırmaların (Cefri Bill, Con Boannon) daha obyektiv göstəricilər əsasında müəyyən edilməsi elmin kəmiyyət, kəmiyyət üzərindən keyfiyyət və üstün keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılmasına yol açacaqdır. Yekun olaraq əldə edilən nəticə budur ki, müasirAzərbaycan elmi mühitinin dünyaya açılan pəncərəsi məhz qlobal elmmetrik inteqrasiyadan başlamaqdadır.

 

Son illərdə ölkə Prezidentinin sərəncamı ilə AMEA-nın dəqiq və təbiət elmləri bölmələrinin ETN-ə verilməsi bu istiqamətdə mühüm addım kimi dəyərləndirilməlidir. İnanırıq ki, bu amil ölkəmizdə elm və təhsilin dünyaya inteqrasiyasına, elmmetriyanın davamlı inkişafına böyük töhfə verəcəkdir.

 

Hümeyir ƏHMƏDOV,

Pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü, RTA-nın Əməkdar elm və təhsil xadimi Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri